Şrift:
Fərəc Quliyev:ABŞ-nin Ermənistana silah, sursat, hərbi texnika daşıması regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət etmir
16.08.2024 [10:54] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Qərb Ermənistanı silahladırmaq yox, tərkisilah olunmasına çalışmalıdır”.

Bu sözləri Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Cebheinfo.az”-a açıqlamasında Qərbin Ermənistanı silahlandırmaqda məqsədlərini şərh edərkən bildirib.


Onun sözlərinə görə, ABŞ-nin Ermənistana silah, sursat, hərbi texnika daşıması regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət etmir:

“Düzdür, istənilən bir ölkə digə ölkə ilə münasibətlər qura bilər. Heç kəs buna mane ola bilməz. Amma nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasında hələ sülh sazişi imzalanmayıb və münasibətlər qurulmayıb.

Eyni zamanda, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində vasitəçi bir ölkə olub. Nəzərə almalıdır ki, Ermənistan təcavüzkür bir dövlət olub və 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb.

Postmünaqişə dövründə Ermənistanın 30 il ərzində Azərbaycana vurduğu zərərin qarşılığında təzminat ödəməsini təmin etmək əvəzinə Qərb ölkələri Ermənistanı silahlandırırlar. Halbuki İraq vaxtı ilə təcavüz etdiyi Küveytə təzminat ödəməyə məcbur edilib.

Hətta İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya tamamilə tərkisilah edildi. Təəssüflər olsun ki, Ermənistan məsələsində fərqli yanaşma sərgilənir. Bu, riyakar bir yanaşmadır.

Ermənistana hərbi yardımın göstərilməsi doğru deyil. Dünyada özünü sülhpərvər, demokratiya və ədalət uğrunda mübarizə aparan dövlət olduğunu nümayiş etdirən ABŞ Cənubi Qafqazdakı prosesləri düzgün və doğru qiymətləndirməlidir. Ermənistanın silahlanmasına imkan verməməlidir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar var.

O ki qaldı ABŞ-nin Ermənistanda son addımlarına, sözsüz ki, Vaşinqton hər vasitə ilə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxardıb öz təsir dairəsinə qatmaq istəyir. Bununla yanaşı, ABŞ Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqeyini formallaşdırmaq, proseslərə müdaxilə etmək və təsir imkanlarını artırmaq məqsədi güdür”.

Partiya sədri əlavə edib ki, Azərbaycan istənilən təhlükəyə hazır olmalıdır:

“Azərbaycan hərbi, siyasi və iqtisadi cəhətdən daha da möhkəmlənməli, bütün təlatümlərə, eləcə də istənilən təhlükənin qarşısının alınması istiqamətində daha ciddi addımlar atmağa hazır olmalıdır. Ən əsası da Türkiyə və digər türk dövlətləri ilə müttəfiqliyimiz daha da gücləndirməlidir”.

Yunis Abdullayev /“Cebheinfo.az”
Bu xəbər oxucular tərəfindən 3217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed