Şrift:
Urmiyalı milyarder siyasətçi və parlament arasında münaqişə yaranıb
25.02.2013 [12:18] - Güney Azərbaycan xəbərləri
Keçmişdə Rifah Naziri və Daxili İşlər Naziri olmuş urmiyalı milyarder siyasətçi Sadiq Məhsulinin son günlər İran parlamentinə qarşı etdiyi çıxışlarına bir çox deputatdan sərt reaksiyalar gəlib.

İran veb səhifələrində yazılmış məlumatlara istinadən, bəzi deputatlar Məhsulinin sərvətinin hansı yollarla əldə edildiyinin araşdırılması zərurətini yenidən gündəmə gətirməklə ona problemlər yaratmaq istəyir.

Azərbaycanlı siyasətçi 2005-ci ildə yaxın dostu olan prezident Əhmədinejad tərəfindən neft naziri təyin edilsə də, sərvəti ilə bağlı şübhələrlə əlaqədar İran parlamentində etimad səsi ala bilməmişdi. Ancaq daha sonra, o, 2008-2009-cu illərdə Daxili İşlər Naziri və 2009-cu ildən 2011-ci ilə qədər Rifah Naziri olaraq Əhmədinejad hökümətində təmsil edilmişdir.

İran seçkilərində önəmli rol oynayan İslam İnqilabı Sabitlik Cəbhəsinin nüfuzlu üzvlərindən biri olan Sadiq Məhsuli ötən həftə qurumun gələcək prezident seçkiləri ilə bağlı konfransında İran Parlamenti spikeri və prezident Əhmədinejad arasında baş verən münaqişələrə toxunmuş, “məclis rəhbərin (Xameneyinin) ürəyini incitdi”deyərək, parlamenti tənqid etmişdi.

Amerikanın ictimai məsələlərə dair Front Line sənədli TV proqramı 2009-cu ildə yayımladığı verilişdə Sadiq Məhsulinin sərvətinin 160 milyon dollar olduğunu bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed