Şrift:
Saakaşvilinin şok açıqlamalarının pərdəarxası - təhlil
04.03.2013 [12:49] - Xəbərlər, Siyasət
Mixeil Saakaşvili Rusiyanın planları barədə məlumat verməklə demək istəyib ki, Gürcüstanın nicatı Azərbaycanla ittifaqdadır
Azərbaycana səfərini başa vuraraq vətəninə qayıdan Gürcüstan prezidenti Mixeil Saakaşvili Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada ölkəsinin və Azərbaycanın Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib. O, əlavə muxtariyyətlər yaradılmaqla Gürcüstanın daha da parçalanması ehtimalının olduğunu, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlandığını söyləyib. M.Saakaşvili onu da əlavə edib ki, Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıqov (“AzərRos”un sabiq prezidenti Söyün Sadıqov) soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə vəd verib. Prezidentin sözlərinə görə bu cür vədi ölkədəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. M.Saakaşvili bildirib ki, Sadıqov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır.

“Lukoil”un prezidentini dövlət çevrilişində ittiham etmək iftiradır”. Bu sözləri Modern.az saytına “Lukoil” şirkətinin Bakı ofisinin rəsmi nümayəndəsi Eldar Əliyev bildirib. O, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “AzərRos”un sabiq prezidenti Söyün Sadıqovun “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla birgə Azərbaycanda Gürcüstansayağı dövlət çevrilişi həyata keçirmək istəyində olmaları haqda bəyanatını cəfəngiyat adlandırıb.

E.Əliyevin sözlərinə görə, belə fikirləri səsləndirmək axmaqlıqdır: “Gürcüstanda nə baş veribsə, onların öz işidir. Amma “Lukoil”un prezidentini belə bir şeydə ittiham etmək böhtandan başqa bir şey deyil”.
Məsələyə Azərbaycan politoloqları münasibət bildiriblər.

Politoloq Aydın Musayev Gürcüstan prezidenti Mixeil Saakaşvilinin son açıqlamasını öz xalqına səsləniş kimi qələmə verib. Onun sözlərinə görə, gürcü prezidenti bununla demək istəyib ki, Gürcüstanın nicatı Azərbaycanla ittifaqdadır: “Azərbaycanla normal münasibətlərin pozulması Gürcüstan üçün fəlakət deməkdir. Çünki Azərbaycan qazını öz sakinlərimizə nə qiymətə satırıqsa, Gürcüstan əhalisi də o qiymətə alır. Söyün Sadıqova gəlincə, mən onu şəxsən tanımıram, heç tanımaq da istəmirəm. O, vaxtıilə Rusiyanın Milli KQB-sində işləyib. Hazırkı Rusiya prezidentinə də yaxın adamdır. Məlum məsələdir ki, Azərbaycanda prezident seçkilərinə təsir göstərməkdən ötəri həmin Söyün Sadıqov kimilərdən bəzi məqamlarda istifadə olunacaq. Biz balaca, Rusiya nəhəng dövlətdir. Amma bilavasitə Söyün Sadıqov vasitəsi ilə haradasa Azərbaycanda dövlət çevrilişi olacağına inanmıram. Onların buna gücü çatmaz. Çünki, daxildə fikir ayrılığımıza, müəyyən problemlərimizə baxmayaraq, milli məsələlərdə Azərbaycan xalqı prezidentimizin ətrafında dayanır. Lakin Gürcüstanla bağlı vəziyyət gərgin ola bilər. Mən yeni baş nazir İvanişvilidən hələ o hökumət başçısı olmazdan qabaq şübhələnirdim. Özünüz də fikirləşin, milyarderin nəyinə lazım idi ki, gəlib baş nazir olsun? Milyarder, özü də Parisdə yaşayan adam gəlib vətənpərvərlik edir. Bu şəxs də Rusiya tərəfindən olan adamdır. Onun fikri Gürcüstanı əvvəlki kimi Rusiyanın tərkibinə qaytarmaq, bu ölkənin Qərb yönlüyünü pozmaqdı”.

A.Musayev “milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun yaratdığı Borçalı Partiyasını separatçı “Sadval” təşkilatı ilə müqayisə edib: “Söyün Sadıqovun Borçalı Partiyasına, onun qarşısında duran hədəflərə gəlincə, bəli, bizim azərbaycanlılar Borçalının əksəriyyətini təşkil edir. Ancaq bu bir reallıqdır ki, azərbaycanlılar prezident və parlament seçkilərində uzun müddət Saakaşvilini dəstəkləyib. Nəyə görə? Çünki Saakaşvili Azərbaycanla Gürcüstanın nə qədər bir-birinə strateji tərəfdaş olduğunu başa düşən adamdır. Təəssüf ki, İvanaşvili haqqında mən bunu deyə bilmərəm. Putin bu yaxınlarda bir bəyanat verib. Deyib ki, Ara Abramyanla Söyün Sadıqov Moskvada bir-biri ilə dil tapıb, öz aralarında razılığa gəldiyi kimi, Azərbaycan və Ermənistan onlardan nümunə götürüb belə bir razılığa gəlməlidirlər. Məncə bu faktın özü də hər şeyi aydın ifadə edir. Rusiya öz məqsədinə çatmaqdan ötrü arada Azərbaycanın şimal bölgələrində “Sadval” hərəkatı yaratmışdı. İndi də Söyün Sadıqov vasitəsilə Gürcüstanda Borçalı Partiyasını yaradır. Bunlar hamısı Rusiyanın politexnoloji mərkəzlərində işlənib hazırlanmış ssenaridir. Bununla Gürcüstanı dağıtmaq istəyirlər. Bunlar hamısı Rusiyanın oyunlarıdır”.

Siyasi şərhçi Vəfa Quluzadə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Azərbaycanda çevriliş hazırladığı haqda çıxışını şərh edərkən, ölkədəki bütün qüvvələrin Moskvanın iyrənc çevriliş planına qarşı birləşməsini zəruri sayıb. O, Amerika və Türkiyəni də Azərbaycandakı vəziyyətlə bağlı ehtiyatlı olmağa səsləyib:

“Rusiyanın Azərbaycan çevriliş eləməsi mənim fikrimcə, mümkün deyil. Bütün məsələlər Azərbaycandakı daxili vəziyyətdən asılıdır. Azərbaycanda daxili vəziyyətdə stabillik pozularsa, onda bu vəziyyətdən təkcə Rusiya deyil, hamı istifadə etməyə çalışacaq. Rusiya da buna cəhd edəcək, İran da. Eyni zamanda bu baş verməsin deyə Amerika və Türkiyə çox ayıq olmalıdır. Azərbaycanın milli qüvvələri, iqtidar da hamısı bir yerdə bu cür variantın həyata keçməsinin qarşısını almaq barədə düşünməlidir. Hesab edirəm ki, gürcü prezidentin belə bir çıxışının arxasında müəyyən məqamlar var. Çünki, Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə də bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”.

Politoloq Qabil Hüseynli Gürcüstan prezidentinin söylədiyi fikirlərin bundan əvvəl bu və ya digər formada, ayrı-ayrı detallarla müxtəlif qəzet səhifələrinə üzə çıxdığını bildirib. Həmçinin, “milyarderlər ittifaqı” yarandığı andan onun Azərbaycan üçün təhlükə olduğu vurğulanıb. Politoloqun fikrincə, hətta Söyün Sadıqovun və kinorejissor Rüstəm İbrahimbəyovun səsləndirdiyi müxtəlif fikirlər də diqqətlə araşdırılanda, bunun da Rusiya mənbələrindən qaynaqlandığı açıq-aydın görülüb:

“Rusiyanın Azərbaycanda xaos yaratmaq, qarışıqlıq yaratmaq, prezident seçkilərini pozmaq kimi niyyətlərinin olduğu barədə həm xüsusi xidmət orqanlarında, həm də mediada məlumatlar var idi. Amma bu dəfə Saakaşvilinin məlumatları zənnimcə, daha mötəbər məlumatlardır. Bu məlumatlar təkcə Gürcüstan Xüsusi Xidmət Orqanlarının deyil, Qərb xüsusi xidmət orqanlarının da verdiyi mötəbər məlumatlara söykənir. Bu nöqteyi–nəzərdən Rusiyanın Azərbaycanla bağlı məkrli niyyətlərinin olduğunu şübhə etmədən qəbul etmək lazım gəlir. Son dövrlər Ermənistanın sürətlə silahlandırılması, Rusiya mətbuatında Qarabağ münaqişəsinin yenidən alovlanması barədə ardı-arası kəsilməyən politoloq rəylərinin yer alması, Söyün Sadıqovun müxtəlif bəyanatları onu göstərir ki, Rusiya Azərbaycan üçün bəlli bir ssenari hazırlayır. Bu ssenarinin həyata keçirilməsində Rusiya həm orada yaşayan azərbaycanlılardan, həm də özünün agentura şəbəkəsindən geniş surətdə istifadə etməyi nəzərdə tutur. Lazım gələrsə, hətta Dağlıq Qarabağ müharibəsinin yenidən qızışdırılması variantı üzərində düşünənlər də var. Bu nöqteyi-nəzərdə demək olar ki, bütün kartlar açılıb, hamısı bəllidir”.

Q.Hüseynlinin sözlərinə görə, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Rusiyanın məkrli planlarının pozulması üçün tədbirlərin görülməsidir: “Bu məqsədlə Azərbaycan vəziyyəti dərindən öyrənib adekvat tədbirlər görməklə yanaşı, həmçinin bu barədə BMT-nin Təhlükəsizlik Şurasında da məsələ qaldıra bilər. Çünki hadisələri qabaqlamaq üçün və eyni zamanda, hadisələrin ehtimal edilən variantının zərərsizləşdirilməsi üçün mütləq dünyanın və onun vacib təşkilatı olan BMT-nin xəbərdar olması, bununla bağlı onun bəlli tədbirlər görməsinə böyük ehtiyac duyulur. Güman edirəm ki, Azərbaycan bu məsələlər üzərində işləməkdə, lazımi tədbirləri görməkdədir”.

Rufik İSMAYILOV/Kaspi qəzeti
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed