Şrift:
Milli Məclisdən Xocalı soyqırımına dair AÇIQLAMA
28.02.2013 [14:10] - Siyasət
Müasir dövrdə hər bir müstəqil dövlətin nüfuzu və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji təhlükəsizliyinin, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Diplomatiya hər bir dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir.


İki gün öncə xalqımız miqyasına görə təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdi. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının müddəaları təsdiq edir. Bir çox ölkələrin - Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya parlamentlərində və ABŞ-ın yeddi ştatında(Texas, Arkanzas, Nyu-Cersi, Ceorcia, Mein, Massaçusets, Nyu-Meksika) Xocalı soyqırımına siyasi qiymət verilmişdir. İslam Konfransı Təşkilatının üzvü olan 56 ölkənin parlament nümayəndə heyəti ötən il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır.
Bəli, Azərbaycanın müqəddəs torpaqlarının işğalı hesabına öz ərazilərini daha da genişləndirməyi qarşılarına məqsəd qoymuş erməni şovinistlərinin son iki əsrdə xalqımıza qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsi olan bu qəddar və amansız soyqırımı bəşər tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil olmuşdur.


Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Bu faciənin soyqırımı aktı olduğunu elə qətliamda əli körpə uşaq qanına batmış erməni “ideoloqlarından” olan Zori Balayanın yazdığı "Ruhumuzun dirçəlişi" adlı kitabı sübut edir. Fevralın 26-da Xocalıda Xaçaturla ələ keçirdikləri evə girərkən daşnakların 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamasına və çox səs-küy salmasın deyə anasının kəsilmiş döşünü onun ağzına soxaraq uşağın başından, sinəsindən və qarnından dərisinin soyulmasına və 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişməsinə tamaşa etmək insanlığa sığarmı? Bunu yalnız erməni xisləti daşıyan bir yazıçı öz əsərində sevinclə qeyd edə bilərdi. O erməni ki, ölmüş türk uşağının cəsədini hissə-hissə doğrayaraq itlərə yem edir, hər gün bir uşağın başını kəsir və bir erməni kimi öz vəzifəsini yerinə yetirdiyini etiraf edir. Budur əsl həqiqət, budur əsl erməni vəhşiliyi. Qəribədir ki, sivil dünya ölkələri və beynəlxalq təşkilatlar belə, bu ağlasığmaz faciənin üstündən sükutla keçdilər.


İkinci cahan müharibəsindən sonra, 1948-ci il dekabrın 9-da BMT-nin 260 A saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının yaradıcısı olan bu qurumun Baş Məclisindən belə, o vaxt səs-səmir çıxmadı. Halbuki Xocalı soyqırımı öz xarakterinə görə beynəlxalq kateqoriyalı bir cinayət idi. BMT-nin bu Konvensiyasının 2-ci maddəsində aydın deyilir ki, "milli, etnik, irqi və dini bir qrupu qismən və ya tamam qətlə yetirmək soyqırımı adlanır". Əgər adlanırsa və BMT-nin üzvü olan dövlətlər bunu birmənalı olaraq qəbul edirlərsə, onda bəs niyə 21 ildir öz əməlləri ilə fəxr duyan ermənilərə bu qədər loyal münasibət bəslənir?


Haqq nazilər, amma üzülməz. Bu gün Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və onun ağır nəticələri, Xocalı soyqırımının təbliği və tanınması istiqamətində aparılan işlər öz bəhrələrini verməkdədir. Əminliklə söyləmək olar ki, dünyanın əksər ölkələrində Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər, yürüşlər, aksiyalar təşkil olunur. Artıq dünya dövlətləri bu faciənin əsl səbəbkarlarını yaxşı tanıyırlar. Bu kampaniya xüsusən də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ötən il Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti və Bakıda dövlət başçısının iştirakı ilə keçirilən ümumxalq yürüşündən sonra daha da geniş vüsət aldı. Dünya Azərbaycan xalqının öz Prezidentinin arxasında olduğuna şahidlik etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçısının apardığı siyasət və xalqın birliyi erməni diasporunu qorxuya saldı. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası, xarici ölkələrdəki səfirliklərimizin və diaspor təşkilatlarımızın bu istiqamətdəki fəaliyyəti ermənilərin məkrli siyasətini ifşa etməkdə davam edir. Eyni zamanda Milli Məclis rəhbərliyinin və parlamentlərarası dostluq qruplarının, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində keçirilən görüşlərdə aparılan danışıqlar zamanı erməni təcavüzü daim əsas müzakirə mövzusu olur.


Prezident İlham Əliyevin xarici siyasəti "Ən yaxşı müdafiə hücumdur!" taktikası üzərində qurması nəticəsində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, NATO Parlament Assambleyası, BMT və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olmuşdur. Böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.


Bu günlərdə isə daha bir ölkə erməni təcavüzünü ifşa etdi. Fevralın 26-da Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) məhz 21 il öncə qanlı Xocalı soyqırımının baş verdiyi gün - 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamə qəbul olundu. Bu qətnamə Bosniya və Herseqovina parlamentinin tarixində bu qəbildən qəbul olunan ilk sənəddir.
Qətnamədə bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyirlər və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar. Azərbaycanın doğru yolda olduğunu təsdiqləyən bu sənəddə ölkəmizin haqq səsinin beynəlxalq təşkilatlar tərəfindən eşidilməsinin vacibliyi vurğulanır. Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi, heç şübhəsiz ki, öz növbəsində dünyada və Avropada ümumi ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu qəbildən olan addımların atılması istiqamətində mühüm rol oynayacaq. Ölkə rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.
Məhz bu baxımdan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul etdiyi rəsmi sənəd Azərbaycan diplomatiyasının növbəti uğurudur. İnanırıq ki, bundan sonra da Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan həqiqətləri daha yüksək kürsülərdən dünyanın diqqətinə çatdırılacaq və xalqımıza qarşı törədilən soyqırımı cinayətlərində iştirak edənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər.



Milli Məclisin
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed