Şrift:
“Hacıbala Abutalıbov Rusiyanın təəssübkeşi kimi çıxış edir”
06.03.2013 [17:09] - Siyasət
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş və İnkişaf Partiyasının (VİP) 2013-cü il martın 11-də Rusiya səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.

Partiyadan Davam.az-a verilən məlumata görə, BŞİH-nın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə daxil olmuş cavab məktubunda şəhər rəhbərliyinin müxalifət üçün standartlaşdırdığı “arqumentlər” əsas götürülərək, piketin keçirilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilib. Məktubda qeyd olunub ki, Rusiya səfirliyi Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazisində yerləşdiyindən, orada toplantının keçirilməsi mümkün deyil.

VİP sədrinin müavini Ramil Hüseynov BŞİH-nin piketin keçirilməsini mümkünsüz edən “arqumentlər”inin əsassız olduğunu bildirib:

“Bakı meriyasının məktubunda qeyd olunanlar ucuz bəhanədən başqa bir şey deyil. Biz Rusiyanın son dövrlər Azərbaycanla bağlı siyasətinin təhlükəli yön aldığını görərək, bu aksiyanın keçirilməsinə qərar vermişik. Burada söhbət Azərbaycanın müstəqilliyi üçün yaranmış təhlükəyə etiraz bildirilməsindən gedir. Hacıbala Abutalıbov isə ənənəsinə uyğun qaydada, yenə də siyasi xarakterli qərar verib və Rusiyanın təəssübkeşi kimi çıxış edərək, piketin keçirilməsinə qarşı çıxıb. Həmin ərazinin aksiya keçirilməsi üçün münasib olmadığını yazıblar. Əslində isə Rusiya səfirliyinin yerləşdiyi ərazi kütləvi aksiyaların təşkili üçün çox əlverişlidir. Orada nəinki əlli nəfərlik piket, hətta beş yüz nəfərlik mitinq də keçirmək olar”.

R.Hüseynov BŞİH-nin əks cavabından sonra təyin edilmiş piketin keçirilməsinin mümkünlüyü məsələsinə də aydınlıq gətirib:
“Meriyadan cavab məktubu alındıqdan sonra partiyada aksiyanın bütün hallarda keçirilməsi, eyni zamanda, aksiyaya çıxılmaması məsələsində vahid mövqe müəyyənləşməyib. Bu barədə yekun qərarın verilməsi üçün martın 7-nə Siyasi Şuranın növbədənkənar iclası çağırılıb. Şəxsən mən istənilən halda aksiyanın keçirilməsinin tərəfdarıyam. Amma piketin keçirilib-keçirilməməsi həmin iclasda qəbul ediləcək və mənim də tabe olacağım qərardan asılı olacaq”.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed