Şrift:
Davud Turan: Azərbaycan Türkləri İranda seçkiləri boykot edir
01.04.2013 [13:08] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Azərbaycanlı sosioloq və Güney Azerbaycan Sosio-Kültürəl Araşdırmaları (GÜNASKAM) veb səhifəsinin redaktoru Davud Turan İranda qarşıdan gələn prezident seçkilərində əsas rəqabət və çəkişmələrin keçmişdə olduğu kimi islahatçılar və fundamentalistlər arasında deyil, fundamentalistlər və aşırı fundamentalistlər arasında ortaya çıxacağını deyir.

“Azərbaycanlı siyasi qruplar İrandakı prezident seçkilərini umumiyyətlə kəskin şəkildə boykot edir, ancaq seçkilər zamanında yaranmış olan nisbi açıq fəzadan öz sözləri və düşüncələrini toplum içində yaymaq üçün yararlanıblar,” deyə cənab Turan Amerikanın Səsinə bildirib. “2009 seçkiləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi kimi namizədlərin təsirində xalqın yüksək iştirakı ilə keçirildi, ancaq nəticələr elan edildikdən sonra ortalıq qarışdı və bu İran İslam Respublikasının ölkə içində, habelə xaricdə imicini zədələdi. Rejim son dörd ildə çox çətin günlər keçirib və sanksiyalarla üzləşib. Dövlətin legitimliyi sual altına gəlib.” Güneyli siyasi fəal indi İranda yeni siyasi sistemə ehtiyac olduğunu vurğulayıb.

Rejim son dörd ildə çox çətin günlər keçirib və sanksiyalarla üzləşib. Dövlətin legitimliyi sual altına gəlib.

Cənab Turan iyun seçkilərində fundamentalist və mühafizəkar qruplar tərəfindən namizəd olaraq dəstək ala biləcək siyasətçilərdən Tehranın Bələdiyyə Başqanı Məmməd Bağır Qalibaf, keçmiş Xarici İşlər Naziri Əli Əkbər Vilayəti və keçmiş Məclis Başqanı Qulaməli Həddad Adilin adlarını qeyd edib.

“Prezident Əhmədinejada yaxın olan siyasətçilərdən İsfəndiyar Rəhim Məşayinin aşırı fundamentalistlərin namizədi olaraq elan edilməsi gözlənilir. Əhmədinejad son 8 ildə siyasi bir şəxsiyyət kimi özünü yüksəldib və bundan sonra da güc mərkəzindən ayrılmaq istəmədiyi üçün, öz yaxınlarından birini iqtidara gətirmək istəyir,” deyə əlavə edən araşdırmaçı yaxındakı seçkilərdə fundamentalistlər və aşırı fundamentalistlər arasında ciddi və qızğın bir rəqabət və qarşıdurmanın baş verəcəyini proqnozlaşdırır.
Bununla belə Davud Turan çəkişmələrin 2009-cu ildə olduğu kimi küçə etirazlarına çevriləcəyini güman etmir. “Əsasən usulgeralar və fundamentalistlərdə xalqı küçələrə çıxarmaq zəmini və potensialı mövcüd deyil,” deyə Ankaranın Hacettepe Universiteti məzunu müşahidə edib.

Davud Turanın dediklərinə görə, azərbaycanlı təşkilatlar seçkilər ərəfəsində yaranan boşluqdan yararlanaraq öz sözləri və düşüncələrini xalq arasında yaymağa çalışsalar da İran rejiminə legitimlik qazandırmamaq üçün seçkiləri boykot edirlər. O, qarşıdan gələn seçkilərdə də eyni siyasətin yürüdüləcəyinə inandığını qeyd edərək, təmsil etdiyi Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) iyun ayında keçiriləcək seçkilərlə bağlı gələcək günlərdə rəsmi bəyanat yayacağını elan edib.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed