Şrift:
Rejimin Güney Azərbaycana qarşı dəyişilməz siyasəti var
04.03.2013 [14:10] - Güney Azərbaycan xəbərləri, Müsahibə
«Prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, İranın anti-Azərbaycan siyasəti davam edəcək»

Musa Bərzin Xəlifəli: «Mahmud Əhmədinejad növbəti seçkilərdə namizədliyini irəli sürə bilməz»

İranda rejim daxilində ixtilaflar getdikcə dərinləşir. Buna misal olaraq fevralın 3-də İran parlamentinin iclasında iştirak edən prezident Mahmud Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında baş verən siyasi qalmaqalı göstərmək olar. Parlamentdə baş verən siyasi qalmaqal sonrakı günlər də prezidentlə Laricani qardaşları arasında davam etdi. Tərəflər qarşılıqlı ittihamlar irəli sürərək bir-birini qanunsuzluqda təqsirləndirdi. Ölkədə getdikcə ağırlaşan siyasi çəkişmələri yoluna qoymaq üçün İranın ali dini lideri, ayətullah Əli Xamneyi məsələyə müdaxilə etməli oldu. O, Mahmud Əhmədinejadla Əli Laricani arasında baş verən siyasi qalmaqalı pisləyərək baş verən bu hadisənin milləti və ziyalıları narahat etdiyini dedi. Ali dini liderin bu etirazından sonra Əli Laricani və Mahmud Əhmədinejad Xamneyiyə məktub yazaraq ona bağlı olduqlarını dilə gətirdilər. Ekspertlər İranda belə bir qalmaqalın baş verməsini rejim daxilində parçalanma kimi dəyərləndirirlər. Maraqlıdır, gündən-günə ağırlaşan siyasi vəziyyət qarşıdan gələn prezident seçkilərinə necə təsir göstərəcək? Bu cür hadisələr rejimin Güney Azərbaycana qarşı yürütdüyü siyasətinə də təsir göstərirmi? Suallarımıza cavab tapmaq məqsədilə əslən Ərdəbildən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan milli fəal və hüquqşünas Musa Bərzin Xəlifəli ilə həmsöhbət olduq.
- Sizcə, prezidentlə parlament sədri arasında baş verən siyasi qalmaqalın kökündə nə dayanır? Bu, rejim daxilində parçalanmadan xəbər verirmi?
- Bu səbəb də ola bilər. Lakin qeyd etmək lazımdır ki, rejim daxilində ixtilaflar bu günün söhbəti deyil. Bu ziddiyyətlər Mahmud Əhmədinejad İranda ikinci dəfə prezident seçiləndən sonra başladı. Prezidentlə ədliyyə naziri və onun qardaşı, parlamentin sədri Əli Laricani arasında ixtilaf düşdü. Ən sonda bu məlum siyasi qalmaqal gündəmə gəldi. Bu onu göstərir ki, dövlət məmurları arasında ixtilaflar daha da dərinləşib.
- Bu qalmaqaldan sonra ali dini lider prezidenti sərt şəkildə tənqid etdi. Bununla da ayətullah Xamneyinin Əli Laricaninin tərəfində durduğunu demək olar?
- Ali dini lider bu qalmaqalın bitməsini və hər iki tərəfin də sakitləşməsini istəyir. Bildiyiniz kimi, İran beynəlxalq aləmdən təcrid olunur və bu ölkəyə qarşı təzyiqlər göstərilir. Belə bir durumda ali dini lider ölkədə siyasi qalmaqalların davam etməsini istəmir. Bu baxımdan hər iki tərəfi də sakitliyə dəvət edir. Bir neçə ay sonra İranda növbəti prezident seçkiləri keçiriləcək. Görünür, ayətullah Xamneyi o zamanadək vəziyyəti nəzarət altında saxlamağa çalışır. Bir zamanlar ali dini lider Mahmud Əhmədinejadı çox dəstəkləyir, onu müdafiə edirdi. Lakin ayətullah Xamneyi Əli Laricanini deyil, prezidenti tənqid etdi. Bu o deməkdir ki, deməli Mahmud Əhmədinejad artıq ali dini liderə də qarşı çıxır. Ayətullah Xamneyi münaqişəli tərəflərdən parlament sədrini dəstəklədi. Bu baxımdan prezident haqqında ağır ifadələr işlədərək onu ittiham etdi.
- Ölkədə bu cür siyasi qalmaqallar əhali tərəfindən necə qarşılanır? Cəmiyyətin reaksiyası necə olur?
- Qalmaqala səbəb olan videoda Əli Laricaninin qardaşı Fazil Laricani ilə Tehranın sabiq prokuroru Səid Mürtəzəvi arasında söhbət yer alıb. Onlar arasındakı dialoqdan belə başa düşülür ki, Əli Laricani qardaşları öz nüfuzlarından və vəzifələrindən sui-istifadə edirlər. Həmçinin ortada rüşvət məsələsi də var. Əlbəttə ki, dövlətin yüksək postunda dayanan məmurlar haqqında bu cür neqativ söhbətlər qınağa səbəb olur. İnsanlar görür ki, məmurlar hansı qanunsuz işlərə əl atır və xalqın malını necə mənimsəyirlər. Bu baxımdan nəticədə əhalinin dövlətə olan etimadı daha da azalır. Rejim ictimai nüfuzunu itirir.
- Bəs hakimiyyət daxilində belə bir parçalanma rejimin Güney Azərbaycana qarşı siyasətininə təsir göstərirmi?
- Yox. İran rejiminin Güney Azərbaycana qarşı yürütdüyü vahid siyasət var. Hakimiyyətdə baş verən siyasi qalmaqallardan və daxili ixtilaflardan asılı olmayaraq Güney Azərbaycana qarşı eyni siyasət yürüdülür. Rejimin bu siyasi xətti dəyişməz olaraq davam edir.
- Mahmud Əhmədinejad üçüncü dəfə prezident seçilə bilərmi?
- Xeyr. Çünki artıq iki dəfə ardıcıl olaraq prezident seçilib. İran qanunvericiliyinə görə, iki dəfə ardıcıl prezident seçilən şəxs üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Bu baxımdan Mahmud Əhmədinejad bu dəfə yox, o biri seçkilərə yenə qatıla bilər. Amma ola bilər ki, budəfəki seçkilərdə o özü olmasa da, yaxın çevrəsindən kimsə prezident seçilsin.
- Bu halda Mahmud Əhmədinejad baş nazir və ya başqa bir postda hökumətdə təmsil oluna bilərmi?
- Mahmud Əhmədinejad çıxışlarının birində deyib ki, indiki hökumət davam edəcək. Ola bilər ki, İranda da Rusiyadakı sistem tətbiq olunsun. Yəni bu dəfə Əhmədinejad baş nazir, o biri seçkilərdən sonra isə yenə prezident seçilsin. Məncə, bu fikir onlarda da var. Amma nə dərəcədə buna nail ola biləcəklərini demək çətindir.
- Budəfəki seçkilərin nəticəsindən asılı olaraq Güney Azərbaycana qarşı siyasətdə dəyişiklik ola bilər?
- Bir az əvvəl də qeyd etdiyim kimi, rejim 33 ildir Güney Azərbaycana qarşı dəyişilməz və vahid bir siyasət yürüdür. Hətta Pəhləvi dövründən bu siyasət var. İstər iqtidar, istərsə də müxalifət bu siyasəti dəstəkləyir və bu siyasətə inanır. Kimin seçilməsindən asılı olmayaraq, Güney Azərbaycana qarşı anti-Azərbaycan siyasəti davam edəcək.

Turqut
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed