Şrift:
“Əmi, mənə iki “ştuçnı” siqaret ver” – Azyaşlıların siqaret aludəçiliyi – ARAŞDIRMA
06.03.2013 [16:20] - Sağlıq
Metro çıxışlarında, qəzet köşklərində satılan, orta məktəb şagirdlərinin ciblərinin gizli qonağı olan siqaretlərin ədədlə satışı bu gün də davam edir. İlk baxışdan təhlükəsiz görünsə də, az çəkilməsi kimi təəssürat oyatsa da? əslində siqaretlərin tək-tək satışı daha təhlükəlidir.

Bir çox ölkələr kimi Azərbaycanda da qanuna əsasən 18 yaşına kimi şəxslərə siqaret və spirtli içki satılması qadağandır. “Tütün məmulatları haqqında” Qanunun 15.5-ci maddəsinə görə, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatlarını nə avtomatla, nə də dükanda ədədlə, tək-tək satmağa icazə yoxdur. “Reklam haqqında” Qanun isə bir qədər daha sərt tələb qoyur. Belə ki, uşaq, təhsil, idman müəssisələrində, həmçinin onlardan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 236.2-ci maddəsinə görə, ticarət və ya ictimai iaşə müəssisələrində yetkinlik yaşına çatmayanlara siqaret və içki satanlar şərti maliyyə vahidinin 15 mislindən 40 mislinədək miqdarda cərimə edilir. Təəssüf ki, qanunun bu tələblərinə əməl olunduğunu demək olmaz. Bakıda istənilən məktəb yaxınlığında kiçik dükanlar, köşklər, marketlər var. Orada spirtli içki olmasa belə, siqaret mütləq satılır. İndi belə köşklərə metro stansiyalarının çıxışında, dayanacaqlarda da rast gəlmək olar. Burada açıq şəkildə siqaret satışı var. Əksər satış mərkəzlərində siqaretlər həmçinin ədədlə satıldığından, azyaşlı uşaqların da bunu almağa imkanı yaranır.

Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına tam əməl edilmir. Halbuki, bu konvensiyaya əsasən tütündən azad zonanın yaradılması nəzərdə tutulub. Konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağasına ölkəmizdə əməl olunsa da siqaretin tək-tək satılması qadağasına hələ də əməl edilmir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Tütün və tütün məmulatları haqqında“ Qanunda siqaretlərin tək-tək satışı qadağandır: “Bu məsulların azyaşlılara və tək-tək satışı qadağan olunsa da, buna əməl olunmur. Məktəb, tibb ocaqlarının yaxınlığında da, bu məhsulların satışı qadağandır. Bundan başqa, qasid obyektlərində isə qəzetdən başqa nə desən satılır, həmçinin tütün məhsulları da. Azyaşlılara və məktəblilərə bu məhsulların satışı qadağan olunsa da, satıcılar buna əməl etmir. Harada gəldi, kimə gəldi satırlar, təki istehlakçıdan pul çıxsın”. AİB sədri onu da əlavə etdi ki, belə satışlara görə cərimə sanksiyaları tətbiq olunmalıdır. Onun sözlərinə görə, hələ bu günə kimi belə bir sanksiya tətbiq olunmayıb: “Siqaretdən istifadəni azaltmağın bir yolu da müəyyən məhdudiyyətlərin qoyulmasıdır. Belə ki, bu üsul qonşu Türkiyədə sınaqdan keçirildi, yəni qapalı yerlərdə siqaret çəkiləsi qadağan olundu və bundan sonra siqaret satışı 100 milyarddan aşağı düşdü”.

Dünyanın hər yerində tək-tək siqaret satışının qadağan olunduğunu deyən Eyyub Hüseynov onu da bildirdirdi ki, belə bir tendensiya Hindistanın paytaxtı Dehlidə də müşahidə olunur. Onun sözlərinə görə, həmin ölkədə də siqaretlərin tək-tək satılması halına rast gəlinir.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, tək-tək siqaret alıcılarının əksəriyyəti yuxarı sinif şagirdləridir. Onların qutu siqaret almaq imkanları olmadığından bir-bir almağa üstünlük verirlər. Halbuki, tək-tək alınan siqaretin təhlükəsi daha böyükdür: “Bu gün bir-bir alır, sabah birini və bununla da vərdiş yaranır. Statistika da göstərir ki, narkomaniya o insanlara arasında yayılır ki, həmin insanlara siqaret aludəçisidir. Ona görə də siqaret həm sosial, tibbi, hansı tərəfə dönsən bəladır. Çox vaxt gənclər buna forslanmaq, ədalanmaq kimi baxırlar. Bu gün həmin satışlar yığışdırılmalıdır. Çünki, hər yerdə “ştuçnı” siqaretlərin satışı azyaşlıların da siqaretə cəlb olunmasına səbəb olur. Ola bilər ki, onun pulu yoxdur, qutu siqaret almayacaq. Amma gedib birini, ikisini alıb çəkir. Bununla da artıq asılılıq başlayır. Siqaret mafiyasının tək-tək siqaret satışında xüsusi marağı var. Odur ki, bu gün tək-tək siqaret satışının azaltmaq olmur. Çox yaxşı olar ki, siqaretin tək-tək satılmasına qarşı kütləvi kompaniyaya başlayaq. Bəlkə belə bir kompaniya öz effektini verər”.

Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla bu fikirdədir ki, siqaretin tək-tək satışı gigiyenik cəhətdən də düz deyil. Onun sözlərinə görə, siqaret qutusunun açılması və tək-tək satıldığına görə, ora müxtəlif adamların əli dəyilir. Belə olan halda siqaretin filtri müxtəlif mikrob yığır və ondan istifadə etdikdə insan orqanizminə düşən həmin mikroblar müxtəlif xəstəliklər yarada bilir. Ona görə də siqaretin tək-tək satılması sağlamlıq baxımından düz deyil: “Sovet dövründə tək-tək siqaret satışı yox idi. Bütöv bir qutuda satılırdı. Uşaqlarda ondan istifadə edirdi, böyüklər də. Ona görə də, inzibati metodları kəskinləşdirməklə effektli nəticə əldə etmək mümkün deyil. İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması, siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması bu insanları zərərli vərdişlərdən daha tez xilas edər. Siqaret çəkənlər üçün ayrıca sahələrin ayrılması faktiki olaraq onların cəmiyyətdən təcrid edilməsidir. Onların bu diskriminasiya hissini yaşaması daha effektlidir, nəinki cərimə olunmaq. O ki qaldı tək-tək siqaret satışının passiv təbəqəni aktivləşdirməsinə, passivlik, yaxud aktivlik satışın necəliyi ilə bağlı deyil. Bu, çəkənlə çəkməyənin münasibətlərindən asılıdır. Məsələn, kişi evdə siqaret çəkir, ailənin üzvləri artıq passiv çəkənlərə çevrilir. Nikotinin bronxlara təsiri nə qədər çoxdursa, xəstəliyin yaranması ehtimalı da bir o qədər çoxdur. Təsadüfi deyil ki, rəsmi statistikaya əsasən, siqaret çəkməyənlərin ağ ciyər xəstəliklərinə, ağ ciyər xərçənginə yoluxması halları çəkənlərdən 20 dəfə artıqdır. Bu o deməkdir ki, siqaret aludəçisi əslində, ətrafdakılara daha çox zərər verir. Siqaret çəkməyənlər siqaret tüstüsünə qarşı çox həssasdır və onların xəstəliyə yoluxma ehtimalı da artıqdır. Məncə, siqaretin şəxsin özünə, eləcə də ətrafdakılara, ailə üzvlərinə zərəri barədə maarifləndirici işlərin aparılmasına ehtiyac var”.


Hələ ki, qadağalara məhəl qoyan yoxdur. Siqaretin gətirdiyi fəlakət isə bəzən “paçkalar”la bəzən də tək-tək irəliləyir. Və əslində, biz bu ağ ölümü öz əllərimizlə özümüzə satırıq.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, ticarətdə hamıya öz malını satmaq üçün imkan yaradılır. Onun sözlərinə görə, ticarətçiləri insanların sağlamlığı maraqlandırmır. Onları gəlir maraqlandırır: “Siqaretlə bağlı qanun layihəsi hazırlanır. İctimai yerlərdə siqaret çəkmək və bu kimi başqa məsələlər orda öz həllini tapıb. Amma qanun layihəsinin qəbul edilməsi ehtiyac var. Belə bir qanunun qəbul olunmasının tərəfdarıyam”.

Gültəkin Ələsgər/Modern.az
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed