Şrift:
İran səfirindən Urmiya gölü haqda ağ yalan
25.02.2013 [12:54] - Güney Azərbaycan xəbərləri, Sosial
“Urmiya gölünün qurumasına dair yayılan xəbərlər doğru deyil”.İranın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən məlumatına görə, bunu səfir Möhsün Pak Ayin Urmiya gölü ilə bağlı açıqlamasında deyib. O bildirib ki, İran bu problemin həllinə xüsusi diqqət və qayğı göstərir, bunun üçün də bütün imkanlara malikdir: “Urmiya gölü qurumaq təhlükəsi ilə qarşı- qarşıya deyil. Əksinə bu gölə 19 çay axır və mühafizə indeksinə görə əla səviyyədədir. Urmiyə gölünün əsas problemləri son 25 ildə yağışın illik səviyyəsinin aşağı düşməsi, quraqlıq və iqlim dəyişikliyi, eləcə də gölə axan suların il ərzində 2 milyard 100 milyon kub metr azalmasıdır”. M. Ayin daha sonra bildirib ki, Urmiya gölündə kəskin ekoloji vəziyyət 15 il əvvəl başlayıb: “ Hazırda Urmiya gölünün təxminən 200 hektarı qurumaqdadır və bəzi ətraf kəndlərdə kənd təsərrüfatı sahəsində işsizlik probleminin yaranması mümkündür”.Səfir onu da qeyd edib ki, Urmiya gölü ətrafında 100 kəndin boşaldılmasının göllə heç bir əlaqəsi yoxdur, buna səbəb Makunun bəzi kəndlərinə axan sel sularıdır. Qeyd edək ki, İranın “Mehr” xəbər agentliyinin yazdığına görə, Qərbi Azərbaycan vilayətinin Su İdarəsinin sədri Nağı Kərimi Urmiya gölünün qurumağa davam etdiyini bildirib: “ Gölə tökülən çayların üzərində bəndlərin tikintisinə və gölə axan sulara nəzarət olmadığı üçün Urmiya gölü tamam quruyur”.“Oyannews” saytı isə gölün quruması nəticəsində ətraf ərazilərdə yerləşən 100-dən çox kəndin tamam boşaldığını yazıb. Xəbərdə bildirilib ki, həyat şəraiti ağırlaşan, dolana bilməyən əhali Tehran və başqa şəhərlərə köçməli olub: “Urmiya gölünün quruması nəticəsində yeraltı sular da duzlaşıb, əkin sahələri yararsız hala düşüb, bölgədə şirin su qıtlığı yaranıb. Nəticədə əhali əkinçiliklə və heyvandarlıqla məşğul ola bilməyib. Bölgədə 120-dən çox meyvə bağı tamam məhv olub və çox sayda şirin su quyuları yararsız hala düşüb”.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed