Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: -BALACA ŞƏHİD FARİZİN HEKAYƏTİ
11.03.2013 [10:57] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
poema

8 martda öz evlərinin həyətində oynayarkən
erməni snayperi tərəfindən vurulmuş Ağdam
bölgəsinin Orta Qərvənd kənd sakini doqquz
yaşlı Fariz Bədəlovun ruhuna!

Biri vardı, biri yox,
Mənzil uzun, hünər çox.
Orta Qərvənd elində,
Söz-söhbəti dilində,
Balaca Fariz vardı,
Ona da həyat yardı.
O uşaq diləkləri,
Nazlardı ürəkləri.
Anası Şirinnazın,
Oxşardı könül sazın.
O Məlahət nənənin,
Yuyardı qəlbdən çənin.
Dayısı Elgiz onu,
Tutardı əziz onu.
Candan bala deyərdi,
Evə qala deyərdi...

***
Körpə vaxtdan taleyi,
Olmuşdu sızlar neyi.
Ata atmış anasın,
Dərdə qatmış anasın.
Dayı, nənə yanında
Həyat eşqi canında,
Böyüyürdü bu körpə,
Nənəsi öpə-öpə
Bəsləyərdi nəvəsin,
Qoxlayırdı nəfəsin.
Məktəbə də gedirdi,
Anasın şad edirdi.
Kənd düşmənlə üzbəüz,
Atırlar gecə-gündüz.
Məktəbə qorxa-qorxa
Yol-izə baxa-baxa
Uşaqlar gedir-gəlir,
Qəmləri sinə dəlir.
Başqa çocuqlar təki,
Anaya edir ərki,
Bu körpəcə balalar,
Gələcəyə qalalar.
Bağ-bağatda qaçışmaq,
Kəpənəktək uçuşmaq,
İstəyirlər beləcə,
Çıxmasınlar bəs necə,
Evdən çölə ay, illə.
Bir gün gələrək dilə,
Fariz dedi: Ay ana,
Gətir çörək, çay ana.
Mən yemək istəyirəm,
Söz demək istəyirəm.
Bu gün səkkiz mart axı,
Martda çıxır dərd axı.
Burax məni həyətə,
Hə de, bu xoş niyyətə.
İstəyirəm oynayım,
Bağ-bağatla qaynayım.
Versən topu gedərəm,
Yoxsa şuluq edərəm.
Ev-eşiyi qatacam,
Kitabları atacam.
Gündüz erməni atmaz,
Görüb heç məni atmaz.
Axı mən balacayam,
Qoyun oynayıb doyam.
Dava böyüklər işi,
Uşağa batmaz dişi.
Burax gedim, ay ana,
Şadlıq edim, ay ana.
Bu gün analar günü,
Könlümdə qur düyünü.
İstəyirsən sənə bir,
Şer oxuyum et səbir:
Mənim munisim anam,
Ən gözəl hissim anam,
Mübarəkdir bayramın,
Qalmasın qəlbdə kamın.
Səni candan sevirəm,
Sənsən həyatım, çevrəm.
Ana güldü sevindi,
Farizə eşqlə dindi.
Dedi: Oyna həyətdə,
Erməni bəd niyyətdə.
Ayaq üstə gəzmə çox,
Yağılara ümid yox.
Qəfil güllə atarlar,
Qəlbimə dərd çatarlar...
***
Fariz düşdü həyətə,
Sevinclə ötə-ötə.
Ayaqladı torpağı,
Dərdi otu-yarpağı.
Topunu atdı bağa,
Baxdı çox sola-sağa.
Qaçdı topun dalınca,
Düşmən xəbər alınca,
Snayperi tuşladı.
Sanki quşu daşladı.
Güllə başına dəydi,
Göz qaraldı, qədd əydi.
Fariz çökdü torpağa,
Ahın əkdi torpağa.
Qan bürüdü üz-gözün,
İtirdi uşaq özün,
Çığırtıyla yıxıldı.
Birdən canı sıxıldı.
Gözdə qaraldı dünya,
Sanki daraldı dünya.
Səsə anası gəldi,
Dərdə yanası gəldi.
Çökdü balası üstə,
Bala düşüb can üstə.
Ana balam vay deyir,
Ağlar nənə hay deyir.
Batdı yasa ev-ocaq,
Çəkildi sinəyə dağ.
Kənd haraya töküldü,
Aləm vaya töküldü...
Təcili Yardım gəldi,
Haray-həşir yüksəldi.
Nalədən qopardılar,
Farizi apardılar
Xəstəxanaya onlar,
Ötdü dəhşətli anlar...
Uşaq yolda keçindi,
Dünya qanlı köçündü?...
Bu balaca oğlanın,
Necə götürdün dağın?
Qanı tutdu sabahı...
Nə idi de günahı?
Bu balaca Farizin
Qatladı yağı dizin.

***

Baş həkim Gülnarın da gözündən yaşlar axır,
Maşına tökülən qan qəlbin yandırıb yaxır.
Həkimlər, tibb bacılar qaçdı oyan-buyana,
Çaxnaşdı xəstəxana, aha batdı bir ana.
Doqquz yaşlı bir oğlan boyandı al qanlara,
Bu balaca şəhid də dağ oldu insanlara.
O körpəcə gözündə dondu həyat əbədi...
Soldu bir uşaq ömrü, çökdü həyat məbədi.
***

Baxırsan düşmənə sarı gileyli,
Elin yas içində, ey Orta Qərvəd.
Yağının sönərmi qan tökmək meyli?
Hiylələr biçində, ey Orta Qərvənd.

Bu dünya fitnələr fövqündə ağlar,
İblis sarayında şadlıqlar çağlar,
\Ah edir əlimdə dilsiz varaqlar,
Dil niyə-neçində, ey Orta Qərvənd.

Bu yurdlar bizimdi, bu ocaq bizim,
Bəs niyə titrəyir əsəbdən dizim?
Qəzəbə cəng edir yaş tökür dözüm
Dərd qaynar içində, ey Orta Qərvəd.

Ayağım torpağın üstündə əsir,
Düşmən snayperi naləni kəsir,
Şəhid körpə balan məzarda əsir,
Ruhu can köçündə, ey Orta Qərvəd.

Damında-daşında lal sükut gəzir,
Bu sükut elinin ürəyin əzir,
Ağrılı könlümü məlalın üzür,
Yağı öz suçunda, ey Orta Qərvəd.
***
Qurulub həyətdə bir yas çadırı,
Doqquz yaşlı oğlan baxır şəkildən.
İlahi, göylərdən gəl as çadırı!
Bu bala ürəyi yaxır şəkildən...

Gözü ah söyləyir, baxışı qəzəb,
Bir cavab istəyir böyüklərindən.
Doğrayır görəni bu dəhşət, əzab,
Harayı asılıb baş tüklərindən...

Molla yasin deyir, titrəyir səsi,
Balaca oğlana ağlayır səma.
Kəsir bu titrəyiş duyan nəfəsi,
Hər nəfəs içində üsyan var amma.

Ümidsiz baxışlar dikilib səsə,
Quran ayələri haray eyləyir.
Yasa yığılanlar nəfəs-nəfəsə,
Bəbəklər yaş tökür, dil vay eyləyir.
***
Əlləri qoynunda bir ana gördüm
Ağlayır ürəyi kor taleyinə.
Bəxti qara gəlmiş bir sona gördüm,
Toxuyur nifrinlər tor taleyinə.

Dərdi başdan aşır, görkəmi qəmli,
Üzündə kədərin izləri gəzir.
Kiprik ah içində, gözlər ələmli,
Şəhid balasını gözləri gəzir...

Ağlamır, içinə axır yaşları,
Sel-suya dönübdü ana qəlbində.
Donmuş gözlərindən baxır yaşları,
Yenidən alışıb yana qəlbində.
***
Qoca dünya, qanların, qırğınların de nədi?...
Unudubdu adamın insanlıq olan həddi.
Əzabına sarılıb bağrıqan Qarabağın,
İblislərin əliylə olubdu yara bağrın.
Hesabını çəkməyir kimsə kimin başından,
Yuyunur damın-daşın məzlumun göz yaşından.
Min bir uşaq arzusu güllə-boran dünyada,
Diləklər çaxnaşırlar ala-toran dünyada.
Bala dağlı bir ana göz yaşını axıdır,
Sanki bu olanlar da indi ona yuxudur.
Qoltuğunda ovudur qolların bədbəxt ana,\
Qışqırsınmı harayı yayılsın qoy hər yana?
Bəlkə o qoynundakı zənn edir balasıdır,
Köksü üstə sığınıb əbədi qalasıdır.
Qoltuğuna sığdığı qollara layla çalır,
Bu laylanı o indi bir ahı-vayla çalır.
Nənənin hönkürtüsü aləmi oyandırır,
Ananaın lal sükutu yeri-göyü yandırır.
Yas çadırı balaca Farizə matəm tutub,
Matəm eli yandırır, dünya qulağın tutub.
Öz evində gülləyə tuş gələn bu nakamı,
Basdırdılar torpağa qaldı ürəkdə kamı.
***
Matı-qutu çəkilib bu yurdda adamların,
Dumanı göz yaşıtək əlçimlənir damların.
Bu kənd də əsir kimi yaşayır öz evində,
Bacada gizli tüstü salmayır köz evində.
Gözlərdə həyat eşqi batır-çıxır quyuda,
Bütün ümidlərini sanki sıxır quyu da.
Kənddə heç kim heç nəyi aşkara edə bilmir,
Heç kim yolda-irızda piyada gedə bilmir.
Atəşkəs olsa belə snayperə tuş gələr,
Biqəfil gələn güllə onu qanına bələr...
***
Bu nə zülm, ay Allah, bu nə azğın müsibət?
Niyə bizi gözlədi böylə qanlı aqibət?
Biz öz torpağımızda işğala düçar olduq,
Təslimçi bir ovqatla bu dünyaya car olduq.
İndi körpə Farizin o donmuş baxışları,
Salır ürək içinə dərd dolu naxışları.
Dünya susur, dinməyir bu körpənin yasına,
Boyanıbdı bu dünya məkirlərin pasına.
Pas da dəmir çürüdür, nəinki ürək ola
Ya insanlıq dağıla, yada gələ haqq yola...
14-15 mart 2011. Pirallahı

Şirinxanım Kərimbəyli Şadiman
www.shirinxanim-shadiman.net
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed