23.02.2013 [13:19] - Mədəniyyət, DAVAMın yazıları
Azərbaycanın quzey hissəsini Rusiya imperiyası işğal edəndən xeyli sonra, 1870-lərə qədərki tarixi mərhələdə buradakı əsas etnosun keçmişi haqqında doğru-dürüst konsept yaranmadı; “vətən” anlayışı dəqiqləşmədi; dilin və etnosun adı məsələsindəki qeyri-müəyyənlik daha da artdı (əsasən “müsəlmanlar”, rusca rəsmən “Zaqafqaziya tatarları”, türkcə rəsmən “türklər”, nadirən “azərbaycanlılar”). Oxumuş kəsim, bir qayda olaraq, yazılarında rus hakimiyyətinin asayiş yaratdığını öyür, rus mədəniyyəti və ədəbiyyatına qibtə edirdi. Sonralar Məhəmmədəmin Rəsulzadə yazacaqdı: “Vaxtilə Firdovsinin romantizmi, Sədinin dərin hikməti, Hafizin dadlı qəzəlləri qarşısında bayılan “mirzə” bu dəfə də Lermontovun dağlara uçan ruhu, Puşkinin su kimi axan nitqi, Tolstoyun məsihanə fəlsəfəsinə vurulmuş bir “uçitel” idi .
Rəsulzadənin “uçitel” adlandırdığı bu yeni oxumuş təbəqə təhsil sistemində yeni hadisə olan rus məktəblərinin yetirmələri idilər. Rus hakimiyyətinin buralarda qalıcı olması üçün yerli və rus dillərini bilən savadlı adamlara ehtiyacı vardı. 1830-cu illərdə Azərbaycanın əksər qəza mərkəzlərində açılmış bu ikisinifli (sonralar üçsinifli) məktəblərdə rus dili, hesab, tarix və coğrafiya dərslərini rus müəllimlər, qalan dərsləri isə yerlilər deyirdi. Bakıda sonralar tam orta təhsil verən gimnaziya yaranmışdı. Azsaylı rus məktəblərinin yanında Azərbaycanın böyük kəndlərində olan məktəblər qalırdı. Bu məktəblərdə təhsil ənənəvi, orta yüzillərə xas metodlarla aparılırdı.Onların məzunları əsasən fars və ərəb dillərini, Quranı, şəriəti, fars ədəbiyyatını öyrənən, fars kültürünün təsiri altında olan, Rəsulzadənin dediyi bu “mirzə”lər idi. Təbii ki, effektiv milli təhsil sistemi olmayan yerdə mənsub olduğu xalqa bağlı ziyalılar sinfinin yaranması da mümkün deyildi.
Bütün bu mənfi hallara baxmayaraq, XIX yüzilin 70-ci illərinə qədərki mərhələdə müsbət meyllər də özünü göstərməkdə idi. Yeni ictimai-siyasi və mədəni şərait yeni yanaşma tələb edirdi. Anadilli ədəbiyyat və ədəbi dil irəliyə doğru böyük addım atdı. Həqiqət naminə burada onu da əlavə etmək gərəkdir ki, rus hakimiyyəti (xüsusən qraf Vorontsov-Daşkov) burada İranın mədəni nüfuzunu yox etmək üçün yerli türkcədə ədəbi əsərlərin yaranmasını dəstəklədi, farscanın işlədilmə dairəsinin məhdudlaşdırılmasına çalışdı. Bəzi ədəbiyyat xadimləri rus hakimiyyətinin pisliklərini ifşa etdi, öz şeirlərində onu lənətləməkdən də çəkinmədi. Yerli türk eliti etnosun geridə qalmasının fərqinə varmağa başladı, bu geriliyin aradan qaldırılmasında maarifin yayılmasına müstəsna önəm verdi. Məhdud da olsa məhz bu irəliləyişlər növbəti mərhələdə diqqətçəkən uğurların qazanılmasına zəmin yaratdı.
Yeni mərhələnin başlanması haqqında Rəsulzadə yazır: “İllər keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” durdu. Bunlar bir çox zaman anlaşamadılar. Farslaşmış mirzə gibi, ruslaşmış uçitel də xalqın hadsen [intiutiv] duyduğu mətləbi bir çox zaman dərk edəmədi. Nəhayət, bir çox kəcavəclər geçildi. Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı; bildi ki, Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşina etmə həm lüzumlu, həm [də] faydalıdır. Fəqət bununla bərabər, türkü kəndi Sədisindən, Tolstoyundan məhrum etmək olmaz”.
Bu yeni keyfiyyət mərhələsinin öncül şəxsiyyəti Həsən bəy Məlikzadə-Zərdabi (1842-1907) oldu. Artıq ixtiyarlaşmış Axundzadənin pessimizmini və ziddiyyətlərlə dolu istedadını Zərdabinin səmimi və dəqiq ifadə olunmuş məramı, nümayəndəsi olduğu xalqın problemlərinin həllinə yönəlmiş enerjisi və optimizmi əvəz etdi. Axundzadənin “əl çək yaxamızdan!” tələbini gənc Həsən bəy “...ixtiyar sahibisiniz, görünür, dincəlmək istəyirsiniz. Allah rahatlıq versin, ancaq elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi iş çox-çoxdur!” şəklində cavabladı. Rus hakimiyyəti altında olmasından məmnunluğunu ifadə edən Mirzə Fətəlinin konformist mövqeyindən fərqli olaraq Zərdabi tarixi və çağdaş gerçəkliyi ortaya qoydu. O yazırdı ki, “bir neçə ildir ki, rus dövlətinə tabe olmuşuq”, “Dövləti-Rus bizim vilayəti zəbt edəndən irəli....
“Zaqafqaziyada yaşayan tatarların dilinin Osmanlıdakı rəsmi dildən “köklü fərqi” olduğunu” iddia edən Mirzə Fətəlidən fərqli olaraq Zərdabi yazırdı: “Doğrudur, Osmanlı dili bizim dil ilə düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola”. Zərdabi əsas fərqin Osmanlıdakı rəsmi və ədəbi dilə ərəb, fars və başqa dillərdən çoxlu alınma sözlərin girməsi ilə izah edir.Bununla belə, Zərdabi fars dili və kültür ənənəsinin hələ Azərbaycanda yayğın olduğunu da görür və kinayə ilə yazır: “Əgərçi İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna bizim üçün elə ləzzət eləməz, lakin “Əxtər” qəzeti fars dilində çap olunduğuna və fars dili bizim vilayətlərdə çox işləndiyinə, ümidvarıq ki, onu bizim tərəflərə gətirdən çox ola. Əgər qeyri məmləkətlərin sakinləri “Əxtər” qəzetini gətirtmək istəyələr onlara məsləhət edirik ki, onu birbaş İstanbuldan gətirsinlər”. Zərdabinin Osmalıya ümumi münasibəti də fərqlidir. Onun heç bir yazısında Osmanlıya düşmən, ya yad, laqeyd münasibət yoxdur.
Gənc Həsən bəy oxumuş kəsimin ümumi pərişanlıq halında olduğu bir dövrdə başladığı yeni, inanılmaz faydalı işləriylə umud yaratmağa çalışdı və fədakar həyatı ilə buna nail oldu. O, Tiflis gimnaziyası və Moskva Universitetini bitirib vətənə döndükdən sonra bir müddət müxtəlif idarələrdə kiçik məmur kimi çalışdı. Bu idarələrdəki rüşvət və haqsızlıq mühiti onu sıxdığından Bakı gimnaziyasına müəllim düzəldi.
Gənc Həsən bəyin yerli cəmiyyətin həyatına gətirdiyi birinci yenilik və xidmət Azərbaycanda ilk xeyriyyə cəmiyyətini yaratması ilə bağlıdır. Məktəbdən aldığı maaşın yoxsul tələbələrə yardıma yetmədiyini görən Həsən bəy qonşuların təcrübəsindən çıxış edərək təhsil sahəsinə yardım etmək üçün xeyriyyə cəmiyyətinin yaradılması məsələsini qaldırdı. Həsən bəyə görə, xalqlararası həyat “zindəganlıq cəngi”ndən ibarətdir və bu mübarizədə uduzan tərəf olmamaq üçün ilk növbədə xalqın təhsilindəki bərbad vəziyyəti düzəltmək lazımdır. Zərdabinin təxminlərinə görə, Bakı quberniyasında ümumi əhalinin (100 min) cəmi 10 mini erməni idi, ruslar ondan da az idilər. Amma quberniyadakı yeganə gimnaziyada oxuyan 500 tələbədən 250-si rus, 150-si erməni, cəmi 100-ü isə müsəlman idi.
O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacağıq... Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər Allahdan buyruq, ağzıma quyruq deyib duraq?.
Həsən bəy xeyriyyə cəmiyyətinin nizamnaməsini hazırlayaraq hakimiyyət orqanlarından razılıq ala bildi. O, Azərbaycanın çeşidli bölgələrini gəzib varlı şəxsləri inandıraraq, onlardan topladığı ianələrlə 1872-ci ildə müsəlman şagirdlərə yardım cəmiyyətini təsis etdi. Bir neçə uşaq gimnaziyalara oxumağa qəbul edildi. Onların bütün ehtiyacı cəmiyyət tərəfindən ödənilirdi. Həsən bəy ailə qurduqdan sonra həmin uşaqları öz evinə aldı. Bu kiçik ev-pansionda 10 şagird yetişirdi. Amma bu pansionu saxlamaq çətinləşirdi. Cəmiyyət üzvləri müxtəlif bəhanələrlə ianələri verməkdən imtina edir, cəmiyyətin vəsaiti azalırdı. Həsən bəy üzvlük haqqı ödəmək istəməyənlərdən pulu artıq məhkəmə vasitəsilə (cəmiyyətə üzv olduqları vaxt öz dillərindən onlar yazılı iltizam vermişdilər) almaq məcburiyyətində qalmışdı. Halbuki qonşuların xeyriyyə cəmiyyətləri yüzlərlə yoxsul tələbəni oxudaraq onların hər cür ehtiyacını təmin etməkdə idi. 1876-cı ildə cəmiyyətin yalnız 5 üzvü qalmışdı, onların da 3-ü müsəlman deyildi.
Gənc Həsən bəyin yerli cəmiyyətin həyatına gətirdiyi ikinci yenilik Azərbaycanda milli teatrın əsasını qoymasıdır. Gimnaziya müəllimliyi sırasında Axundzadənin pyeslərinin tamaşaya qoyulmasını təşkil etdi. “Hacı Qara” ilə başlanan bu tamaşalar Azərbaycan Türk treatrının yaranması dövrü (1873) kimi tarixə keçdi. Bu tamaşalar Müsəlman cəmiyyətini əməlli-başlı silkələmişdi. Milli mədəniyyət sahəsindəki bu yeniliyin tərəfdarları Həsən bəyə minnətdarlıq edirdilər. Teatrın əleyhinə çıxanlar da vardı və onlar Həsən bəy və əməkdaşlarını öldürəcəklərini bildirmişdilər. Amma bu teatr tamaşaları davam etdikcə gənc ədiblərin yeni dram əsərləri yazmalarına stimul oldu.
Müsəlman cəmiyyətinin öz problemlərinə etinasız yanaşması və cəhaləti Həsən bəy Zərdabini cəmiyyət həyatına daha radikal təsir etmək imkanlarını aramaq məcburiyyətində qoydu. Cəmiyyətə birbaşa xitab etmək imkanı verə bilən, eyni dildə danışan cəmiyyəti bir yerdə tuta bilən mətbuatın gərəkliyini dərk edən Həsən bəy bir qəzet təsis etmək fikrinə düşdü. Sonralar qəzet çıxarmaq ehtiyacı haqqında Həsən bəy yazacaqdı: “Dünyada ittifaq olmasa heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, tiyatro oynanan otaq boş qaldığından aşikar oldu ki, müsəlman qardaşlarımızı bir yerdə cəm edib zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdə qonşularımız elm təhsil edib, gün-gündən irəli gedib, bizim əlimizdə olan mülk-malımıza sahib olurlar və az vaxtdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötrü kirakeşlik edəcəyik. Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır, axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir əlac yoxdur”.
Qəzet haqqında icazəni yalnız üç ildən sonra almaq mümkün oldu. Özü də, bu qəzet siyasi istiqamətli olmamalı, yalnız əkinçilikdən, təsərrüfat işlərindən danışmalı idi. Rəsmi ərizəyə cavab olaraq senzor bildirmişdi ki, gərək bu qəzetin “məqalələri yalnız əhalinin məişətinin iqtisadi və ən yaxın mülki məsələlərinə aid olsun və dəbdə olan siyasi görüşlərlə, yaxud bütün müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə doldurulmasın”. Bu məhdud çərçivədə işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” milli həyatın güzgüsünə çevrildi. İctimai həyatın müxtəlif sahələri haqqında qəzetdə onlarla kiçik yazılar çap olundu. Qəzet güzgü olmaqla qalmamış, problemlərin həllinə yönəlmiş ideyalarla çıxış etmişdir.
Rusiya daxilində litoqrafiya üsulu ilə türkcə qəzet çıxarmaq üçün şriftlər də yox idi. Odur ki, təsisçi şrift dalınca İstanbula getməyə məcbur oldu. Nəhayət, “Əkinçi”nin ilk sayı 1875-ci ilin iyununda çıxdı. Bütün Rusiyada ilk türkcə qəzet “bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi müsəlman aləminin içindən keçmişdi”. Qəzetin birinci sayının çıxması münasibətilə onun qurucusunu təbrik edənlər arasında Omsk, Tümen, Çistopol, Orenburq, Ufa, Volqaboyu, Krımdan olan müsəlmanlar ilk sırada gəlirdi. Yerli müsəlmanların xeyli hissəsi isə “qəzet niyə belə sadə, qeyri-ədəbi dildə yazılır?”, “dini mövzulardan niyə az bəhs edilir?” kimi iradlar irəli sürdü. Hətta fars kültürünün təsiri altında qalanlar qəzetin farsca çıxmasını arzu edirdilər. Digər mövzularda da qəzetə məktub yazanlar vardı. Qəzet ciddi polemika mərkəzinə çevrildi. Əslində belə də olmalı idi. Xanımı Hənifə Məlikova xatirələrində göstərirdi: “Əksər hallarda söyüş formasında olan tənqid, heç bir tənqidə sığışmayan söyüşlər, təhqir və təhdidlər onun başına dolu kimi yağırdı. Əslinə baxsan, Həsən bəyin arzuladığı da elə bu idi. Oxucular nəşrə laqeyd qalsaydılar bu, redaktor üçün ölümdən betər olardı. Qəzet cəmiyyəti hərəkətə gətirmişdi”.
Birinci il qəzet iki həftədə bir çıxdı, sonra həftəliyə çevrildi. Mövcud olduğu dövrdə cəmi 56 sayı işıq üzü gördü. Qəzet ilk sayından etibarən daxiliyyə, əkin və ziraət xəbərləri, elm xəbərləri, təzə xəbərlər ana başlıqları ilə çıxmış, 7-ci sayından sonra isə məktubat başlığı əlavə edilmişdi. Qəzetin ortalama 400 müştərisi vardı, amma 800-900 nüsxə çap edilirdi. Abunəçilərdən artıq qalan nüsxələr “qəzet oxumağa adət eləsin” deyə xalq arasında pulsuz yayılırdı. Bir fransız qəzetçisi öz maaşına, faktik olaraq təkbaşına, təxminən 300 nüsxəlik qəzet çıxaran Həsən bəyə heyrət etmiş, özünü saxlaya bilməyib deyibmiş: “Siz həqiqi qəhrəmansınız! Bizdə belə kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”.
“Əkinçi” ilk dəfə olaraq milli şüurun yaranmasının ön şərti olan “biz-onlar” dixotomiyasını ortaya qoyur. Onun “biz”i Qafqaz müsəlmanları, Məşriq-zəmindir. Bu müsəlmanlar “öz türk dilimizdə” danışan və Qafqazın ən çoxsaylı millətidir. “Onlar” isə Qafqazdakı xristian millətləridir və günü-gündən inkişaf edirlər. İnkişafın da əsas səbəbi onların elm-təhsil sahəsində fəal olmasıdır: “Bizim qonşular bizlərdən birə-əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli müsəlmana bərabərdir. Onların birisi qazandığı dövləti əlli müsəlman qazanır”. Erməni və gürcülərin yaratdıqları məktəblər haqqında “Əkinçi”nin bir neçə sayında danışılır və onlar müsəlmanlara örnək göstərilir. “Əkinçi”, demək olar ki, hər sayında yeni üsul (üsuli-cədid) məktəblərinin yaradılması zərurətindən bəhs edir. Bu məktəblərdə ana dilinin tədrisi də vacibdir, çünki “belə məktəbxana açan gərək yaddan çıxarmasın ki, gələcəkdə gərək biz də adam olaq və hər bir elmi öz dilimizdə oxudaq. Ona binaən indi açılan məktəbxanalarda öz dilimizi oxutmaq nə ki lazımdır, bəlkə vacibraqdır”.
Zərdabi və dostlarına görə, ənənəvi məktəblərdə dərslik yerinə istifadə olunan fars klassik ədəbiyyat nümunələrini də yeni dərsliklərlə əvəz etmək lazımdır. Yeni dərsliklər hazırlamağın çətinliyini nəzərə alan “Əkinçi” müəllifləri bu ehtiyacın Osmanlıdakı dərsliklər hesabına ödənilməsini təklif edirlər: “Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb, hər bir elmi öz dillərində xalqa öyrədir. Çün onların kitablarını bizim adam [üçün] oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bərpa edib, ol kitablardan gətirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun”.
“Əkinçi”nin müdafiə etdiyi yeni üsul məktəb konseptində əski bədən cəzasına əsla yer yoxdur və bədən cəzası şagirdin normal şəxsiyyət kimi formalaşmasına mane olan amil kimi qiymətləndirilir. Nəcəf bəy Vəzirzadə yazır: “Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə, papiros çəkməyə adət edən təki adət edib deyir: uşad döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim. Döy ki, adam olsun və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq”.
Zərdabi və başqa “Əkinçi” müəlliflərinə görə, inkişafın digər mühüm stimullarından biri də mətbuatdır. Dəfələrlə qəzet səhifələrində qonşuların mətbu orqanlarının və onların oxucularının sayı haqqında məlumatlar verilir və müsəlman əhali bu müqayisədən dərs almağa, heç olmasa “Əkinçi”ni qorumağa çağırılır. Məsələn, Əsgər ağa Gorani yazır: “Qafqazda iki milyonacan müsəlman var, amma bunilə belə bircə qəzeti də dolandıra bilmir vəhalonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var”.
“Əkinçi” tərəqqinin ikinci böyük səbəbi kimi azadlığı görür və Qərbin (“Məğrib-zəmin”in) çağdaş mədəniyyət mərkəzinə çevrilməsində məhz bu amilin fövqəladə böyük rolunun olmasını bildirir. Hər sayda verilən Elm xəbərləri başlıqlı yazılar da, bir qayda olaraq, Avropadakı ixtiralar və yeniliklər haqqındadır. Həsən bəy Zərdabi tərəqqi etmək üçün ictimai həyatın hər sahəsində dəyişilmə gərəkliyindən bəhs edərək yazır: “Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, ol vaxtacan bizdən bədtər olub… Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə həmişə gec qalmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, şagird ustada və qeyrə məgər qul deyil?”.
Müsəlmanların türkcə bu yeganə qəzetini yaşatmaq üçün Həsən bəy Zərdabi daim fəryad çəkir, bu tək çırağın sönməməsi üçün əlindən gələni edirdi. O, qəzeti yaşatmaq üçün mümkün qədər siyasi mövzulara girməməyə çalışırdı. Amma başlanan Rusiya-Osmanlı savaşı (1877-78) bu mövzudan yan keçməyin mümkünsüzlüyünü göstərdi. Oxucular savaşın gedişiylə bağlı yeni xəbərlər bilmək istəyir, obiri tərəfdən, senzura daha da sərtləşirdi. Qəzetin çıxmasını sığortalamaq üçün redaktor savaş mövzusunda yazmaq məcburiyyətində qalanda Rusiyanı qəsd edərək “bizim dövlət”, “bizim əsgər”, “bizim hökumət” kimi ifadələr də işlətməli olur. Buna baxmayaraq anti-türk, anti-islam əhval-ruhiyyənin görünməmiş sürətlə artdığı bir şəraitdə hakimiyyət müsəlmanları oyandıran bu qəzetin varlığına dözməyin mümkün olmadığı qənaətinə gəldi. 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin son sayı işıq üzü gördü. Rus hakimiyyəti qəzetini bağlamaqla yanaşı, böyük nüfuzlu Zərdabinin özünün də Azərbaycanda qalmasını istəmədi. Ona Yekaterinodar, Stavropol, ya Kutais gimnaziyalarında inspektor, ya direktor yeri təklif edildi. Həsən bəy bu təklifi rədd etdi, bir müddət Bakıda işsiz qaldı. Bu arada rus hökuməti Qafqazda şəhər dumalarının yaradılmasına icazə verdi. Şəhər dumaları haqqında əsasnamədə müsəlmanlar üçün ancaq duma üzvlərinin (qlasnıların) yalnız dörddə birinin müsəlmanlardan ibarət olması maddəsi vardı. Əhalisinin yüzdə 75-nin müsəlmanlardan ibarət olduğu bir şəhərdə qlasnıların yalnız dörddə birinin müsəlmanlardan olmasını ədalətsizlik və ayrı-seçkilik hesab edən Həsən bəy bunun ləğv edilməsini Bakı qubernatorundan tələb etdi. Qubernator bu məsələni Tiflisdəki Qafqaz canişini qarşısında qaldırdı və “kompromis” qərar qəbul edildi: ruslar, ermənilər və müsəlmanlardan bərabər sayda – üçdə bir qlasnı seçilsin.
Həsən bəy üçün artıq Bakıda yaşamaq çətinləşirdi. Artan polis nəzarəti və təqibləri altında yaşamaq istəməyən Həsən bəy 1880-ci ildə doğma kəndi Zərdaba köçmək, başqa sözlə, sürgünə getmək məcburiyyətində qaldı. Burada da duma məsələsindəki haqsızlığa qarşı mübarizəsini davam etdirdi. Bakıya gəlib, şəhərin nüfuzlu müsəlmanları ilə görüşdü, qlasnıların sayının şəhərin müsəlman əhalisinin sayına uyğun olmadığından şikayət verməyi təklif etdi. Nüfuzlular belə bir şikayətin təhlükəli olacağından ehtiyatlanaraq, Həsən bəyin hazırladığı şikayət məktubunu imzalamaqdan imtina etdilər. Onda o, məktubu qondarma adla imzalayıb nazirə göndərdi. Qlasnıların sayının yarıya qədərinin müsəlmanlardan olması haqqında qərar verildi.
Həsən bəyin sürgün həyatı 16 il çəkdi. Yenidən Bakıya qayıtdığı vaxt, XIX yüzilin sonlarında Bakıda, Qafqazda, ümumiyyətlə, Rusiyada vəziyyət tamamilə dəyişmişdi.
“Əkinçi” nəşrini dayandırandan az sonra, 1879-cu ildə Tiflisdə “Ziya” adlı qəzet nəşrə başladı. Qəzetin naşirləri burada mətbəə qurmuş Səid və Cəlal Ünsizadə qardaşları idi. Əsasən dini mövzularda yazan bu qəzet qapadıldıqdan (1881) sonra onlar “Ziyayi-Qafqaziyyə” qəzetini təsis etdilər (1881-84). Qardaşlar bu qəzetlə paralel “Kəşkül” adlı həftəlik dərginin nəşrinə başladılar. Bu mətbuat orqanlarının yazıları iki məsələyə görə sonrakı araşdırıcıların diqqətini çəkəcək. Onların birinci özəlliyi Azərbaycanda işlədilən yerli ədəbi türkcəni Osmanlı türkcəsi ilə yaxınlaşdırmaqdan ibarət idi. Ünsizadə qardaşlarının mətbu orqanlarının ikinci özəlliyi isə burada kimlik arayışının özünü göstərməsidir. “Kəşkül” dərgisinin 14 noyabr 1890-ci il tarixli 115-ci sayında çap edilmiş “Avam gəzmək – yuxu görməkmi dedin?” başlıqlı məqalə sonralar araşdırıcıların örnək gətirdikləri qaynaq olmuşdur. “Şələ papaq başında, qartı yapıncı çiynində, arşın yarım xəncəl budunda” olan məqalə müəllifindən Tiflis vağzalında bir “keçisaqqal əcnəbi təmiz türk dilində” onun millətini soruşur. Müəllifin “müsəlmanam” cavabı verməsi həmin əcnəbini qane etmir. Onun israrları qarşısında yenə özünü “müsəlman” sayan kəs düşünür: “Bilirəmmi mən hanki millətdənəm? Bizim molla, ya bizim axund görəsən bilürmi?”. Əcnəbi onun “kiridiyini görüb” izah etməyə başlayır: “Ərəb, fars, türk, hind, əfqan və qeyrə – bunların hamusi islamdırlar, ancaq hər birisinin milləti ayrıdır”. Daha sonra da bu əcnəbi öz dininin katolik, millətinin isə italyan olmasını deyir. Millətini bilməyən bu müsəlman, yenə də “...eyib də olsa, gərək dürüst ərz edəm, mən bilmirəm ki, mən nə millətdənəm!” deyir. Milli şüuru olmayan bu adamdan əl çəkməyən əcnəbi, millətin özəlliklərini, onun nə olduğunu izah etməyə çalışır. Millət anlayışından xəbəri olmamağı “avamlıq” sayan həmin əcnəbi bu adamın millətini ona izah edir. O izah edir ki, rusların və gürcülərin sizləri “tatar” adlandırmalarına baxmayaraq, siz “tatar” deyilsiniz, “sizin diliniz, adətiniz, xasiyyətiniz tatarlardan başqadır”. Həmin əcnəbi milli şüuru olmayan bu “şələpapaq” müsəlmanın millətinin “Azərbiycan” olduğunu deyir. Özü də Arazın o tayında da eyni “Azərbiycan tayfası”nın olduğunu əlavə edir. Bu sözlərdən təsirlənmiş şüursuz adam qərar verir ki, “indidən sonra mollaları, axundları dəng edəcək, ...niyə bizi bu əhvalatlardan halı etmədiklərini” soruşacaq.
“Kəşkül”də kimlik axtarışları istiqamətində dərc edilmiş yazılar arasında Məhəmməd Şahtaxtlının (Məhəmməd ağa Şahtaxtinski) bir məqaləsi də diqqəti çəkir. “Bir az da özümüzdən ki, Azərbaycan türkləriyik, danışaq” çağırışı edən müəllif etnosun yaxın keçmişi və hazırkı vəziyyəti haqqında maraqlı fikir söyləyir: “Biz Azərbaycan türkləri rus istilasından əvvəl indiki rus Zaqafqaziyasının müstəqil və yeganə sahibi idik. İran, biz idik. İndiki vəqtdə əhali hesabınca Qafqaz qövmlərinin hamısından çoxusu yenə bizik. Və həmd olsun sərvət və müknətcə [qüdrətcə] qonşularımızın heç birindən əskik deyilik. Bununla belə, hər necə olubsa-olub, biz indi elm və maarifcə Qafqaz millətlərinin dalda qalanı olmuşuq”. Müəllif hesab edir ki, “bəzi qərəzkar bədxahların iddialarının əksinə” bu geridəqalmışlıq bizim millətin daimi xüsusiyyəti deyil. Məhəmməd Şahtaxtlı qonşularla yaranmış fərqi aradan qaldırmağın yeganə yolunun elm və maarifə diqqət yetirməkdən ibarət olduğunu bildirir. Müəllif eyni məqalədə Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsi (bəzən də “Azərbaycan dili” işlədir) arasında müqayisə aparır və onları eyni dilin müxtəlif ləhcələri hesab edir: “Bizim dil ilə Osmanlı dili bir dildir. Aralarında olan təfavüt ancaq ləhcə, ya avam istilahınca həng təfavütdür”. Şahtaxtlı müqayisə üçün alman və fransız dilləri daxilində müxtəlif ləhcə fərqlərini örnək göstərir. Osmanlıdakı türkcənin fərqli özəlliyi olaraq o, bu dildə ərəb və fars sözlərinin çoxluğunu, eləcə də bu yad dillərin qrammatikasının türkcəyə təsir etdiyindən narahat olduğunu bildirir.
Diqqət tələb edən tarixi faktlardan biri də budur ki, “Kəşkül” hökumətin təzyiqləri nəticəsində öz nəşrini dayandırandan (1891) sonra Ünsizadə qardaşları yeni mətbuat orqanı – “Azərbaycan” adlı qəzetin nəşri üçün rəsmi müraciət etdilər. Bu müraciət rədd ediləndən bir qədər sonra böyük qardaşı Səid əfəndinin ardınca Cəlal Ünsizadə də Osmanlıya köçdü.
Ünsizadə qardaşlarının etnik kimlik axtarışları cəhdi və Türk birliyi fikrini yaymaları XIX yüzilin son onillərində Rusiya və Osmanlıdakı eyni tip prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosesin ən parlaq örnəklərini Qaspıralı İsmayıl bəyin (Qasprinski, 1851-1914) düşüncələrində və “Tərcüman” qəzetinin (1883-1916) yazılarında görürük.
Yaxşı təhsil görmüş gənc İsmayıl bəy hələ ilk yazılarında milli məktəblərin inkişafı və təhsil sistemində islahatların aparılmasını (üsuli-cədid); milli təhsil mərkəzlərinin maddi cəhətdən dəstəklənməsi üçün xeyriyyə cəmiyyətlərinin qurulmasını; bütün türklərə ortaq dildə xitab edə biləcək milli mətbuatın yaranmasını; müsəlman həyat tərzinin modernləşdirilməsini; müsəlman qadınının azadlığa qovuşdurulması və milli ziyalı zümrəsinin yetişdirilməsi ideyalarını irəli sürürdü. Qaspıralının 33 il aralıqsız olaraq nəşr etdirdiyi “Tərcüman” qəzeti bu ideyaların yayılması, sonralar daha da dərinləşməsi və şaxələnməsində fövqəladə böyük rol oynadı.
“Tərcüman”ın səhifələrində türk-islam dünyasının ən aktual məsələləri yer almaqda idi. Qəzetin ilk qayəsi bütün türk-tatarlar üçün ortaq bir türk ədəbi dilinin gerçəkləşdirilməsi zərurəti idi. Qaspıralının bu ortaq türk dili konseptində mümkün olduğu qədər türkcədən yabançı kəlmələrin çıxarılmasını, ilk sırada yazana da, oxuyana da anlaşılması çətin olan ərəbcə və farsca təbirlərin istifadəsindən vaz keçməyi, yerli təbirlər yerinə Osmanlı türkcəsinə uymaq mühüm yer tuturdu. Qaspıralı Ismayıl bəyin sonralar “Dildə, fikirdə, işdə birlik!” şüarı bütün türklər arasında ən çox yayılmış cəlbedici şüarlardan birinə çevrildi. Bu, dünyanın müxtəlif ölkələrinə səpələnmiş türklərin ideoloji-kültür və siyasi birliyinin gerçəkləşməsini istəyən və yeni yaranmaqda olan hərəkatın (pantürkizmin) fəaliyyət proqramı oldu.
Qaspıralı İsmayıl bəyin türk birliyi tələbi xeyli dərəcədə Rusiyada bu illərdə inkişafının zirvəsinə çatıb, sərtləşməkdə olan panslavist cərəyanına müqavimət göstərmək istəyindən qaynaqlanırdı. Balkanlarda bəzi slavyan xaqların Osmanlıya qarşı üsyanları və 1877-78-ci illər Osmanlı-Rusiya savaşının başlanması ilə panslavist ədib və yazıçılar daha gur səslə Avropaya, özəlliklə bütün türklərə və islam aləminə qarşı təbliğatı gücləndirdilər. Rusiyada xarici slavyanlara yardım kampaniyası, savaş bölgələrinə könüllü axını təşkil edildi. Panslavistlərin önündə bu zaman ünlü yazıçı Dostoyevski gedirdi. O, nifrət püskürən yazılarında “Avropanın Rusiya tərəfindən məhv ediləcəyinə inandığını” bəyan edir, hökuməti “sülhçü bir müstəmləkəçi” olmağa çağırırdı, çünki onun fikrincə, “Asiya bizim ümidlərimizin beşiyi və həyat sahəmizdir”.
III Aleksandr (1881-1894) tək yerli türklərə deyil, başqa slavyan xalqlarına (polşalılar, ukraynalılar və beloruslara) qarşı da şiddətli ruslaşdırma siyasəti yürütməyə başlamışdı. Bu arada Nikolay İlminski maarif nazirinə yazdığı bir məktubunda yerli tatarlar arasında dövlət maraqlarına uyğun olmayan gəlişmələrin baş verdiyinə diqqət çəkir: “Bağçasarayda “Tərcüman” qəzetini çıxaran Qasprinskinin məqsədi budur: 1. Rus imperatorluğunun müsəlman təbəələri arasında islam prinsiplərindən ayrılmadan Avropa təhsilini yaymaq və islam fikrini Avropa təhsili ilə qarışdırmaq; 2. Çoxlu, qarışıq, dəyişik dillərdə (ləhcələrdə) danışan rus müsəlmanlarını birləşdirmək və möhkəmləndirmək, məsələn, alman birliyi kimi; 3. Öz mətbuat orqanları ilə Osmanlı dilini türk soyundan gələn bütün müsəlmanların ortaq dilinə çevirmək... İndi nə olacaq? Eşitdiyimə görə, Qazanda türkcə qəzetlərin və ayrıca dərs kitablarının sayı hər keçən il artmaqdadır. Kitabların məzmunu Avropai, dili Osmanlıcadır. Bu, Qaspıralı və tərəfdarlarının tatarlara modern təhsil verməyi arzuladıqlarını, fəqət bunu Rusiya kanalı ilə etmək istəmədiklərini göstərməkdədir. Beləcə tatar aydınları Rusiya müsəlman mədəniyyət mərkəzi qurmaq istəyirlər.
Rusiyadakı türk-tatarları ruslaşdırmaq sahəsində tanınmış mütəxəssis olan İlminski rusdilli məktəblərin yerlilər arasında populyar olmadığını, onların rus dövlətindən təcrid və yadlaşmasını nəzərə alaraq qarışıq proqramlı “türk-tatar” məktəblərinin yaranması layihəsini irəli sürüb hökumətin təsdiqini ala bildi. Bu məktəblərdə təhsil ilk illərdə qismən yerli dillərdə aparılır, eləcə də “Rus sivilizasiyası tərcümədə” öyrədilirdi. Sonrakı illərdə isə dərslər yalnız rus dilində idi. Bu, İlminskiyə görə, qeyri-ruslar arasında rus dili və mədəniyyətini yaymağın ən səmərəli yolu idi. İlminski həm də Kiril qrafikası əsasında tatarlar üçün yeni əlifba quraşdırması ilə də tanınmışdı. (İlminskinin layihəsi tam şəkildə sovet dövründə gerçəkləşəcəkdi).
XIX yüzilin son onillərinin ən çox yayılmış fikir cərəyanlarından biri də panislamizm (islam birliyi) idi. 1876-cı ildə Osmanlı hakimiyyətinin başına keçmiş II Əbdülhəmid imperatorluğun varlığını qorumaqda “Osmanlı milləti” fikrini yetərli hesab etmir, bunun üçün müsəlmanların Osmanlı səltənəti və islam xilafətinə bağlanmasını zəruri sayırdı. Bu istiqamətdə dövlət daxilində gərəkli tədbirlər həyata keçirməkdə idi. Xarici siyasətdə isə islam birliyi fikrini, yəni panislamizmi dəsdəkləməkdə idi. Panislamist ideyaların yayılmasına Avropa dövlətlərinin müsəlman Şərqində yürütdüyü müstəmləkəçi siyasəti də stimul olmaqda idi. Bu dövrdə panislamizmin ən tanınmış nümayəndəsi Şeyx Cəmaləddin Əfqani (Əsədabadi, 1836-1897) idi. Şeyx Cəmaləddin müsəlman xalqlarının imperialist dövlətlərə qarşı mexaniki birləşməsini təbliğ etmirdi. Onun fikrincə, müstəmləkədən qurtarması üçün müsəlman xalqlarının milli şüura sahib olması gərəkdi.
Həsən bəyin daxili sürgün dövründə diqqəti çəkən yeniliklərdən birisi də XIX yüzilin sonlarına doğru Azərbaycan türk toplumunda sosial təbəqələrin yaranıb formalaşması idi. İlk növbədə bu, milli burjuaziya və ziyalı təbəqəsinə aiddir. Bakıda neft sənayesinin yaranması burada sənayeləşmənin dərinləşməsi üçün güclü stimul oldu. 1898-ci ildə Bakı neft istehsalına görə ABŞ-ı keçdi, 1903-cü ildə isə dünya neft istehsalının təxminən yarısı Bakının payına düşürdü. Bununla belə, türk burjuaziyasının mövqeyi iqtisadiyyatın əsas sahələrində zəif idi. Yüzilin sonunda mövcud olan 167 neft müəssisindən yalnız 49-u (29,3%) yerli türk burjuaziyasına məxsus idi. Onlar da əsasən kiçik müəssisələrdən ibarət idi. Bu müəssisələr neft istehsalının yalnız 5%-ni verirdi. Neft emalı, kimya və başqa sənaye sahələrində də milli burjuaziyanın xüsusi çəkisi yüksək deyildi. Bakı kapitalının milli tərkibindəki dəyişmə meyli türk burjuaziyasının buradakı Avropa, rus, hətta erməni burjuaziyası ilə rəqabətdə mövqelərini təhvil verdiyini göstərirdi. Ümumiyyətlə, bazar münasibətlərinin millətçiliyin ortaya çıxması üçün uyğun mühit yaratdığı gerçəkliyi, xüsusilə öz torpağında yadlarla rəqabətdə uduzan tərəf olması şüuru türk burjuaziyasını milli məsələlərə ilgi göstərməyə vadar etməkdə idi. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Ağabala Quluyev kimi burjuaziya nümayəndələri daha artıq dərəcədə milli problemlərlə maraqlanmaqda idilər. Milli burjuaziyanın təbii müttəfiqi milli ziyalı təbəqəsi idi və sonuncunun təşəbbüslərinə o, maddi dəstək verməyə məhkum idi.
Artıq yaşlaşmış Həsən bəy Zərdabi Bakıya qayıtdıqda yerli sosial-mədəni mühitin dəyişdiyinin şahidi oldu. Onun və “Əkinçi” ətrafında toplaşmış məsləkdaşlarının səpdiyi toxumların cücərməkdə olduğu açıq-aydın görünürdü. Yenicə meydana girmiş gənc ziyalı liderlər – Əlimərdan bəy Topçubaşov (Topçubaşı), Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu) və başqaları ağsaqqalları Zərdabi ilə birlikdə milli məfkurənin formalaşdırılması və gerçəkləşdirilməsi sahəsində aktiv fəaliyyətə başladılar. Onlar az sonra “Kaspi” qəzetinin ətrafında toplandılar. Bilindiyi kimi, 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev rusca “Kaspi” qəzetini və mətbəəsini satın almış, redaktorluğu Topçubaşova həvalə etmişdi. O da vəkilliyi atmış, 1898-ci ildən 1907-ci ilədək qəzeti redaktə etmiş, onu milli orqana çevirə bilmişdi. Həsən bəy Zərdabi ömrünün sonunadək bu qəzetlə əməkdaşlıq etmiş, burada müxtəlif mövzularda onlarca məqalə yazmış, qəzetin bəzi saylarını redaktə etmişdir. Həsən bəy həm də şəhər dumasının qlasnısı kimi milli ayrı-seçkiliyə, sosial haqsızlığa, rüşvətxorluğa qarşı gücü çatdığı qədər mübarizə aparmışdır.
Haci Zeynalabdin Tağıyevin vəsaiti hesabına Bakıda tikilmiş rus-türk qız məktəbinin 1901-ci il oktyabrın 7-də açılışı oldu. Bu mühüm hadisə və məktəbin sonrakı fəaliyyəti, ümumiyyətlə, qadın təhsili problemləri qəzetin diqqət mərkəzində olmuşdur. Bu məktəbin təşkili, idarə edilməsi, dərs proqramı haqqında qəzetin redaktoru Əlimərdan bəy Topçubaşov məqalə yazmışdır.Əhməd bəy Ağayev və başqa ziyalılar da “Kaspi” qəzetində qadın təhsili məsələlərinə həsr edilmiş məqalələr çap etdirmişlər. Məktəbin açılışı çox təntənəli keçmiş, şəhərin başçıları və hörmətli şəxslər orada iştirak etmişlər. “Kaspi”də verilən geniş yazıdan məlum olur ki, açılış mərasimində məktəbin təsisçisi Hacı Zeynalabdinə təşəkkür nitqi ilə müsəlman ziyalıları adından Əlimərdan bəy və Əhməd bəy Ağayev çıxış etmiş, təşəkkürnaməni (“adres”i) inzalamaq birinci “Müsəlman ziyalılarının veteranı” Həsən bəy Məlikova (Zərdabiyə) təklif edilmişdi.
Göründüyü kimi, Azərbaycan türkləri, “Əkinçi”nin ilk sayının çıxdığı dövrə nisbətən, XX yüzilə bir sıra sahələrdə yeni keyfiyyət göstəriciləri ilə ayaq basırdılar. Yeni aydın təbəqəsi sayca çoxalmışdı, onun nümayəndələri artıq Avropanın ali məktəblərinə ayaq açmışdılar. Bu təbəqə siyasi səviyyə baxımından da fərqli idi, artıq rus hakimiyyətinin “qapıqulu” deyildi. O, təmsil etdiyi xalqın problemlərini daha artıq dərəcədə və dərinlikdə dilə gətirir, fəaliyyət sahələrini genişləndirirdi. Fars kültüründən qopma meyli güclənmiş, üstəlik xarici türklərlə əlaqələr qurulmuş, onlarla birlikdə çalışmaq istəyi yaranmışdı. Milli aydın kəsim əvvəllər də qaldırılmış təhsil sahəsinin milliləşməsi və modernləşməsi, milli mətbuatın yaranması, dinin xürafatdan azad olması kimi problemlərin həlli üçün fədakarlıq etməkdə idi. Zəif və hürkək də olsa milli burjuaziya aydınların təşəbbüslərini dəstəkləməkdə idi.
Xalqın müxtəlif təbəqələri də öz aydınlarının fədakarlığını qiymətləndirməyə başlamışdı. Maraqlı tarixi faktdır ki, 1878-ci ildə Mirzə Fətəlinin dəfnində heç kəs iştirak etməmiş, əksinə, müasirləri ona və yaradıcılığına küfr etmişdilərsə Həsən bəy Zərdabini haqq dünyasına yola salan zaman on minlərlə insan kədər içində imiş, hələ Bakı belə dəfn mərasimi görməyibmiş. “Kaspi” qəzetinin 1907-ci il 1 dekabr tarixli sayında çap olunmuş nekroloqda göstərilirdi ki, onun dəfnində “bütün millətlərdən və ictimai təbəqələrdən” adamlar iştirak etmiş, Həsən bəyin xidmətləri ilə bağlı onlarca nitq söylənmişdir. Şəhər bələdiyyəsinin rəisi matəm mitinqində demişdi: “Onun nəyi vardısa, hamısını cəmiyyətə verdi. Həsən bəyin prinsipi belə idi: Özüm üçün heç nə, cəmiyyət üçün hər şey!”. Nekroloq bu sözlərlə bitirdi: “Allah sənə rəhmət eləsin, ey Zaqafqaziya müsəlmanlarını qəflət yuxusundan oyadan ilk şəxs!”.
Şəhər bələdiyyəsinin rəisi Rayevski haqlı idi. Bu fədakar insan həyatını mənsub olduğu xalqın çağdaş millətə çevrilməsinə sərf etdi, yeni ziyalı liderlər qrupu yetişdirdi, dünyasını örnək şəxsiyyət olaraq dəyişdi. Millətinə göstərdiyi ən böyük xidmət isə milli hərəkatın başlanmasına verdiyi təkandı.
--------------------------------------------------------------------------------
<!--[endif]-->
<!--[if !supportFootnotes]-->[1]<!--[endif]--> Mehmet Emin Resulzade, Azerbaycan Cumhuriyeti (Keyfiyet-i teşekkülü ve şimdiki vaziyeti), İstanbul, 1990, s. 14.
<!--[if !supportFootnotes]-->[2]<!--[endif]--> Baxın: Süleyman Əliyarlı (red.), Azərbaycan tarixi, Bakı: Azərbaycan nəşriyyatı, 1996, s. 719-723.
<!--[if !supportFootnotes]-->[3]<!--[endif]--> Mehmet Emin Resulzade, Azerbaycan Cumhuriyeti (Keyfiyet-i teşekkülü ve şimdiki vaziyeti),
s. 15.
<!--[if !supportFootnotes]-->[4]<!--[endif]--> Mirzə Fətəli Axundzadə, Əsərləri, III cild, Bakı: Şərq-Qərb, 2005,s.258.
<!--[if !supportFootnotes]-->[5]<!--[endif]--> Əkinçi. 1875-1877. Tam mətni. Transliterasiya və tərtib edəni Turan Həsənzadə, Bakı: Avrasya Press, 2005, s. 25, 367.
<!--[if !supportFootnotes]-->[6]<!--[endif]--> Yenə orada, s. 234.
<!--[if !supportFootnotes]-->[7]<!--[endif]--> Yenə orada, s. 154.
<!--[if !supportFootnotes]-->[8]<!--[endif]--> Yenə orada, s. 82.
<!--[if !supportFootnotes]-->[9]<!--[endif]--> Yenə orada, s. 59, 83.
<!--[if !supportFootnotes]-->[10]<!--[endif]--> Həsən bəyin ailə qurmaq hadisəsi də maraqlıdır. 1872-ci ildə “Kavkaz” qəzetində Tiflisdəki “Müqəddəs Nina” qızlar məktəbini bitirən məzunların siyahısında Nalçikdən olan Hənifə Abayevanın adını görür. Dərhal Tiflisə gedib, Hənifə xanımla görüşür. Fikir və dünyagörüşlərinin uyğun olduğunu görüb ona evlənmək təklif edir. Beləcə, evlənib Bakıya gəlirlər.
<!--[if !supportFootnotes]-->[11]<!--[endif]--> Hənifə xanım Məlikova. Həsən bəy Zərdabinin bioqrafiyası. – Xəzər, 1990, №2, s. 158.
<!--[if !supportFootnotes]-->[12]<!--[endif]--> Həyat qəzeti, 28 dekabr 1905, №129.
<!--[if !supportFootnotes]-->[13]<!--[endif]--> Əkinçi, s. 9.
<!--[if !supportFootnotes]-->[14]<!--[endif]--> Hənifə xanım Məlikova. Həsən bəy Zərdabinin bioqrafiyası, s. 158.
<!--[if !supportFootnotes]-->[15]<!--[endif]--> Yenə orada, s. 159.
<!--[if !supportFootnotes]-->[16]<!--[endif]--> Hüseyn Baykara. Azerbaycan’da Yenileşme Hareketleri. XIX.Yüzyıl, Ankara: Türk Kültürünü Araştırma Enstitüsü, 1966, s.139.
<!--[if !supportFootnotes]-->[17]<!--[endif]--> Hənifə xanım Məlikova. Həsən bəy Zərdabinin bioqrafiyası, s. 159.
<!--[if !supportFootnotes]-->[18]<!--[endif]--> Yenə orada, s. 26.
<!--[if !supportFootnotes]-->[19]<!--[endif]--> Yenə orada, s. 83.
<!--[if !supportFootnotes]-->[20]<!--[endif]--> Yenə orada, s. 274.
<!--[if !supportFootnotes]-->[21]<!--[endif]--> Yenə orada, s. 161-162.
<!--[if !supportFootnotes]-->[22]<!--[endif]--> Yenə orada, s. 291.
<!--[if !supportFootnotes]-->[23]<!--[endif]--> Yenə orada, s. 316.
<!--[if !supportFootnotes]-->[24]<!--[endif]--> Əkinçi, s.418.
<!--[if !supportFootnotes]-->[25]<!--[endif]--> Hənifə xanım Məlikova. Həsən bəy Zərdabinin bioqrafiyası, s. 161.
<!--[if !supportFootnotes]-->[26]<!--[endif]--> Geniş bilgi üçün baxın: Nəriman Zeynalov. Azərbaycan mətbuatı tarixi, I hissə, Bakı: ADU-nun nəşriyyatı, 1973, ss. 35-49.
<!--[if !supportFootnotes]-->[27]<!--[endif]--> Yusuf Akçura. Türkçülük. Türkçülüğün Tarihi Gelişimi, İstanbul: Türk Kültür Yayını, 1978, s. 90; Tadeusz Swietochowski, Russia and Azerbaijan. A Borderland in Transition, New York: Columbia University Press, 1995, p. 33.
<!--[if !supportFootnotes]-->[28]<!--[endif]--> Kəşkül, 13 mart 1891, sayı 118.
<!--[if !supportFootnotes]-->[29]<!--[endif]--> Müqayisə üçün qeyd edək ki, bu zaman ermənilərin təkcə Rusiyada 8, başqa ölkələrlə birlikdə isə cəmi 34 mətbuat orqanı var idi. – Kəşkül, 14 noyabr 1890, sayı 115.
<!--[if !supportFootnotes]-->[30]<!--[endif]--> Novruz, 27 mart 1991.
<!--[if !supportFootnotes]-->[31]<!--[endif]--> Baxın: Nadir Devlet. Rusya Türklerinin Milli Mücadele Tarihi (1905-1917), Ankara: 1985,
s. 15-16.
<!--[if !supportFootnotes]-->[32]<!--[endif]--> İsmayıl bəy Qaspıralı və “Tərcüman” qəzeti haqqında geniş bilgi almaq üçün, məsələn, baxın: Serge A. Zenkovsky, Pan-Turkism and Islam in Russia, Cambridge: Harvard University Press, 1960, pp.24-36; Yusuf Akçura, Türkçülük. Türkçülüğün Tarihi Gelişimi,s.91-102.
<!--[if !supportFootnotes]-->[33]<!--[endif]--> Hans Kohn, Panislavizm ve Rus Milliyetçiliği, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1991, s.179, 183.
<!--[if !supportFootnotes]-->[34]<!--[endif]--> Nadir Devlet, Rusya Türklerinin Milli Mücadele Tarihi (1905-1917),s.18.
<!--[if !supportFootnotes]-->[35]<!--[endif]--> Serge A. Zenkovsky, Pan-Turkism and Islam in Russia, p. 29.
<!--[if !supportFootnotes]-->[36]<!--[endif]--> Məsələn, baxın: Ercüment Kuran. Panislamizm’in Doğuşu ve Gelişmesi. – Beşinci Milletler Arası Türkoloji Kongresi. İstanbul, 23-28 Eylül 1985. Tebliğler.III Türk Tarihi. Cilt 1, İstanbul: Edebiyat Fakültesi Basımevi, 1986, s. 396-400.
<!--[if !supportFootnotes]-->[37]<!--[endif]--> Geniş bilgi üçün, məsələn, baxın: Диляра Сеидзаде, Из истории азербайджанской буржуазии в начале ХХ века, Баку: Элм, 1978, с. 26-37.
<!--[if !supportFootnotes]-->[38]<!--[endif]-->Topçubaşov Həsən bəyin qızı ilə evlənmiş, böyüyü saydığı Həsən bəylə həm də qohum olmuşdu.
<!--[if !supportFootnotes]-->[39]<!--[endif]--> T. По поводу открытия в Баку женского русско-мусульманского училищa. – Kaспий,
23 сентября 1901, №208.
Nəsib NƏSİBLİ,
tarix elmləri doktoru, professor

Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |