Şrift:
Fərəc Quliyev:Paşinyan hökuməti Azərbaycanla sülhün bağlanmasında maraqlıdır
02.08.2024 [11:06] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Müəyyən güclər bölgədə tam oturuşanadək bu cür təhdidlər və təzyiqlər olacaq

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-də amerikalı rəsmilərlə Ermənistanla sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar. E.Əmirbəyov təmasda olduğu şəxslərə Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib. Türkiyənin xarici işlər naziri Hakan Fidan da Azərbaycanla Ermənistan arasında görüşlərin davam etdiyini və münasibətlərin normallaşacağı təqdirdə Türkiyənin ssenarisinin işə düşəcəyini vurğulayıb. Əslində, Avropa İttifaqı ilə ABŞ-nin sülh vasitəçiliyi və sonrakı vasitəçisiz təmaslar, ikitərəfli görüş və müzakirələr müəyyən mərhələdə müsbət nəticələr vermişdi. Son günlər Qərb tərəfləri sülhə gəlmək üçün tələsdirir. Təbii ki, sülhün əldə olunmasını Azərbaycan hamıdan daha çox istəyir və buna çalışır. Amma Azərbaycan beynəlxalq hüquqa, mövcud norma və qaydalara uyğun öz hədəflərinə nail olmadan sülh sazişini imzalamayacaq. Yəni sülh prosesinin sonunda hansısa sənədin imzalanması formal xarakter daşımamalıdır. Real və konkret addımlar atılmalıdır. O cümlədən, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Təəssüflər olsun ki, bu məsələ İrəvan tərəfindən müəyyən çətinliklərlə müşayiət olunur. Rəsmi İrəvan Azərbaycanın sülh danışıqlarında konstitusiyasında dəyişikliklə bağlı tələbi qəbul etməyəcəyini bildirir. Baş nazir Nikol Paşinyan konstitusiyaya dəyişikliyin 2026-cı ilin dekabrına qədər tamamlanması barədə tapşırıq verib. Belə çıxır ki, həmin vaxtadək Ermənistan bu tələbi yerinə yetirmək niyyətində deyil. Bakı isə bu şərtin yerinə yetirilməsini, ərazi iddialarının aradan qaldırılmasını israrla və haqlı olaraq tələb edir. Bu məqamlar sülh sazişi ilə bağlı hər hansı sənədin, niyyət protokolunun imzalanmasını yubadır. Elə danışıqları dalana dirəyən də Ermənistan hakimiyyətinin bu məsələdə qeyri-müəyyən mövqeyi və mənasız inadıdır. Ermənistanın açıq-aşkar silahlanması və şərti sərhədlərdə təxribatları artırması da başqa bir problemdir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a deyib ki, sülhün əldə olunmasının önündəki əsas problemlərdən biri Ermənistanın həddindən artıq ölkənin əlində alətə çevrilməsidir. Partiya rəhbəri vurğulayıb ki, Ermənistan bazara çıxarılan bir məhsuldur, amma problem ondadır ki, Ermənistanı bazara çıxaranlar ermənilər yox, kənar dairələrdir:

"Bu ölkəyə sahib çıxmaq istəyənlər, onu əllərində vasitə kimi saxlamaq niyyətində olanlar çoxdur. Vəziyyət dəyişdikcə Ermənistan əldən-ələ düşür və onun sahibləri hadisələrə uyğun fərqli şərtləri gündəmə gətirirlər. Ermənistan Cənubi Qafqazda marağı olan ölkələrin əlində oyuncaq kimi istifadə olunur. Ona görə də İrəvan hökumətinin dilindən bir-birini təkzib edən, bir-birinə zidd açıqlamalar, bəyanatlar səslənir. Həmçinin ritorikası tez-tez dəyişir. Səbəbi də odur ki, ortada Ermənistanın özünə xas iradəsi yoxdur".
Fərəc Quliyevin fikrincə, əslində, Paşinyan hökuməti Azərbaycanla sülhün bağlanmasında maraqlıdır. Amma ona imkan vermirlər: "Müəyyən güclər bölgədə tam oturuşanadək bu cür təhdidlər və təzyiqlər olacaq. Ermənistan Azərbaycana qarşı müharibə aparmaq gücündə deyil. Ermənistanı silahlandıranlar da bunun fərqindədir. Sadəcə olaraq ondan alət kimi faydalanırlar. Bakı da baş verənləri yaxşı görür. Bilir ki, Ermənistan tərəfi öz mövqelərini sərbəst, milli iradəsinə uyğun şəkildə ifadə etmək imkanına sahib deyil. O səbəbdən İrəvandan faktiki əməllərlə məsələyə münasibət sərgiləməsi istənilir. Azərbaycan Prezidenti məhz buna görə Ermənistandan tələb edir ki, mövcud konstitusiyasını dəyişdirsin. Əgər gələcəkdə İrəvan kənar güclərin təsiri ilə öz mövqeyindən geri dönərsə, imzalanmış sənəd kağız parçasından başqa bir şey olmayacaq. Bunun yaşanmaması üçün Ermənistandan məsələyə köklü şəkildə yanaşma tələb olunur. Azərbaycanın mövqeyi, tələbləri, yanaşması qəti və konkretdir".
Sabiq deputatın qənaətincə, Ermənistan özünü elə vəziyyətə gətirib çıxarıb ki, bu dövləti proqnozlaşdırmaq mümkün olmur. Ekspertə görə, əvvəlki dönəmdə İrəvan hakimiyyəti daha konkret idi: "Ermənistanda hazırda həm ABŞ-nin, Avropa Birliyinin, həm də Rusiya və Hindistanın gücü var. Bir çox dövlətin Ermənistanda hətta hərbçiləri də mövcuddur. Hərbi məsələ prosesin görünən hissəsidir və bunun alt qatında birbaşa siyasət dayanır. Bir ölkənin daxilində müxtəlif siyasətlər varsa və bölgə uğrunda mübarizə gedirsə, Ermənistanın zaman-zaman kənar güclərin təzyiqinə məruz qalması, ona təqdim olunan kökəyə görə mövqeyini dəyişməsi mümkündür. Prinsip etibarı ilə bunların heç biri Azərbaycanın mövqeyini dəyişməyəcək. Ermənistanın günün birində Azərbaycanla sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmayacaq. Ankara-İrəvan arasında təmaslar, nümayəndələrin görüşləri, müzakirələr, müəyyən anlaşmalar da buna gedən yoldur. Hesab edirəm ki, Türkiyə-Ermənistan rəsmilərinin müzakirələrində Azərbaycan amili mütləq şəkildə nəzərə alınır. Yaxşı olar ki, Ermənistan ona öz maraqları üçün təsir göstərən kənar dövlətlərin sayını azaltsın. Çox geniş dairənin içində oynamaq Ermənistan üçün baha başa gələr. Güman ki, Ermənistan zamanla bu həqiqəti dərk edəcək və üzərinə düşən addımları atacaq. Ola bilər ki, sülh müqaviləsinin imzalanması geciksin, amma son nəticədə Azərbaycanın maraqlarına uyğun sazişin əldə olunacağına qətiyyən şübhəm yoxdur".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 2540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed