Şrift:
Ərdoğan və Putin Astanada görüşüb
04.07.2024 [10:15] - Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

Adı çəkilən ölkənin lideri bu təklifi rusiyalı həmkarı ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində keçirdiyi görüşdə səsləndirib.
Kreml rəhbəri Türkiyə Prezidentinin səfər təklifini qəbul edib. V. Putin mövcud qlobal problemlərə rəğmən hər iki ölkə arasında illik ticarət dövriyyəsinin 55 milyard dollara çatdığını bildirib:

"Bütün çətinliklərə baxmayaraq, qarşılıqlı ticarət dövriyyəsi getdikcə artmaqdadır. Rusiya ilə Türkiyə arasındakı ortaq layihələr plana uyğun olaraq həyata keçirilir. Biz bu məqsədlə Türkiyəli tərəfdaşlarımızla mütəmadi olaraq fikir mübadiləsi aparırıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiyanın dövlət başçısını dəyərli dostu adlandırıb və bu günədək bir neçə dəfə telefon vasitəsilə müzakirə apardıqlarını diqqətə çatdırıb.

O həmçinin illik ticarət dövriyyəsinin göstəricisini 100 milyard dollara yüksəldilməsini hədəflədiklərini açıqlayıb. Bildirib ki, xüsusilə də nüvə enerjisi sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur:

"Nüvə enerjisi sahəsində əməkdaşlıqla bağlı ciddi addımlar atacağıq. Hazırda nümayəndələrimiz arasında Sinopdakı Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparılır. Bu məsələ ilə bağlı Enerji və təbii sərvətlər nazirimiz Rusiya təmsilçiləri ilə müzakirələri davam etdirir. İlk hədəfimiz “Akkuyu” Atom-Eelektrik Stansiyasının fəaliyyətini təmin etməkdir. 55 milyard dollarlıq ticarət dövriyyəsi bizi qane edə bilməz. Əsas hədəf bu rəqəmi 100 miyarda çatdırmaqdır. Turizm sahəsində də əməkdaşlığın genişlənməsi, Türkiyəyə daha çox Rusiyalı turistin səyahət etməsi bizim üçün vacibdir. Yetər ki, ruslar Türkiyədən məmnun qalsınlar” - Ərdoğan belə deyib.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed