Şrift:
İstəyirlər ki, oranı Azərbaycan türklərindən təmizləsinlər(Urmudan Video)
01.03.2013 [14:22] - Güney Azərbaycan xəbərləri, davam TV, Müsahibə
Sədrəddin Soltan: “Rəsmi Tehranın əsas məqsədi Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir”
Bir müddət əvvəl İranın “Mehr” xəbər agentliyi Qərbi Azərbaycan vilayəti Su İdarəsinin sədri Nağı Kərimiyə istinadən Urmiya gölünün qurumağa davam etməsi barədə məlumat yayıb. Bildirilib ki, gölə tökülən çayların üzərində bəndlərin tikintisinə və gölə axan sulara nəzarət olmadığı üçün Urmiya gölü quruyur. İrana məxsus başqa bir xəbər portalında da Urmiya gölünün qurumasından söhbət açılaraq, hazırda ətraf ərazilərdə yerləşən 100-dən çox kəndin tamamən boşaldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, həyat şəraiti ağırlaşan, dolana bilməyən əhali Tehran və başqa şəhərlərə köçmək məcburiyyətində qalıb. Belə ki, Urmiya gölünün quruması nəticəsində yeraltı sular duzlaşıb, əkin sahələri yararsız hala düşüb, bölgədə şirin su qıtlığı yaranıb. Nəticədə əhali əkinçiliklə və heyvandarlıqla məşğul ola bilməyib. Bölgədə 120-dən çox meyvə bağı da tamam məhv olub, çox sayda şirin su quyuları yararsız hala düşüb. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə mətbuata açıqlamasında yayılan xəbərlərin doğru olmadığını diqqətə çatdıraraq, İran dövlətinin bu problemin həllinə xüsusi diqqət və qayğı göstərdiyini, bunun üçün bütün imkanlara malik olduğunu vurğulayıb. Səfir, hazırda Urmiya gölünə 19 çay axdığını, mühafizə indeksinə görə gölün əla səviyyədə olduğunu dilə gətirib. Deyib ki, Urmiyə gölünün əsas problemləri son 25 ildə yağışın illik səviyyəsinin aşağı düşməsi, quraqlıq və iqlim dəyişikliyi, eləcə də gölə axan suların il ərzində 2 milyard 100 milyon kub metr azalmasıdır. Mövzunun aktuallığını nəzərə alıb Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanla əlaqə saxlayıb qəzetimiz üçün müsahibə aldıq.



İstəyirlər ki, oranı Azərbaycan türklərindən təmizləsinlər(Urmudan Video)


- Sədrəddin müəllim, Urmiya gölünün yerləşdiyi ərazi, əhəmiyyəti barədə hansı məlumatlar var?
- Urmiya İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kvadrat kilometr, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub. Dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 metrdir. Ən dərin yerinin isə 7 metr olduğu bildirilir. Qədim türk dilində bu gölün adı “suda yaşayış yeri” anlamını verir. Rza Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə “Rzaiyyə” adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə “Rzaiyyə”, “Rzaiyyə gölü”, “Kəbudan”, “Çiçsit” kimi adlar verilib. İran inqilabından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün əvvəlki adı özünə qaytarılıb. Urmiya gölünə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır. Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar da var və bölgə turizm üçün çox əlverişlidir. Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur. 1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.

- Sizcə İran Urmiya gölünün məqsədli şəkildə qurudulmasında maraqlıdırmı? Bu, onların nəyinə lazımdır?
- Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb. Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İran hakimiyyətinin Urmiya gölünün quruması prosesinə laqeyd yanaşmanın əsas məqsədi mərkəzi gölün ətrafındakı Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulur ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edir. Ətraf kənddə olan insanların dolanışığına Urmiya gölünün müsbət təsiri var idi. Orada balıqcılıq var idi, ətraf rayonlarda qoyunçuluq-heyvandarlq təsərrüfatları fəaliyyət göstərirdi. Gölün quruması oradakı adalarda da ekoloji tarazlığı dəyişdi. Ekoloji tarazlığın dəyişməsi ilə də ətrafdakı bağların quruması və sair problemlər yarandı. Bütün zərbələr orada yaşayan əhaliyə dəydi. İndi yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görür. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alır və assimilyasiya prosesini sürətləndirir. Bundan əvvəl də rəsmi Tehran ərazidə assimilyasiya siyasəti yürüdüb. İran hakimiyyətinin dəstəyi ilə Qərbi Azərbaycan ərazilərinə etnik kürdlərin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələn, 1979-cu il inqilabından sonra Qərbi Azərbaycandakı Soyuqbulaq, Badam kəndləri müxtəlif vaxtlarda kürd terror qruplaşmalarının silahlı basqılarına məruz qalıb. Belə terror aksiyaları nəticəsində müdafiəsi olmayan dinc əhali ərazini tərk etmək məcburiyyəti ilə üzləşib. Həmin ərazilərə isə bir müddət sonra digər ölkələrdən gəlmiş kürdlər yerləşdirilib. Onu da nəzərə almaq lazımdır ki, bu ərazilər Güney Azərbaycanın Türkiyə Respublikası ilə sərhədində yerləşir. Digər tərəfdən, İranda Urmiya gölünün altında uran yataqlarının olması ilə bağlı söz-söhbətlər də gəzir. Bir neçə gün bundan qabaq İran elan etdi ki, yeni uran yatağı tapılıb. Həmin uran yatağındakı radiakiv elementin ehtiyatı onların nəzərdə tutduqlarından bir neçə dəfə çoxdur. 30 il bundan qabaq deyirdilər 3 min 500 ton var, indi deyirlər ki, 45 min tondan çox orada uran var. Amma həmin yerin konkret ünvanını demirlər. Dəqiq yeri deyilmədiyindən belə ehtimal etmək olur ki, bu ünvan Urmiya gölünün quruyan, ya da qurumayan hissəsi ola bilər. Məhz bu səbəbdən də rəsmi Tehran Urmiya gölünün ətrafının məqsədli şəkildə boşaldılmasını istəyir.

- İranın Azərbaycandakı səfiri mətbuata açıqlamasında rəsmi Tehranın bu problemin həllinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Sizin söylədikləriniz, sadaladığınız faktlar isə bunun əksini deyir...
- İranın Azərbaycandakı səfiri ağ yalan danışır. Onun bu cür yalan danışmağı da əsassız deyil. İstəyir ki, dünyanın, eləcə də Azərbaycan ictimaiyyətinin gözünə kül üfürsün. Əgər Urmiya gölündə suyun səviyyəsi normaldırsa, nəzarət altındadırsa, onda Tehran hakimiyyəti niyə xəsisliklə ona pul ayırır? Yaxud, Urmiya şəhərini ölkə parlamentində təmsil edən deputat Nadir Qazipur nədən əksər iclaslarda Urmiya gölü ilə bağlı məsələni deputatların diqqətinə çatdırmağa çalışır? Möhsün Pak Ayin kimi Tehran təmsilçiləri bu hadisələri görməzlikdən gəlir, bu cür danışırlar. Məsələyə Quzey Azərbaycanda da, Güney Azərbaycanda da eyni həssaslıqla yanaşıldığından, diqqəti başqa səmtə yönəltmək istəyirlər. Urmiya gölü ilə bağlı çıxışlarda deyilirdi ki, o ərazidəki insanları köçürəcəklər. Tehran hakimiyyəti ona görə də buna diqqəti azaldır ki, o məntəqədəki Azərbaycan türklərini həmin ərazidən rahatlıqla köçürsün. Məntəqə Azərbaycan türkləri olmayan əraziyə çevrilsin. Bu məsələdən də fikri yayındırmaq üçün Möhsün Pak Ayin deyir ki, orada 100-dən çox kənddə olan əhalini köçürülməsi sel suları ilə bağlıdır. Sel birinci dəfə deyil ki, Makudan axır. Ona qalsa, gərək indiyə qədər 50 dəfə Makunu köçürəydilər. Tehranda gündə zəlzələ olur. Onda gərək indiyə qədər Tehran köçüb qurtaraydı. Niyə köçmürlər? Neçə yüz ildir Tehran hər 10-15 ildən bir silkələnir. Harada təbii fəlakət olarsa, oradakı əhalini köçürəcəklər? Onlar bəzən gölün qurumasında Qərb ölkələrini də günahlandırıblar. 1 il bundan qabaq Mahmud Əhmədinejad İranda quraqlıq olduğunu bildirdi. Bu quraqlığın baş verməsinə səbəb kimi isə Amerika Birləşmiş Ştatlarının fəaliyyətini göstərdi. Onun fikrincə, Amerika İran istiqamətinə gələn yağışlı buludları kənarda topla vurur, qoymur onun ölkəsinə gəlsin. Guya ABŞ bununla istəyir ki, İranda quraqlıq yaransın, nəticədə isə ölkədə sosial partlayış olsun. Həmin o cəfəng iddianı başqa bir şəkildə indi də İranın Azərbaycandakı səfiri deyir.

- İran mətbuatında yayılan xəbərlərdə Urmiya gölünün qurudulmasının qarşısını almaq üçün milyonlarla dollar vəsait ayrıldığı bildirilir. İran rəsmiləri də bu barədə müxtəlif rəqəmlər səsləndirirlər. Əgər rəsmi Tehran doğurdan da problemin həlli məqsədilə heç bir iş görmürsə İranın müxtəlif vəzifə sahibləri nədən belə bəyanatlar verirlər?
- Düzdür, İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar. 2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən iclasda Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb. Hətta uzun sürən müzakirələrdən sonra İran parlamenti “Urmiya gölünün dirçəldilməsi” layihəsini rədd edib. Yalnız İranda keçirilən və beynəlxalq aləmin diqqətini çəkən aksiyalardan sonra İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədzadə Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsinin nəzərdə tutulduğunu bildirib. O, bu layihəni həyata keçirmək üçün hökumət tərəfindən 900 milyon dollar, İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini isə 22 milyon dollar vəsait ayrıldığını deyib. Amma son nəticədə ortada hər hansı real iş yoxdur. Artıq gölün quruması böyük vüsət alıb. Əgər İran Urmiya gölünün qurumasının qarşısını alırsa, o zaman yerli sakinlər niyə öz dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalır? İran hökumətinin 2006-cı ildə apardığı rəsmi siyahıyaalma nəticəsində açıqladığı rəqəmlərdə Qərbi Azərbaycan əyalətinin əsas şəhəri olan Urmiyanın əhalisinin sayı 580 min nəfər göstərilib. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri, az sayda isə kürdlər, ermənilər və assurlardır. Lakin indi gölün quruması, bu torpağın əzəli sakinlərinin sayının azalmasına ciddi təsir göstərib.

- Siz, problemin həlli üçün çıxış yolunu nədə görürsünüz?
- İlk öncə Urmiya gölünün qurumasının səbəbləri beynəlxalq səviyyədə öyrənilməlidir. Yəni məsələ dünya ekoloqları tərəfindən öyrənilməli və problemin həllinə yaxşı pul ayrılmalıdır. Pulu BMT bir dəfə ayırıb. BMT-nin ayırdığı pulu İran hakimiyyəti zəhmət çəkib o işlərlə məşğul olan mütəxəssislərə verməlidir. O mütəxəssislər İranın özündə də var, Azərbaycan da, dünyada da. İran istəsə bu problemin həlli üçün dünyadan, ətraf ölkələrdən, hətta Türkiyədən mütəxəssislər cəlb edə bilər. İkincisi, gölə tökülən çayların üzərində yeni-yeni su hövzələri qurulur, o su hövzələrinin qurulması dayandırılmalıdır. Məsələyə elmi yanaşılmalıdır. Hansı ərazilər üçün nəzərdə tutulub ki, suvarma aparılsın, o ərazidə suvarma işləri aparılması üçün alternativ su mənbələri axtarılmalıdır. Əhalinin köçürülməsinin qarşısının alınması üçün dövlət proqram hazırlanmalıdır. Bütün bunları etməyə isə, indiki dövrdə İran hakimiyyətinin nə həvəsi var, nə vaxtı, nə də pulu. Niyə? Çünki Tehran hakimiyyətinin başı özünə qarışıb. İranın əsas diqqəti israrlı, iddialı şəkildə həyata keçirmək istədiyi atom nüvə proqramına yönəlib. Bütün bu bədbəxtliklər də 75-80 milyonluq əhalinin başına Tehran hakimiyyətinin bu iddiası və israrından irəli gəlir.

Rufik İSMAYILOV


Bu xəbər oxucular tərəfindən 1631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed