Şrift:
Beynəlxalq terrorizmdə Ermənistan aktorluğu
15.03.2013 [10:56] - DAVAMın yazıları
İstər dövlətlər, istərsə də cəmiyyətlər üçün üçün ən real təhlükə mənbələrindən biri də terrorizmdir. Xüsusilə terrorizm beynəlxalq miqyas alaraq sərhədləri aşanda bu daha təhlükəli xarakter alır. Dünyanın çoxsaylı terror şəbəkəsi arasında erməni terrorizmi xüsusi yer tutur. Fərq yalnız ondadır ki, digər terror aktlarında iştirak edənlərin əksəriyyəti tədricən də olsa öz layiqli cəzasını alıblar. Lakin bu günə qədər hələ də layiqli cəsasını almayan terrorçuların əksəriyyətini milliyyətcə ermənilər təşkil edir. Çünki terrorçunun cəzalandırılması üçün onu “ixrac” edən dövlət də cəzalandırılmalıdır. Ermənistan bu gün dünyanın nadir ölkələrindəndir ki, terroru rəsmi siyasətinin tərkibinə çevirmişdir. Lakin istər dünya ictimaiyyəti, istərsə də beynəlxalq qurumlar bu dövlətin iç üzünə bələd olsalar da ona qarşı loyal münasibət sərgiləyir və qətiyyətli addımlar atmaq əvəzinə nədənsə susmağa üstünlük verirlər. Bununla da ermənilərin daha da əl-qol açmaları üçün real imkanlar yaranır.

Son günlər Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və beynəlxalq aləmdə ermənilər tərəfindən həmişə olduğu kimi antiazərbaycan meyllərinin formalaşdırılması missiyası yenidən fəallaşıb. Xocalı soyqırımını Sumqayıt hadisələrinin “məntiqi” davamı kimi qiymətləndirmək və bunu təbliğ etmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun 2012-ci ilin 31 avqustunda ölkəmizə ekstradisiya edilməsi və əfv olunması ilə bağlı qərara qeyri-sağlam reaksiyanın davam etdirilməsi, Türkiyənin güya 1915-ci ildə ermənilərə qarşı soyqırımı həyata keçirməsi və digər anti-türk siyasəti ilə bağlı məsələlər onların isterik şoular silsiləsinin növbəti işartısını göstərməkdədir. Erməni lobbisi hər vəchlə Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğal edilməsi fikrinin bir streotip olmasını iddia edir və dünyanı inandırmağa çalışır ki, bu torpaqlar qədim erməni torpağıdır və ermənilər öz müqəddəratını özləri təyin etməlidirlər. Onların fikrincə bu işğal deyil, erməni torpaqlarının azad edilməsidir. Şübhəsiz ki, XXI əsrdə belə absurd fikirlər səsləndirmək və dünyanı belə miflərə inandırmaq cəhdləri nə qədər gülünc olsa da eyni zamanda təhlükəlidir.

Ermənistan beynəlxalq terrorizmdə xüsusi yerə və rola malikdir. Mən deyərdim ki, Ermənistan dünya terrorizminin hazırki fəaliyyət strategiyasının “akademik” şəkildə işlənib hazırlandığı ən qabaqcıl ölkələrdən biridir. Bu ölkə, beynəlxalq axtarışda olan və kütləvi insan qırğınlarında əli olan terrorçuları qəhrəman hesab edir, terrorçu düşərgələrin hazırlanmasında bütün gücü ilə iştirak edir, beynəlxalq qaçaqmalçılıq və kriminal ünsürlərə qayğı göstərir. Bunun əvəzində isə Azərbaycanın öz suveren hüquqlarını bərpa edəcəyinə dair səsləndirdiyi bəyanatları təhdid kimi qəbul edir bu “təhdidlərlə” beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olunan Qarabağ problemində işğalçı imicini pərdələmək və öz mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Vəziyyət o həddə çatmışdır ki, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təxribat pozuculuq və terrorçuluq aksiyalalarının törədilməsi planlaşdırılıb. Ən azından bir neçə ay bundan öncə milli ordumuzun zabiti bir erməni həbçisinin ölümündə ittiham olunan və ömürlük həbs cəzası almış və 8 il dustaq həyatı yaşamış Ramil Səfərovun vətəninə ekstradisiyasına cavab olaraq ölkəmizə qarşı açıq hədələmələr bunu bir daha sübut etdi. Bir neçə gün bundan öncə Fransada biri xanım olmaqla iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə nəticələnən hadisə bu kimi hədələrin erməni fiziki və mənəvi terrorunun iç üzünü açıb göstərir. Eyni zamanda, müxtəlif informasiya vasitələrində erməni terror təşkilatları tərəfindən də Azərbaycan Respublikasının vətəndaşlarına qarşı təhdid xarakterli bəyanatlar yayılmaqdadır.

Cinayətkar “qəhrəmanlar”



Hesabında milyona yaxın günahsız insanın qətli olan "erməni terroru" 100 ildən artıq tarixə malikdir. Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədilə 1988 - 1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və vacib infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları və aksiyaları həyata keçirilmişdir. Həyata keçirilmiş 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həlak olmuşdur.

XX əsrin əvvəllərində yüz minlərlə türk-müsəlmanın qatili olmuş Dro, Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan kimi şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılmış, onların adları müxtəlif formada əbədiləşdirilmişdir. İrəvan şəhərinin Yerablu hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə həsr olunmuş abidə-kompleksi mövcuddur. Əhalinin müxtəlif təbəqələri, o cümlədən dövlət rəhbərliyi tərəfindən anım mərasimləri təşkil edilir və ölmüş terrorçular ziyarət edilir. Erməni qriqorian kilsələri nəinki Ermənistanda, hətta dünyanın hər yerində terrorda zərərsizləşdirilmiş və öldürülmüş terrorçuların ruhları üçün dua etməklə yanaşı, onları "böyük əzabkeşlər" adlandıraraq utanmadan adlarını uca tutur və bu üsulla Türk dünyasına və ümumilikdə bəşəriyyətə qarşı törədilən quldur əməllərə haqq qazandırırlar.

Dünya praktikasında terrorçuların hərəkətlərinə qiymət verilməsi və ekstradisiyasında ikili yanaşma mövcuddur. Bu hal xüsusən erməni terrorçularına daha çox şamil edilir, onlar müxtəlif bəhanələrlə azadlığa buraxılır.

İtaliyada uzun müddət qanlı terror tədbirləri törətmiş "Qırmızı briqada" terrorçu təşkilatın üzvü Marina Petrella 15 il ərzində Fransada sərbəst yaşadıqdan sonra İtaliyanın xahişi ilə 2007-ci ildə Paris ətrafında həbs olunmuşdur. Hələ İtaliya məhkəməsinin 1992-ci il tarixli qərarı ilə 1981-ci ildə törədilmiş polis zabitinin qətlinə, eləcə də adam və silah oğurluğu daxil olmaqla digər cinayətlərə görə Petrellaya ömürlük azadlıqdan məhrumetmə cəzası verilmişdir. Fransa məhkəməsi isə onun ekstradisiyası haqqında qərar qəbul etmişdir. Məhkəmə qərarını ləğv etmək və ya dəyişmək səlahiyyəti olmayan eks Fransa Prezidenti Nikolya Sarkozi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə Böyük Səkkizliyin 2008-ci ildə keçirilmiş zirvə görüşündə ölkəsinin Petrellanı əfv olunmaq şərtilə İtaliyaya verəcəyini bildirmişdir. Yəni Fransa prezidenti İtaliyada terror əməlləri törətmiş Petrellanı qeyd-şərtsiz ekstradisiya etməli olduğu halda, onun İtaliyada əfvi ilə əlaqədar İtaliya baş nazirindən təminat almışdır.

11 sentyabr 1992-ci ildə Kəlbəcər rayonunda saxlanılmış, Ermənistanda dislokasiya olunmuş Rusiya silahlı qüvvələrinin 7-ci ordusunun (39826 saylı hərbi hissə) hərbi qulluqçuları olan şəxslər və sıravilər - Yarovlaf Yevsteqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filipkov, Mikail Lisovoy və baş leytenant Vladimir Semyon Azərbaycan Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə azadlıqdan məhrumetmə və ölüm cəzasına məhkum edilmişdir. Məhkəmə onları 15 iyun 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etməkdə, o cümlədən həmin döyüşdə Azərbaycan ordusunun xeyli sayda əsgərini öldürməkdə təqsirli bilmiş və V.Semyon 15 il müddətinə azadlıqdan məhrumetmə, qalanları isə ölüm cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 693 saylı 3 sentyabr 1993-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının Prezidenti B.N.Yeltsin və Rusiya Federasiyası Ali Sovetinin sədri R.İ.Xasbulatovun müraciətlərini nəzərə alaraq həmin şəxslər Rusiya Federasiyası dövlət orqanlarına təhvil verilmişdir. Adları çəkilən hərbi qulluqçular Rusiyaya gətirildikdən sonra azadlığa buraxılmışdılar. 1991-ci il yanvar ayının 9-da jurnalist Salatın Əsgərova və rus hərbçilərinin ölümü ilə nəticələnmiş terror aktında iştiraka görə həbs olunmuş Artaşes Mkrtıçyan, Manvel Sarksyan, Artur Zaxaryan, Artaşes Zaxaryan, Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik Arutyunyan və Qarnik Arustamyan cəzalarının qalan müddətini Ermənistan ərazisində çəkilməsi şərtilə girov götürülümüş Xocalı sakinləri və digər azərbaycanlı vətəndaşlarla dəyişdirilmişdilər. Lakin Ermənistanda adı çəkilən cinayətkarlar azadlığa buraxılmışdılar.

Həmçinin, Dağlıq Qarabağ ərazisində dinc azərbaycanlılara qarşı kütləvi qətllərdə iştirak etmiş Karlen Ayrumyan, Suren Saturyan, Stanislav Sərdaryan, Aleksandr Qriqoryan, Jon Araperyan, Qərib Arutyunyan, Qabriel Qayamyan və Emil Balayan da cəzalarının qalan müddətini Ermənistan ərazisində çəkilməsi şərtilə girov götürülmüş, dinc Azərbaycan sakinləri ilə dəyişdirilmişdir. Bu cinayətkarlar da Ermənistana təhvil verilən kimi azadlığa buraxılmışdır.

Törətdikləri əməllərə görə ayrı-ayrı ölkələrdə çoxsaylı qətllərdə ittiham edilərək məhkəmə hökmü ilə məhkum olunmuş erməni cinayətkarlarının ekstradisiyası və sonradan əfv edilərək qəhrəmanlaşdırılmasının isə kifayət qədər nümunəsi mövcuddur.

Hələ 92 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyski 1920-ci ilin 19 iyununda Tbilisi şəhərində "Daşnaksütyun" partiyasının üzvü Aram Yerqaniyan tərəfindən qətlə yetirilmiş və cani Ermənistanın milli qəhrəmanı elan edilmişdir.Daha sonra daxili işlər naziri olmuş Behbud xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni terrorçusu Misaq Torlokyan tərəfindən qətlə yetirilmişdir. Qatil 1921-ci ildə Britaniya hərbi tribunalının qərarı ilə təqsirli bilinmiş, lakin "cinayəti törədən an anlaqsız olması" bəhanəsi ilə məsuliyyətdən azad edilmişdir. Sonradan o, Yunanıstan, Almaniya və ABŞ-da yaşamışdır.

Varujan Karapetyan 1983-cü il 15 iyul tarixində Orli hava limanında törədilmiş terror aktına görə 1985-ci ildə Parisdə məhkəmə qərarı ilə təqsirli bilinmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Erməni mənbələrinə görə, Ermənistan prezidenti Robert Koçaryanın müraciətindən və ASALA təşkilatının terror aksiyalarının yenidən başlamaq barədə hədələrindən sonra 2001-ci il 24 aprel tarixində Ermənistan vətəndaşı olmadığı halda, bu ölkəyə ekstradisiya edilmişdir və yenə də bu respublikanın vətəndaşı olmadığı halda prezident tərəfindən əfv olunmuşdur. Təəsüflər olsun ki, Ermənistanın baş naziri Andranik Markaryan terrorçunu qəbul etmiş və o qəhrəman qismində ictimaiyyətə təqdim olunmuşdur.

Varujan Karapetyanın törətdiyi cinayətin iştirakçısı olmuş Suran Nayriyan da 1994-cü ildə həbsdən azad edildikdən sonra Ermənistana gəlmişdir.

Monte Melkonyan 1980-ci ildə ASALA-ya üzv olmuşdur. Sonradan ASALA-nın rəhbərlərindən birinə çevrilən Monte ASALA-P adlı müstəqil terror təşkilatını da yaratmış və dəfələrlə türk diplomatlarına və müxtəlif dövlətlərin vətəndaşlarına qarşı qətllər və partlayışlar həyata keçirmişdir. Roma, Afina və digər şəhərlərdə keçirilən əməliyyatlarda fəal iştirak etmişdir. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin binasının tutulması əməliyyatının planlanması və həyata keçirilməsinə yardım etdiyi üçün həbs edilmiş, lakin həmin il azadlığa buraxılmışdır. 1985-ci ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına məhkum edilmiş, 1989-cu ildən həbsdən azad edilmişdir. 1990-cı ildə Ermənistana gəlmiş və təntənə ilə qarşılanmışdır.Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birliklərindən birinə komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə qarşı qəddarlığı ilə fərqlənən M.Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş, ölkənin müxtəlif şəhərlərində onun abidələri qoyulmuş, təhsil müəssisələrinə adı verilmişdir.

Vazgen Sislyan - 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı "Van əməliyyatı" adlı terror aktının təşkilatçısı, Budapeştdə 60 nəfəri girov götürməsi və Türkiyə səfiri Bədrəddin Günabaşaya qəsd planında iştirak etməsi ilə tanınmışdır. Tezliklə o həbs olunmuş lakin 1986-cı ildə onunla hücumda iştirak edən digər 2 erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan ilə birlikdə həbsdən azad olunmuşdur. Hər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçmüşdür. Bu barədə 15 mart 1992-ci il tarixli "Moskovskiye novosti" qəzetində müxbir İosif Verdiyan öz həmsöhbətinin - iki il bundan öncə "turist" kimi Livandan gəldiyi fikrini nümunə gətirir. Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində vuruşmuşlar. Gevorq Gözəlyan "Metsn Murad" dəstəsinin komandiri olmuşdur. Vazgen Sislyan "Qarabağ müharibəsi qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Hazırda Vazgen Sislyan və Akop Culfayan keçmiş ASALA terrorçularından ibarət "Uxt Ararati" təşkilatının üzvüdür.

Samvel Babayan 13 avqust 1991-ci il tarixində dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq aksiyaları keçirməkdə ittiham olunaraq həbs edilmiş, 29 noyabr 1991-ci il tarixində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməmək şərtilə girov götürülmüş azərəbaycanlı əsirlə dəyişdirilmişdir. Lakin Qarabağ müharibəsində hərbi hissə komandiri qismində Azərbaycan ordusuna qarşı döyüşmüş, Şuşa əməliyyatının hazırlanmasında iştirak etmiş, qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri olmuşdur.

Azərbaycan təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində erməni terror təşkilatlarının ölkəmizin ərazisində fəaliyyətinin qarşısı alınsa da, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, cəbhə bölgəsində yaşayan dinc əhali əsas hədəfə çevrilir. Bundan əlavə atəşkəs müqaviləsindən uzun müddət keçməsinə baxmayaraq, dinc Azərbaycan vətəndaşları məhz erməni hərbiçilərin bu müqaviləyə əməl etməmələri ucbatından hələ də həyatlarını itirirlər. Təkcə, son beş il ərzində (2007 - 2012-ci illər) cəbhəboyu ərazilərdə 11 dinc sakin həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bir azərbaycanlı zabitin öz şərəf və ləyaqətinin, xalqının, bayrağının təhqir olunduğuna görə bir erməni zabiti öldürməsinə hay-küy qaldıran Ermənistan, bundan əlavə Macarıstan və Azərbaycan hökumətini ekstradisiyada və zabitimizin azad edilməsində ittiham edən bəzi Qərb dövlətləri ermənilərin bu ləkəli keçmişini və bu gününü nə üçün görmək istəmir? Onu da qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı Ramil Səfərovun ekstradisiya olunması və əfv edilməsi beynəlxalq hüququn tələblərinə müvafiq şəkildə icra edilmiş, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının tələb olunan prinsiplərinə riayət edilmişdir. Təəsüf ki, terrora qarşı koalisiyalar yaradıldığı, anti-terror əməliyyatlarının keçirildiyi bir zamanda kütləvi insan qırğınları ilə nəticələnən erməni cinayətlərinə göz yumulur, onlardan kimsə ittiham olunmur, ittiham olunanlar isə sərbəst buraxılır.

Ermənistan-PKK əməkdaşlığı

Ermənistanın terror əməlləri bununla birmir. Bildiyimiz kimi dünyada əsas terror təşkilatlarından biri sayılan və Türkiyə əhalisini və dövlətçilik maraqlarını özünə başlıca hədəf seçən PKK terror təşkilatı ilə Ermənistan xüsusi xidmət orqanlarının isti münasibətlərin mövcudluğu çoxdan təsdiqlənib. Kürd separatçıları ilə, erməni separatçıların iş birliyi PKK-ASALA, PKK-Daşnaksütyun, PKK-Ermənistan kimi xarakterizə edilməlidir. 1980-ci illərin sonu,1990-cı illərin əvvəllərində ASALA terror təşkilatının başda Akop Akopyan olmaqla əsas üzvləri Türkiyə xüsusi xidmət orqanları əməkdaşları tərəfindən məhv edildikdən sonra, bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərir və əsasən PKK-nın tərkibində iştirak edir. Bunu Türkiyə rəsmiləri də dəfələrlə təsdiqləmişdir ki, öldürülən PKK-çıların arasında xeyli sünnətsiz terrorçular vardır. Türkiyə hərbi kəşfiyyatıda müəyyən etmişdir ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzlərindən birinə çevrilib. PKK ilə Ermənistan arasında gizli müqavilələr mövcuddur. Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə müəyyən sayda viza haqqı verib. Yəni terrorçular hər ay ayrılmış viza sayına uyğun olaraq pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin Ermənistan PKK-ya silah,pul və digər yardımlar edir. Yaralanan və xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur. Göründüyü kimi, ermənilər ideoloji ortaq nöqtələri bir o qədər uzlaşmayan, əksinə bir çox məsələlərdə onlara qarşı hədəfləri ilə seçilən PKK-ilə də dialoqa getməyə hazırdırlar və bunu həyata keçirirlər. (çünki PKK və erməni terror təşkilatları Türkiyə ərazisinin qərb hissəsində özlərinə aid dövlət qurmaq istəyirlər. PKK Kürdüstan, ASALA və Daşnaksütyun isə böyük Ermənistan qurmaq planlaşdırır.Burada maraqlar toqquşsada Ermənistan PKK-nın bu sahədə neytrallaşdırmağı hələ ki bacarmışdır.)

PKK üzvlərinə Ermənistanın milli təhlükəsizlik nazirliyinin və polisinin yardım göstərməsinə dair kifayət qədər informasiya verilmişdir. PKK-çılara Ermənistan ordusunun zabitləri və ya Qarabağ müharibəsiin veteranları hərbi təlimlər keçir və onlar silahlandırır. Məqsəd yalnız anti-türk fəaliyyət və Azərbaycan və Türkiyə işbirliyini pozmaq, regionda Ermənistanın təhlükəsizliyini təmin etmək və siyasi hədəflərə nail olmaqdır.

Həqiqət

Qərbin hələ də Azərbaycana ikilistandart siyasət sərgiləməsinə baxmayaraq fakt odur ki, Ermənistan terrorun və eyni zamanda qaçaqmalçılığın əsas mərkəzlərindən biridir. Bu dövlət narkotik biznesinin əsas idxalatçısı və etibarlı tranzitinə çevrilmişdir. Bu yaxınlarda WikiLeaksin narko-ticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.

Ermənistanın özü barədə qaçaqmalçlıq üçün münasib dövlət imici formalaşdırması tək bununla bitmir. Hətta İran İslam Resublikasında hazırlanan nüvə texnologiyalarına gərəkli olan uranın da məhz Ermənistan vasitəsilə keçirilə biləcəyi ehtimalı artıq bütün dünyada qəbul edilmiş fikirdir. Amerika hətta bu məsələyə aid narahatçılığını bir neçə dəfə dolayısıyla səsləndirmişdir. Bir sözlə beynəlxalq terrorizm və qaçaqmalçılıq Ermənistan siyasətinin əsas devizidir.

Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi üçün Qərbin bu məsələ də susması və qəti tədbirlər görməməsi bir yana, üstəlik qondarma erməni soyqırımı iddialarının qəbul edilməsinə cəhd terrorçu xristian ölkənin təəsübünü çəkmək və erməni lobbisinin maliyyə gücü qarşısında həqiqətin “qulaqardına” vurulmasından başqa bir şey deyil.

Hazırda erməni terrorçuların və onlara əsas mənəvi dəstəyini əsirgəməyən Ermənistan Respublikasının əsas təbliğat sahəsi ictimai fikir və informasiya vasitələri olmuşdur. Erməni diaspor və lobbi təşkilatları bu sahəyə külli miqdarda vəsait xərcləyərək hadisələri təhrif edir, Azərbaycanı ümumilikdə Türk dünyasını heç bir səbəb olmadan ittiham edir və ağlasığmaz tələblər irəli sürürlər. İstər ötən əsrin əvvəllərində istərsə də sonlarında Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı kütləvi terror hadisələri həyata keçirmiş ermənilər lobbilərinin maliyyə dəstəyi sayəsində Qərbdəki konqresmenlərə, lordlara, senatorların bəzilərinə təsir edir bu siyasi xadimlər tərəfindən "məzlum erməni" imicini formalaşdırmağa nail olurlar.Onlar bu əməlləri ilə Azərbaycan ətrafında informasiya blokadası yaratmağa müvəffəq olmuş və dünya ictimaiyyətinin bir qismini çaşdırmışlar. Bu da tam hüquqi dövlət olmaqla, dünya anti-terror hərəkatına əsas dəstək verən Azərbaycan Respublikasına qarşı ikili standartların yaranması baxımından bəhanə olmuşdur. Lakin müstəqil Azərbaycan həmişə olduğu kimi bundan sonra da vətəndaşlarının pozulmuş hüquqlarını müdafiə edəcək və hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq hər zaman ədalətin tərəfində olacaqdır. Azərbaycan dövləti qanunun aliliyinə hər zaman hörmətlə yanaşmış və bu yüksək dəyərləri təcavüzkar Ermənistan kimi heç bir milli təəsübkeşliyə dəyişməmişdir.

Anar TURAN,
Jurnalist-tədqiqatçı
AMEA- Tarix İnstitutunn dissertantı,
“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və İdarə Heyyətinin üzvü

KarabakhİNFO.com
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed