Şrift:
Fransalı deputat Fransua Roşenbloun azərbaycanlı tələbələrin döyülməsində əli olduğunu inkar edir
02.03.2013 [12:58] - Sosial
Fransa parlamentinin deputatı Fransua Roşenbloun Fransa Milli Assambleyasının binasında keçirilən konfrans zamanı azərbaycanlı tələbələrin döyülməsi ilə bağlı baş verən hadisə ilə əlaqədar öz versiyasını irəli sürüb.

“Mən də digər parlamentarilər kimi fevral ayının 26-da Fransa Milli Assambleyasında Erməni Məsələləri üzrə Fransa Bürosu tərəfindən təşkil olunan görüşə dəvət edilmişəm.

Mən nə həmin görüşün təşkilatçısı deyiləm, nə də döyülmə hadisəsinin təşviqatçısı deyiləm”- Davam.az-ın verdiyi xəbərə görə, fransalı deputat 1news.az saytına belə yazıb.

Ermənipərəst mövqeyi ilə tanınan F.Roşenbloun məktubunda bunları qeyd edib: “Görüş bir dəqiqəlik sükut elan edilənə qədər tamamilə normal qaydada keçib. Ermənilərin aqressiyasına isə zalda iki nəfərin bir dəqiqəlik sükut mərasiminə qoşulmaq istəməməsi səbəb oldu” – parlamentari yazıb.

Çərşənbə axşamı Fransada təhsil alan azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynov Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın binasında erməni diasporunun keçirdiyi tədbir zamanı döyülüblər. Vüsal Hüseynov daxili orqanlarından ciddi xəsarətlər alıb, eləcə də qabırğası sınıb. Mirvari Fətəliyevanın sözlərinə görə, onun kömək çağırışlarına heç kim məhəl qoymayıb.

Lakin insident bir qədər də davam edəndən və böyüyəndən sonra hadisə yerinə “təcili yardım” həkimləri və polislər gəlib. Bir qədər əvvəl isə belə bir məlumat yayılıb ki, məhz F.Roşenbloun Fransa Milli Assambleyasında “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirin təşəbbüskarı olub.

APA agentliyinin məlumatına əsasən, məhz o, nəinki azərbaycanlı tələbələrin döyülməsinə maneçilik törətməyib, həmçinin özü bu dava-dalaşa sövq edib.

“Mən zalın əks tərəfində birinci sırada oturmuşdum, ona görə də davanı görə bilməzdim və müdaxilə etmək imkanım da yox idi”- F.Roşenbloun məktubunda yazıb.

Baş verən hadisə ilə bağlı təəssüf hissi keçirdiyini bildirən deputat qeyd edib ki, Milli Assambleyanın divarları arasında belə səhnələrlə qarşılaşmaq heç də qəbuledilən hal deyil.

“Gərginliyin qızışmasına gətirib çıxaran, ədavət yayan və münaqişənin baş verməsinə sövq edən istənilən hərəkətlər mənim üçün yolverilməzdir. İstənilən belə təxribat mütləq mühakimə olunmalıdır”- o, yazıb və bununla da məsuliyyəti ermənilərin üzərindən atmağa çalışıb.

“Həmin iki nəfəri qətiyyən tanımıram, onların niyə belə etdiyini də təbii ki, bilmirəm. Onların bu tədbirdə iştirak etməsinə təəccüblənirəm, lakin onlara tezliklə sağalmağa arzu edirəm”- F.Roşenbloun yazıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi dövlətlərdən biri olan Fransada tələbələrimizin vəhşicəsinə döyülməsi hadisəsi Azərbaycan ictimaiyyətini hiddətləndirib.

Azərbaycanın Parisdəki səfirliyi Fransanın Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Azərbaycanın çoxsaylı ictimai xadimləri və təşkilatları sözügedən insidentlə bağlı Fransa hakimiyyət orqanlarına müraciətlər ediblər.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed