Şrift:
İran prezidentinin Uqo Çavesin dəfn mərasimindəki fotoşəkilləri ilə bağlı qalmaqal böyüyür
18.03.2013 [13:13] - Güney Azərbaycan xəbərləri
İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini bir qəzet və iki internet saytından şikayət edib.

Bunlar “Mərdom Salari” qəzeti, “Əsr-e İran” və “Entexab” internet saytlarıdır. Səbəb kimi isə həmin kütləvi informasiya vasitələrində martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak etmiş İran prezidenti Mahmud Əhmədinejadın mərhumun anası Yelena Friasla qalmaqala səbəb olan səmimi görüşməsinin fotoşəkillərinin yayılmasıdır.

M.Mirtacəddini bildirib ki, adı çəkilən mətbu orqanların yazdıqları doğru deyil və ruhaniyyəti müdafiə etmək, mediada bu cür əxlaqsızlıqların qarşısını almaq üçün belə bir addım atıb: “Həmin şəkillər ya montaj edilib, ya da elə çəkilib ki, belə anlama gəlsin”. İranın vitse-prezidenti bundan əvvəl də “Təsnim” xəbər agentliyinə açıqlamasında prezidentlə bağlı yayılmış xəbərləri və fotoşəkilləri təkzib edib: “Mən də Venesuela prezidentinin dəfn mərasimində iştirak etmişəm və belə bir hadisə baş verməyib”.

Qeyd edək ki, martın 8-də U.Çavesin dəfn mərasimində çəkilmiş fotoşəkildə bir-birinə sarılmasalar da, Y.Frias və M.Əhmədinejad hiss etdikləri ortaq ağrı-acı nəticəsində sifətlərini bir-birinə söykəyib və bir-birinin əllərini tutublar. Bir çox xəbər agentliyi də bu gözlənilməz anın fotoşəkillərini yayıb. Nəticədə mühafizəkarlar onun günah işlədiyini və islam dövləti olan bir ölkənin prezidenti olaraq davranışının əlverişsiz olduğunu söyləyiblər. İran prezidentinə yaxın olan qüvvələr isə fotoşəkilin saxta olduğunu söyləyərək tənqidləri sakitləşdirməyə çalışıblar.

U.Çavesin anası ilə görüntüləndiyi fotoşəkil səbəbindən M. Əhmədinejadı tənqid edən “Entexab” internet saytı fotoşəkilin digər versiyasının ortaya çıxmasından sonra üzr istəyib. Sayt rəhbərliyi Böyük Britaniyada nəşr edilən “The Daily Telegraph” qəzetini fotoşəkili həvəskar şəkildə montaj etməkdə günahlandırıb. Lakin “Entexab” saytı bir neçə saat sonra üzrünü geri götürüb. “Entexab” saytının şərhində belə deyilir: “Əhmədinejadın və yanındakı kişinin fotoşəkilini gördükdən sonra müxbirlərimizdən biri fotoşəkilin orijinalının bu olduğunu hesab edib. Ona görə də redaktoru məlumatlandırmadan xəbəri dərc edib. Ancaq təəssüflər olsun ki, Əhmədinejad və Çavesin anasını göstərən fotoşəkil gerçəkdir”.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed