Şrift:
Babək Çələbiyanlı: Məhkəmələrdə milli fəallara «Ettelaat»ın sifarişilə hökm çıxarılır
09.03.2013 [12:18] - Güney Azərbaycan xəbərləri, Müsahibə
«İranda birinin həbs edilməsi üçün onun türk olması yetərlidir»

Budəfəki müsahibimiz hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan güneyli soydaşımız Babək Çələbiyanlıdır. O, həmçinin Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) ictimaiyyətlə əlaqələr şöbəsinin məsuludur.
- Hazırda Güney Azərbaycanda siyasi məhbusların vəziyyəti necədir?
- Sözün həqiqi mənasında İran adlanan ölkə başdan-başa böyük bir həbsxanadır. Bu ölkədə əhalinin 70 faizindən çoxu öz ana dilində təhsil ala bilmir, vətəndaşlara öz kimliyini dilə gətirmələri qadağan edilib, ailələr övladlarına istədikləri adı qoya bilmirlər, ölkənin rəsmi qəzetləri, radio və televiziyaları qeyri-fars millətlərinə, xüsusilə də türklərə və ərəblərə qarşı informasiyalar yayır, insanlar tarixini öyrənə bilmirlər və s. Demokratik ölkələrin həbsxanasında olan azadlıq İrandakı azadlıqdan daha çoxdur. Siyasi məhbusların vəziyətini öyrənmək üçün həbsxanalardan birinə- Təbrizin mərkəzi həbsxanasının durumuna nəzər salmağımız kifayətdir. Bu zindanın binası şah rejimi dövründə axır kimi istifadə olunub. İranda islam inqilabından sonra isə həbsxana ediblər. Standart tutumu 1800 nəfərdir. Sonralar zindana əlavə yataqlar da yerləşdirərək sayı 2500 nəfərədək çoxaldıblar. Hazırda isə həmin həbsxanada 4000-ə yaxın məhbus saxlayırlar. Yer olmadığı üçün bir çox məhbuslar quru yerdə yatmalı olurlar. Bu isə zindanda xəstəliklərin yayılmasına səbəb olur. Həbsxananın binası çox köhnə tikilidir, hamam-tualet azdır, gigiyenaya və tibbi standartlara əməl olunmur. Başqa bir önəmli məsələ isə 2 il əvvəl zindandakı siyasi məhbuslar üçün nəzərdə tutulan bölmənin ləğv edilməsidir. Nəticədə siyasi məhbuslar cinayətkarlarla birgə saxlanılır. Bu isə mənəvi və psixoloji baxımdan siyasi məhbuslara əziyyət verir. Təsəvvür edin ki, siyasi məhbusları narkomanlarla, ömürlük həbs cəzası alan məhbuslarla, qatillərlə, PKK terrorçularıyla bir yerdə saxlayırlar. Orada çox zaman məhbuslar arasında ağır davalar baş verir, siyasi məhbusların həyatı təhlükədə olur.
- Milli fəalları nə üçün həbs edirlər?
- İranda birinin həbs edilməsi üçün onun türk olması yetərlidir. İran dünyada tayı bərabəri olmayan bir rejimdir. Orada yaşamadan oranın durumunu anlamaq olduqca çətindir. Rejim ayaqda qalmaq üçün hər bir vasitəyə əl atır. Din adı altında dindən də sui-istifadə edir. Onlar yalan danışaraq iddia edirlər ki, siyasətləri ilə dinləri eynidir. Elələrindən soruşmaq lazımdır ki, hansı islam qanununda yazılıb ki, müsəlman ölkəyə təcavüz edən Ermənistanı himayə etmək olar? Hansı ayədə və ya peyğəmbər hədislərində buyrulub ki, insanlar düşüncələrinə və haqlarını tələb etdiklərinə görə həbs edilməlidir? Güney Azərbaycanın milli fəalları ana dilimiz olan Azərbaycan türkcəsinin rəsmi dil olmasını, Urmiya gölünün xilasını, ayrı-seçkilik siyasətinə son qoyulmasını, Ermənistanla əlaqələrin dayandırılmasını, həbsdəki soydaşlarımızın azadlığa buarxılmasını tələb edirlər.
- Həbs edilən milli fəallara qarşı adətən hansı ittihamlar irəli sürülür?
- İranda məhkəmələr müstəqil deyil. Hakimlər milli fəallara «Ettelaat» əməkdaşlarının istəyi və tələbilə hökm çıxarır. Bu da özbaşınalığın və qanunsuzluğun başqa bir nümunəsidir. Qondarma məhkəmələrdə milli fəallara qarşı adətən oxşar ittihamlar irəli sürülür. Məsələn, qanunsuz təşkilatlara üzv olmaq, qanunsuz ictimai fəaliyyət göstərmək, ölkə rəhbərini təhqir etmək, rejim əleyhinə fəaliyyət, milli təhlükəsizliyə qarşı çalışmaq, Azərbaycan Respublikasına casusluq etmək və s.
- Milli fəalların həbsi hərəkata necə təsir göstərir?
- Bu məsələyə bir neçə yöndən baxmaq olar. Bunun müsbət və mənfi cəhətləri var. Şəxsən heç bir milli fəalı, ümumiyyətlə haqq-ədalət, azadlıq, insan hüquqları uğrunda mübarizə aparan insanları həbsxanada görmək istəmərəm. Amma təəssüf ki, diktator rejimlərin «yaşaması» aydınların, hüquq müdafiəçilərinin həbsindən asılıdır. İstər-istəməz mübarizə yoluna qədəm qoyan hər bir insan həbsi, işgəncəni, işdən qovulmanı, maddi və mənəvi zərərləri gözə alaraq bu yola çıxır. Tarix boyu azadlıq yolu çox qəddar olub. Azadlıq və ana vətən uğrunda Babəklər, Səttarxanlar, Xiyabanilər, Heydər Əmoğlular, Müşfiqlər, Almaz İldırımlar, Pişəvərilər və s. kimi oğullar canlarından keçiblər. Bu yol müqəddəs və çox ağır, eləcə də çətin yoldur. Gerçək mübariz insanların hər bir addımı onların hədəfini təbliğ edir. Milli fəal istər yazısı, istərsə də aksiyalarıyla və ya həbsilə öz səsini xalqına, düşməninə və dünya ictimaiyyətinə çatdırır. Rejim çalışır ki, milli hərəkata yeni qoşulan gəncləri həbs edərək onları passivləşdirsin.
- Hazırda həbsdə olan milli fəallardan kimlərin adını çəkə bilərsinz?
- Hazırda xeyli sayda milli fəal həbsdədir. Əsasən tanınmış milli fəallarla bağlı məlumatımız olur. Təəssüflər olsun ki, xeyli tanınmayan milli fəallar gözümüzdən bəzən qaçır. Yaxud da ailələrinə təzyiq göstərirlər ki, kimsəyə xəbər verməsinlər. Bəzən isə kütləvi həbslər zamanı hər kəsin kimliyini öyrənmək çətin olur. Məsələn, «Traktor»- «Əlcəzirə» oyunundan sonra xeyli sayda azarkeş və sıravi vətəndaş həbs olundu. Hamısının kimliyi hələ də dəqiq məlum deyil. Azadlıq simvolu olan Səid Mətinpur hələ də Tehranın «Evin» zindanında həbsdədir. Təbriz həbsxanasında saxlanılan milli fəallardan Mehdi Həmidi Şəfiq, Əziz Purvəli, Mahmud Fəzli, Əhməd Riyazi Mübarək, Şəhram Dadaşi, Yaşar Piri, Yürüş Mehrəlibəyli, Həsən Ərk, Şəhram Radmehr, Fərdin Muradpur, Əbdüləziz Əzimi Qədim, Məhəmməd Türkmən, Salar Turi, Məhəmməd Xətibi, Həcəf Xəndan, Əli Şirnak, Məhəmməd Əmirinin və s. adlarını çəkmək olar. «Ettelaat»ın Təbriz şöbəsində isə təkadamlıq kamerada saxlanılan Siyamək Seyfi, Əli Əhmədi, Siyamək İrani, Musa Sudi, Kəsra Davudi də var. Marağa həbsxanasında isə Behbud Quluzadə, Davud Əzimzadə, Abbas Vəlizadə, Mehdi Kuxiyan, Xoy həbsxanasında Əmir Çəməni, Yaşar Kərimi, Kərəc həbsxanasında Lətif Həsəni, Urmiya həbsxanasında Yunis Ağayan (ələvi) saxlanılır.
- Bir çox milli fəal üçün irəli sürülən ittihamlardan biri rejim əleyhinə təbliğatdır. Bu ittihama münasibətiniz necədir?
- İranda irəli sürülən ittihamlar qanunsuz olur və «Ettelaat»ın sifarişilə hökm çıxarılır. Artıq rejim də başa düşür ki, 90 illik paniranizm düşüncəsinə əsaslanan yalanlar, yazdıqları qondarma tarix və assimilyasiya siyasəti üzə çıxır. Zülm altında yaşayan xalqlar artıq ayağa qalxıblar. Azərbaycan gənciliyi öz milli varlığına sahib çıxır. Bu durumda rejim ömrünün başa çatdığını görür. Ona görə də hər hansı bir haqq tələb edən səsi boğmaq istəyir, onlara qarşı qondarma ittihamlar irəli sürür. Rejim yaxşı bilir ki, milli hərəkat millətimizdən yüksələn haqq səsidir. Bu hərəkatdır və gündən-günə də güclənir. İran rejiminin bir düz işi və ya bir düzgün əməli yoxdur. Hardan yapışsan, onu tənqid etmək olar. Bu səhvlər və nöqsanlar, daha doğrusu ötən 34 il ərzində edilən zülmlər, deyilən yalanlar aşkara çıxır. Bu rejimin gözündə nə dinin, nə insanlığın, nə düşüncə, nə də söz azadlığının dəyəri yoxdur. Eləcə də insanların həyatının qiyməti yoxdur. Önəmli olan irtica molla rejiminin həyatıdır.
- Milli hərəkatda silahlı mübarizə gözlənilirmi?
- Bu sualı Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) Hizamnaməsində yazılan bir bəndlə cavablandırmaq istəyirəm. Bənddə yazılıb: «Bu gün İranı saxlamaq və məmləkətin ərazi bütövlüyünü qorumaq adına fars irqçiliyinin qeyri-farslara qarşı yürütdüyü assimilyasiya siyasəti nəticəsində milli-mədəni varlığımız yox olmaq təhlükəsi qarşısındadır. Azərbaycan türkləri milli zülmə məruz qalmış bir millət kimi 80 ildə şovinist hakimiyyət tərəfindən ağır zərbələr alıb, mədəni və mənəvi dəyərləri ciddi zərər görüb. Nəticədə millətimiz özünü müdafiə etmək məcburiyyətində qalıb. Millətimiz demokratik və mədəni mücadilə yolunu seçib».
- Sizcə, dünyada milli hərəkat necə tanınır?
- Bilirsiniz ki, dünya gördüklərinə inanır. Ona görə də Güney Azərbaycanı dünyaya göstərməyə çalışmalıyıq. Məsələn, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin «Səhənd» stadionunda yerli «Traktor» futbol komandasının Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) «Əlcəzirə» klubu ilə oyununda azarkeşlər ingilis dilində «Güney Azərbaycan İran deyil!» yazılan böyük bir plakat qaldırdılar. Ölçüsü böyük olduğu üçün uzaq məsafədən də oxunula bilirdi. Bu cür addımlar hərəkatın tanınmasında çox faydalı olur. Siyasi hərəkatlarda səslənən şüarlar çox əhəmiyətlidir. Mənə elə gəlir ki, biz olduğumuz kimi görünmürük. Həqiqətən Güney Azərbaycan milli hərəkatı və milli fəallar çox demokratikdir. Həmçinin humanist, sülhpərvər və sekulyardırlar. Bəzən hərəkatın içində böyüməyən və xaricdə yaşayan insanlar irqçi şüarlar səsləndirməklə hərəkatın imicinə zərər verirlər. Bu məsələnin həlli xaricdəki milli fəallardan asılıdır. Əminəm ki, həqiqi milli fəallar bu məsələni tezliklə həll edəcəklər.


Turqut
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed