Şrift:
“ACWA Power” COP29-un Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib
03.10.2024 [10:36] - Gündəm
Elektrik enerjisi və mineralsızlaşdırılmış su stansiyalarının layihəçisi, investoru və operatoru - “ACWA Power” şirkəti COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib.

Tərəfdaşlıq “ACWA Power” şirkətinin bərpa olunan enerji sahəsində dayanıqlı təcrübələri tətbiq etmək öhdəliyinə sadiqliyinin göstəricisidir.

Şirkət həmçinin enerji sektorunda gələcəyi düşünən lider kimi dayanıqlı və məsuliyyətli təcrübələri tətbiq etməyə sadiq qalaraq Yaşıl Zonada iştirak edəcəyini təsdiq edib. Şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikal platformadan yararlanmaqdır.

Dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkəti yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 2004-cü ildə Ər-Riyad şəhərində təsis edilmiş “ACWA Power” şirkəti həmin dövrdən bəri 4000-dən çox insanı işlə təmin edib. Hazırda isə şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Öz strategiyalarını BMT-nin iqlim hədəflərinə uyğunlaşdıran “ACWA Power” şirkəti enerjidən səmərəli istifadəni artırmaq, su resurslarından rasional istifadəni təmin etmək və ətraf mühitə təsiri minimuma endirmək üçün qlobal səviyyədə innovativ bərpa olunan enerji layihələrini həyata keçirir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un rəsmi tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətini dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu nümayiş etdirə biləcəklər.

Özəl sektor təşkilatları üçün xüsusi məkan olaraq, COP29-un Yaşıl Zonasında iqlim yönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər iştirak edəcək. Təqdimatlar, seminarlar və qarşılıqlı əlaqələrin qurulması da daxil olmaqla, təşkilatlar burada müxtəlif proqramlar vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirə biləcək. İştirakçı şirkətlər daha geniş tanınma, əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya yerləri olan konfrans və müxtəlif görüş otaqlarından istifadə edərək öz tədbirlərini keçirə biləcəklər.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “ACWA Power” şirkətinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaş elan edilməsi ilə bağlı bunları bildirib: “Böyük məmnuniyyətlə bildirirəm ki, “ACWA Power” şirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib. Bu konfrans qlobal iqlim siyasətlərinin formalaşdırılması və dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “ACWA Power” şirkətinin qlobal enerji keçidində misilsiz rolu bu müzakirələrə əhəmiyyətli dərəcədə töhfə verəcək. Şirkətin Azərbaycanın bərpa olunan enerji layihələrinin idarə edilməsində, o cümlədən 240 MVt-lıq Külək Elektrik Stansiyasının reallaşdırılmasında fəal iştirakı xüsusilə diqqətəlayiqdir və regionda bərpa olunan enerji həllərinin irəliləyişinə sadiqliklərini nümayiş etdirir. Digər tərəfdaşlarımızla yanaşı, “ACWA Power” şirkəti müzakirələrin aparılması və mükəmməlliyin nümayiş etdirilməsində əsas rol oynayacaq. Biz effektiv iqlim fəaliyyətləri üçün “ACWA Power” şirkəti ilə birlikdə işləməyi səbirsizliklə gözləyirik".
COP29 tərəfdaşlığını elan edən “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arselli qeyd edib: “Biz “ACWA Power” şirkəti olaraq inanırıq ki, bu qlobal problemin öhdəsindən gəlmək üçün planetimizin su və enerji ilə təchizatında mühüm dəyişikliklərin tətbiqi tələb olunur. Həmçinin, etibarlı, rəqabətədavamlı və dayanıqlı təchizatı təmin etməklə, biz qazıntı yanacağından enerjiyə keçidi daha da sürətləndirməliyik. Məhz bu məsələni diqqət mərkəzində saxlamaqla, biz “xalis sıfır” hədəfinə və uzunmüddətli iqlim ambisiyalarına töhfə verən həlləri ədalətli və inklüziv şəkildə təqdim edirik. COP29-un Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İllər öncə Azərbaycan Avropanın aşağı karbonlu, təhlükəsiz və difersifikasiyalı həllər təklif edən etibarlı qaz təchizatçısı oldu. Bu gün isə ölkə yeni yaşıl enerji mənbələri və yaşıl molekullar üzrə Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamaq potensialına malikdir. Sözügedən yaşıl enerji mənbələri və yaşıl molekullar isə “ACWA Power” şirkətinin qlobal miqyasda ən rəqabətədavamlı qiymətə və ən yüksək etibarlılığa nail olduğu texnologiyalardır. Öz təcrübəmizi bölüşmək istəyi ilə yanaşı, biz bu məqsədi dəstəkləyərək dayanıqlı gələcək qurmağı təklif edirik. Qurduğumuz həmin gələcəkdə təmiz enerji sadəcə istək yox, həm də daha yaxşı sabahın təməli olacaq!”

Azərbaycanda keçiriləcək COP29-un Yaşıl Zonasında iştirak etmək hələ də mümkündür. Yaşıl Zona haqqında əlavə məlumat: COP29 Yaşıl Zonası | 11 - 22 noyabr 2024
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed