Şrift:
Vahid Şirini: Həbsxanalarda siyasi məhbuslar narkomanlarla, cinayətkarlarla bir yerdə saxlanılır
14.03.2013 [15:31] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
«İşdən qovulmaq milli fəalların üzləşdiyi haqsızlıqlardan biridir»

Budəfəki müsahibimiz Vahid Şirinidir. Məktəb illərindən milli hərəkata qoşulan həmsöhbətimiz dəfələrlə həbs olunub, işgəncələrə məruz qalıb. GAMOH üzvü olan Vahid Şirini ilə daha yaxından tanış olaq.
- Özünüz haqqında məlumat verərdiniz.
- 1985-ci ildə Güney Azərbaycanın Salmas şəhərində doğulmuşam. Elə orada da orta məktəbə getmişəm. Atam da milli fəaldır. Bu baxımdan milli düşüncələrlə kiçik yaşlarımdan tanış idim. Atamın təsiri və ana dilimdə deyil, farsca təhsil almağım məktəbi yarımçıq qoymağıma səbəb oldu. Yalnız 5-ci sinifədək oxudum.
- Təhsilinizi yarımçıq qoymağınızı atanız istədi?
- Yox, elə deməzdim. Atam milli fəal olduğu üçün ailəmizdə hər zaman belə söhbətlər edirdi. Danışırdı ki, biz Azərbaycan türkləriyik, bu torpaqlar bizim xalqımıza məxsusdur, öz ana dilimiz var, fars dilində təhsil almağa məcbur deyilik və s. Elə bu düşüncələrlə böyüdük. Atam hər zaman ana dilimizi təbliğ edirdi. Hətta evdə mən və qardaşlarım bilmədən fars dilində danışanda inciyirdi, bizi danışdırmırdı. Mən orta məktəbə gedəndə hər dəfə deyirdi ki, yad dildə oxuyursan, o dil bizim deyil. Ana dilimdə təhsil almağı çox arzu edirdim. Lakin özgənin dilində oxumaq məcburiyyətimiz vardı. Bu haqsızlıqla təhsil almaq həvəsim də qalmadı. Fikirləşirdm ki, atam haqlıdır, niyə başqasının dilində oxumalıyam? Beləcə 5-ci sinifdən məktəbdən ayrıldım. Sənət öyrəndim. Onsuz da milli fəallar adətən dövlət müəssisələrində çalışa bilmirlər. Siyasi fəaliyyətləri aşkar olunan kimi işdə incidirlər, qovurlar. Atamı da işdən çıxardılar.
- Atanız harada çalışırdı?
- Atam polis idi. Amma bir gün də millətimizə və əqidəsinə xəyanət etmədi. İran rejimində demokratik ölkələrdə olduğu kimi siyasi düşüncəli insanlar azad şəkildə toplaşa bilmir. Gizli formada bir yerə yığışaraq müzakirələr aparırlar. Bəzən milli fəallar bir yerə toplaşanda polisə zəng edib satırdılar. Polis də həmin yerə basqın edib milli fəalları həbs edirdi. Amma atama göstəriş verəndə ki, filan yerdə milli fəllar yığışıb, onları həbs et. Atam da ya kiməsə zəng edib deyirdi ki, sizi satıblar, tez dağılışın, ya da özü gedib oradakılara dağılışın deyirdi. Sonra da gedib idarədə məlumat verirdi ki, heç kimi tapmadım. Atamın bu fəaliyyəti uzun zaman gizli qalmadı. Bir gün xəbər tutdular. Polis məmuru olduğu üçün belə bir ittihamla həbs edə bilmədilər. Polisin nüfuzuna xələl gələ bilərdi. Amma işdən qovdular. Sonra da başqa dövlət müəssisələri atamı işə qəbul etmədi. Uzun müddət atam işsiz qaldı, ailəmiz ağır maddi sıxıntı yaşadı.
- Siyasi fəaliyyətinə görə işdən qovulan başqa milli fəallar da var?
- Bu hərəkatda olmağın nəticələrindən biridir. Xeyli sayda milli fəal siyasi fəaliyyətinə görə işini itirib. Həmin şəxs milli fəal kimi tanınandan sonra isə dövlət müəssisələri işə qəbul etmir. Hərəkata baş qoyan hər kəs bu çətinlikləri bilir və qəbul edir.
- İlk dəfə neçə yaşınızda həbs olundunuz?
- 19 yaşımda. Başqa bir milli fəalı ziyarət etməyə getmişdim. Elə onların qapısında «Ettelaat» əməkdaşları basqın edib, məni tutdular. İşgəncə gördüm, qolunu sındırdılar. Qolumu 45-46 saat bağlı saxlayıb, 3 nəfər birlikdə döyürdü. Axırda sol çiynim də çıxdı. Bütün bədənimə qan sızılmışdı. Mənə dedilər ki, bir azdan məhkəməyə çıxırsan. Tələb edirdilər ki, səni kim bu yola çəkibsə, onların adını çək. De ki, mənə filankəslər bu işi gördürüb, yoxsa səni zindana göndərəcəyik. Əlbəttə ki, razılaşmadım. Sonra hakimin qarşısına çıxardılar. Məhkəmədə hakim heç nə demədi, məndən də heç nə soruşmadılar. Faktiki olaraq məhkəmə prosesi olmadan məni zindana göndərdilər. Salmas həbsxanasında qaldım. Bir müddət sonra atam mülki girovla müvəqqəti azadlığa buraxılmağım üçün müraciət etdi. Amma razılaşmadılar. Amma atam da israr etdi. Onlar da acığa düşüb, mənim işimi birinci hakimin şöbəsindən çıxarıb, başqa bir hakimə verdilər. Atamın özünü də məhkəməyə şikayət etdilər. Elə oldu ki, bu dəfə atamı həbs edib, məni sərbəst buraxdılar. Atamla da keçmişdən qalma düşmənçilikləri vardı. Nə üçün işdən çıxarıldığını unutmamışdılar.
- Həbsdən çıxandan sonra da siyasi fəaliyyətinizə davam etdiniz?
- Bəli. Belə bir haqsızlığı görəndən sonra and içdim ki, bu yolda hansı əziyyətlərlə qarşılaşsam da, mübarizəmə davam edəcəyəm. Dəfələrlə həbs olundum.
- Bəs qohumlarınız milli fəaliyyətinizə necə münasibət göstərirdilər?
- Dediyim kimi, milli fəalın ailəsində doğulub, böyümüşəm. Bu baxımdan həbs edilsəm də, atam milli fəaliyyətimə heç bir zaman qarşı çıxmadı. Əksinə hər vaxt məni dəstəklədi. Hətta atam məni qardaşlarımdan daha çox seçib sevərdi. Amma eyni sözləri qohumlarımın hamısı üçün deyə bilmərəm. Mənim milli fəaliyyətimə görə həbs edilməyimi qohumlarım bilirdilər. Görürdülər ki, mənə necə əziyyət edirlər. Bu onları qorxudurdu. Ona görə də məni də bu yoldan çəkindirməyə çalışdılar. Mən bəzən yaxın qohumların toyunda mahnı oxuyardım. Mahnını bitirəndən sonra keçirdim milli məsələlərə. Milli mövzulardan danışmağa başlayan kimi mikrofonu əlimdən alırdılar. İstəmirdilər ki, «Ettelaat» basqın edib toya qanqaraçılıq düşsün. Əslində demokratik bir rejim olsaydı, insanların hamısı mübarizə aparardılar. Rejimin milli fəallara qarşı çox qəddar cəzaları camaatı qorxudur. Sevdiyim bir qız vardı, həbs edildiyi üçün ailəsi mənə vermədi. İranda milli haqqını tələb etmək, bu cür nəticələrə də səbəb olur. Hətta həbs ediləndən sonra da milli fəalları müxtəlif yollarla narkotikaya cəlb etmək istəyirlər?
- Həbsxanada bu necə baş verir?
- Həbs edilən siyasi məhbusları narkomanlarla, cinayətkarlarla bir bölmədə saxlayırlar. Milli fəalları əqidəsindən döndərmək üçün onları da narkotika tələsinə salmaq istəyirlər. Amma əqidəmiz bizi bu cür mənfi hallardan çəkindirir. Milli fəallarımız narkotika tələsinə düşmürlər.
- Nə qədər müddətdir İranı tərk edibsiniz?
- 7 aydır. Mən xaricdəyəm, amma hələ də ailəmi incidirlər. Hələ də gecə saatlarında «Ettelaat» əməkdaşları evimizə basqın edirlər. Atama deyirlər ki, məhkəmədən icazəmiz var, Vahidi axtarırıq. Ailəm də deyir ki, siz Vahidin ölkədən çıxdığını bizdən də yaxşı bilirsiniz. Onların məqsədi ailəmizi incitməkdir. Evimizə damdan-bacadan düşürlər. Qonşuların içində pis vəziyyətdə qalırlar.
- Nə üçün?
- Axı hamı bilmir ki, nə üçün evimizdə axtarış aparırlar. Milli fəaliyyətimi bilənlərin məsələnin mahiyyətindən xəbərləri olur. «Ettelaat»ın basqınlarını başa düşürlər. Amma milli fəaliyyətim barədə məlumatı olmayanlar evimizə gecə saatlarında edilən basqınları yaxşı qarşılamırlar. Tanıdığım digər fəallar ailəmə baş çəkir, onlara dəstək olurlar.
- İndi xaricdəsiniz. Miilli fəaliyyətinizi necə davam etdirməyi düşünürsünüz?
- Rejim Güney Azərbaycanı informasiya blokadasında saxlayır. Bu baxımdan hərəkata informasiya dəstəyi lazımdır. Xaricdəki güneylilər oradakı basqılar, haqsızlıqlar, həbslər, hərəkatla bağlı mediaya məlumatlar verməli, sıx əməkdaşlıq etməlidir. Həmçinin yaşadığımız ölkədə İran əleyhinə etiraz aksiyaları keçirmək, rejimi hər vasitəylə işfa etməliyi, dünya ictimaiyyətini məlumatlardırmalıyıq. Mən də digər fəallar kimi bu fəaliyyətlərə qatılacağam.

Turqut
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed