Şrift:
Əli Həsənov: Avropa Birliyinin Minsk Qrupunda xüsusi nümayəndəsi olmalıdır
09.03.2013 [15:54] - Gündəm, Siyasət
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrini davam etdirməkdə qətiyyətlidir və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyi və gücləndirməyi nəzərdə tutur.Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov nüfuzlu “New Europe” qəzetinə müsahibəsində söyləyib.

Əli Həsənov bildirib ki, Brüssel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəallıq göstərməli və Cənubi Qafqaz kimi vacib regionda sülhün bərqərar olmasına kömək etməlidir: "Bizim Avropa İttifaqı ilə yaxşı tərəfdaşlığımız var və bu təşkilatla bir neçə əməkdaşlıq sazişi imzalamışıq. Biz Aİ ilə enerji təhlükəsizliyinə dair Bəyannamə imzalamışıq. Azərbaycan Aİ ölkələrinin artan enerji tələbatının təmin edilməsində mühüm rol oynayır”.

Əli Həsənov Azərbaycan üçün vacib layihələr olan “Şərq tərəfdaşlığı” və “Avropa Qonşuluq siyasəti” proqramlarını xüsusi vurğulayaraq deyib ki, bu iki layihənin məqsədi Azərbaycanda Avropa dəyələrini gücləndirmək, xüsusilə də iqtisadi əlaqələri və azad bazar münasibətlərini inkişaf etdirməkdir: "Bunlar həm Avropa, həm də bizim üçün çox vacibdir”.

Azərbaycanın Avropa İttifaqı və Rusiya ilə əlaqələrini müqayisə edən Prezident Administrasiyasının rəsmisi deyib ki, Bakı Rusiyanı bu regionda çox böyük oyunçu hesab edir.
“Rusiyanın regionda maraqlarının olmasını təbii hesab edirik. Biz Aİ ilə qonşumuz kimi tərəfdaşlıq edirik. Buna görə də mən Azərbaycanın Rusiya və Aİ ilə əlaqələrini bölmək istəməzdim. Biz bu məsələdə seçim aparmaq istəmirik. Həm Rusiya, həm də Aİ bizim yaxşı tərəfdaşlarımızdır və onlarla milli maraqlarımız əsasında əməkdaşlıq edirik. Rusiya Avropanın əsas neft və qaz təchizatçısıdır. Biz də Avropanı neft və qazla təchiz edirik. Buna baxmayaraq, biz rəqib deyilik. Çünki onların öz bazarı vardır, bizim öz bazarımız. İqtisadi inkişaf, iqtisadi liberallaşma üçün həm Rusiya, həm də Azərbaycan Qərbə istiqamətlənmişdir. Rusiya ilə bağlı yeganə fərq regional təhlükəsizlik məsələsidir. Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılmışdır. Keçmiş Sovet İttifaqının bir çox dövlətlərindən ibarət bu təşkilata Azərbaycan üzv olmamışdır. Azərbaycan NATO-nun da üzvü deyildir. Beləliklə, təhlükəsizlik məsələsində bizim müstəqil mövqeyimiz vardır. Əlbəttə, biz NATO-ya üzv olmasaq da, müxtəlif çərçivələrdə Alyansla tərəfdaşlıq edirik. NATO-ya üzv olmağı da planlaşdırmırıq. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil olmaq fikrimiz yoxdur. Hesab edirəm ki, bu məsələlərdə neytral olmaq milli təhlükəsizliyimizin xeyrinədir. Çünki inanırıq ki, neytral mövqenin saxlanması Azərbaycanın çox yaxşı tranzit və Şərq ilə Qərb arasında körpü rolunu oynaması üçün daha əlverişlidir”,- deyə PA rəsmisi əlavə edib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Aİ-dən kömək gözləyirmi” sualına cavabında Əli Həsənov deyib ki, Azərbaycan münaqişənin həllində Aİ-dən ATƏT-in Minsk qrupunun dəstəyi formasında güclü təsir və dəstək gözləyir. Hazırda Aİ Fransa vasitəsilə ATƏT-in Minsk qrupunda təmsil olunur: "Lakin hesab edirik ki, gələcəkdə təşkilat ATƏT-in Minsk qrupunda özünün şəxsi nümayəndəsi olması məsələsini də nəzərdən keçirməlidir. Bu, həm də münaqişənin həllində Aİ-nin mövqeyinin güclənməsinə kömək edəcək. ATƏT-in Minsk qrupunda Fransa Aİ-ni təmsil etməsinə baxmayaraq, bu, yalnız bir dövlətdir. Buna görə də biz Aİ-nin bu məsələdə daha fəal təsirini gözləyirik. Çünki inanırıq ki, Cənubi Qafqazda sülh olmadan Avropanın tam təhlükəsizliyindən söhbət gedə bilməz”.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed