Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının seçki ilə bağlı AÇIQLAMASI
02.09.2024 [08:56] - Xəbərlər, Gündəm, Siyasi partiyalar
01.09.2024 tarixində keçirilən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə qatılan Milli Dirçəliş Hərəkatı Partiyası namizədlər irəli sürərək, müşahidəçilər, vəkillər və səlahiyyətli nümayəndələri ilə seçkidə fəal şəkildə iştirak etmişdir. Seçkilərdə aparılan müşahidələrlə bağlı partiyanın seçki qərərgahına verilən məlumatların ümumiləşdirilmiş nəticəsinə uyğun olaraq MDHP bəyan edir ki, keçirilən seçkilərdə kiçik nöqsanlar müşahidə olunsa da, ciddi qanun pozuntuları müşahidəçilərimiz tərəfindən qeydə alınmamışdır. İstər yerli, istərsə də xarici müşahidəçilər üçün seçki prosesində tam şərait yaradılmışdır. Seçki sosial mediada yayımlanan bir neçə məntəqədəki xoşagəlməz görüntülər istisna olmaqla sakit və dinc şəraitdə keçirilmiş, qarşıdurma olmamışdır. Ən əsası vətəndaşların seçki hüquqlarından istifadəsinə heç bir maneə olmamışdır.
Bu seçkilərin bizim üçün də xüsusi əhəmiyyəti Milli Məclisə seçkilərin ilk dəfə Respublikamızın bütün suverən ərazisində keçirilməsidir. Bu münasibətlə bütün xalqı təbrik edir, Parlamentə fəaliyyətində uğurlar arzulayırıq. Xalqın və dövlətin mövqeyini qoruyan deputatlarımızın üzərinə düşən daha bir məsuliyyət də, dünyada baş verən gərgin siyasi proseslər fonunda ölkəmizə qarşı təziqlərin qarşısında daha çox sipər rolunu oynama missiyasıdır. VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının bu missiyanın öhdəsindən gələcəklərinə ümid edirik.

MDHP Mətbuat Xidməti
02.09.2024
Bu xəbər oxucular tərəfindən 2647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed