Şrift:
SEPAH-ın sabiq komandanının Qarabağ açıqlamalarına faktlarla təkzib gəldi
02.03.2013 [10:22] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Müharibədə İran tərəfindən rəsmi şəkildə kömək göstərilibsə, bu, erməni tərəfinə ola bilər, Azərbaycan tərəfinə yox"
"Biz Ordubadda Xorxat deyilən döyüş zamanı..."


Qarabağ müharibəsində əfqanların, çeçen səhra komandiri olmuş Şamil Basayevin ermənilərlə döyüşdüyünü eşitmişik, amma hansısa İran əsgərinin bu müharibədə Azərbaycan tərəfində vuruşmağı baş verməyib.

Əksinə, İran işğalçı Ermənistanın blokadadan çıxmasına yardım edir. Belə olmasaydı, torpaqlarımız bu vaxta qədər işğal altında qalmazdı.

Maraqlıdır ki, İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi, Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı olan Möhsün Rzayi mətbuata açıqlamasında bunun əksini iddia edib. Onun sözlərinə görə, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib: "Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçilməsi haqda da göstəriş vermişdim".

SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib.

Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün o dövrdə gedən proseslərin içində olan bəzi şəxslərin fikirlərini öyrənməyə çalışdıq?

Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, o dövrdə İran Azərbaycana yox, Ermənistana kömək edirdi: "Müharibədə İran tərəfindən rəsmi şəkildə kömək göstərilibsə, bu, erməni tərəfinə ola bilər, Azərbaycan tərəfinə yox. Ancaq Güney Azərbaycandan bura gəlib ordu tərkibində yox, sadəcə, torpaqların qorunması uğrunda döyüşən soydaşlarımız olub. Məsələn, Əlirza Amanbəylinin adını çəkmək olar. O, Qarabağ müharibəsində ermənilərlə vuruşub. Belə adamlar onlarla olub. Ancaq İran rəsmiləri tərəfindən mövqe birmənalı Ermənistanın tərəfində olub. Biz Ordubadda Xorxat deyilən döyüş zamanı ermənilərin mövqelərini ələ keçirdik. Bu zaman dəhşətli bir mənzərənin şahidi olduq. Belə ki, orada İran istehsalı olan elektrik generatorları, silahlar, geyimlər, qida maddələri vardı. Bir növ bütün bunları ermənilərə hədiyyə etmişdilər. Deməyim odur ki, müharibədə heç vaxt İran tərəfi rəsmi olaraq Azərbaycanı dəstəkləməyib".

F.Quliyev İran rəsmilərinin bu cür açıqlamalarla çıxış etməsini müəyyən səbəblərlə əlaqələndirdi: "Məsələ ondadır ki, bu gün İran dünyadan tədric olunub və həmçinin, müttəfiqsiz qalıb. Digər tərəfdən, İran uzun illərdir din bayrağı, təəssübkeşliyi altında gizlənirdi.

Artıq həmin vasitələr də fiaskoya uğradıqdan sonra qonşularından imdad ummaq vəziyyətinə gəlib çatıb. Düşünürlər ki, bəlkə bu minvalla qonşu dövlətlərdən kömək görəcəklər.

Bütün bunlara baxmayaraq, hesab edirəm ki, qatar artıq gedib və İranın mahiyyəti açılıb".
"Bakı Xəbər" qəzeti. Vidadi ORDAHALLI
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed