Şrift:
Bakıda 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi keçirilir
15.10.2024 [12:20] - Gündəm
Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi başlayıb.

15-17 oktyabr tarixlərində keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirib.

Prezident İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayıb.

Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğdaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır. İştirakçı ölkələrə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Portuqaliya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Çexiya, Çin, Özbəkistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə və Macarıstan daxildir. Sərgilərdə Almaniya, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rusiya, Türkiyə milli və regional stendlərlə təmsil olunacaq. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır.

Sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş zalını da əhatə edəcək. Geniş fəaliyyət istiqamətlərini özündə birləşdirən sərgilərdə bu il ilk dəfə olaraq, süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər yer alacaq.

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçılar tərəfindən nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapacaq.

Qarabağın bərpasına həsr olunmuş “Rebuild Karabakh” sərgisi bu il artıq 4-cü dəfədir ki, təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

“Rebuild Karabakh” sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infastrukturu və s. bölmələr üzrə təşkil ediləcək.

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 109 243,16 AZN dəyərində ianə bağışlanıb.

“BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. Sərgi aparat məhsulları, döşəmələr, idman məhsulları, interyer, işıqlandırma, izolyasiya sistemləri, keramika və üz daşı, metal, pəncərə və qapılar, santexnika, sauna və üzgüçülük hovuzları, tikinti material və məhsulları, tikinti və istehsalat avadanlıqları kimi bölmələri əhatə edir.

“Aquatherm Baku” sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə edəcək.
Bu xəbər oxucular tərəfindən 209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed