Şrift:
Türk Dilli Ölkələrin Əməkdaşlıq Birliyi üçüncü ilində
02.04.2013 [14:26] - Türk dünyası-Turan
Son illərdə Orta Şərqdə yaşanan siyasi və ictimai hərəkətlilik ictimaiyyətin diqqətini bu coğrafiyaya yönəldib. Diqqət mərkəzində olan coğrafiyadakı çevriliş prosesinin ən sancılı hissəsinin düz yanımızda cərəyan etməsi də vəziyyəti gərginləşdirib. Elə buna görə də yaxın dövrdə reallaşan bir çox məsələ özünə gündəmdə əhəmiyyətli dərəcədə yer tapa bilmədi. Həmin vəziyyətin ən bariz nümunələrindən biri soyuq müharibədən sonrakı dövrdə Türk Dünyası ilə əlaqəli sərf edilən bütün səylərin ortaq məhsulu kimi təyin oluna biləcək Türk Dilli Ölkələrin Əməkdaşlıq Birliyidir. Həmin quruluş Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın qurucu üzvlükləri ilə 2010 — cu ilin sentyabrında İstanbulda rəsmiyyət qazanıb. Türk Birliyinin qurulması, əvvəlki fəaliyyəti göz önünə alındığı zaman, bəzi mühüm məqamların artıq aşıldığı ortaya çıxır. 1992 — ci ildə başlayan Türk Dilli Ölkələrin dövlət başçılarının zirvə toplantıları izləyənlərin də xatırlayacığı kimi başlanğıcda hər il, daha sonra fasilələrlə toplandığına görə alınan qərarlar həyata heç cür keçirilmədi və bunun da nəticəsi olaraq fərqli illərdə toplanan zirvələrdə davamlı bir-birini təkrarlayan qərarlar alındi. 1996 — cı ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IV Dövlət Başçıları Zirvə toplantısında daimi bir katibliyin qurulması mövzusunda ortaq qərar alınmışdı. 1998 — ci ildə Qazaxıstanın Astana şəhərində təşkil edilən zirvədə nizamnaməsi qəbul edilən, 2000-ci ildə Azərbaycanda mərkəzinin Türkiyədə olması ilə bağlı razılıq əldə olunan katibliyin 2006- cı ilə kimi durmadan təkrarlanan bir təklif olmaqdan kənara gedə bilmədiyini görmüşdük.
Bu müddətdə Türkmənistanın 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının təsdiqi ilə Daimi bitərəflik statusu qazanması və beləliklə beynəlxalq məsələlərdə bitərəf qalmağı seçməsi, eləcə də Özbəkistanla yaşanan məlum problemlərdən dolayı iki ölkənin aktiv iştirakında çətinliklər yaranmışdı. Bununla yanaşı Qazaxıstan dövlət başçısı Nazarbayevin güclü bir siyasi iradə sərgiləməsilə zirvələrin davamlılığı bərpa olunmuş, Azərbaycan isə istər Əbülfəz Elçibəy, istər Heydar Əliyev və daha sonra İlham Əliyev dövründə zirvə toplantılarında ən üst səviyyədə iştirak etməyə davam etmişdi. Qırğızıstan da ilk dövlət başçısı Akayev ilə zirvələrə qatılmağa başlamış, 2005-ci ildə başlayan xalq qiyamlarının iqtidara daşıdığı dövlət başçıları Bakiyev, Otunbayeva və son olaraq da seçilmiş dövlət başçısı Atambayev ilə iştirakını davam etdirmişdi.
1992-də romantizmin zehnləri bulandıran təsiri və böyük iddiaların xırmanlanması ilə başlayan, təkrarlanan və heç cür həyata keçməyən qərarların ağırlığı ilə məsafə ala bilməyən zirvə toplantılarında 2009-cu ildə Naxçıvanda keçirilən zirvə toplantısı açıq bir dönüş nöqtəsi oldu. 3 oktyabr 2009-cu ildə Naxçıvanda toplanan Türki dünyası dövlət başçıları ilk zirvədən 17, katibliyin ilk qurulma qərarının alındığı zirvədən 13 il sonra rəsmi bir anlaşma ilə daimi katibliyi olan Birliyin qurulmasını qərarlaşdırdılar. 16 sentyabr 2010-cı ilı tarixində İstanbulda keçirilən X Türk Dilli Ölkələrin dövlət başçılarının zirvə toplantısında Türk Dilli Ölkələrin Əməkdaşlıq Birliyinin qurulduğu rəsmən elan edildi və baş katib kimi təqaüddə olan səfir Xəlil Axınçı təyin edildi. Mərkəzinin İstanbulda olması qərarlaşdırılan birliyin nəzdində Dövlət Başçıları Şurası, Xarici işlər Nazirləri Şurası, Yüksək rütbəli məmurlar komitəsi, Ağsaqqallar Şurası və katiblik var. Əsas qanunverici orqan Dövlət Başçıları Şurasıdır. Şuranın fəaliyyət mexanizminə uyğun olaraq mütəxəssislər komissiyası tərəfindən verilən qərarlar əlaqədar nazirlərin yığıncağına təqdim edildikdən sonra son olaraq Dövlət Başçılarının zirvə toplantısında müzakirə olunur və son qərar verilir. Qərarların reallaşmasından isə Dövlət Başçılarının yanında Türk Birliyi baş katibliyi məsuliyyət daşıyır.
Türk dünyasını ən yaxşı bilənlərin başında gələn Xəlil Akınçının baş katibliyi dövründə qısa müddət ərzində əhəmiyyətli məsafə qət edildiyi dərhal hiss olunur. 2011 — ci ildə Alma-Atada Türk Birliyinin təşkilatçılığı ilə təşkil edilən ilk zirvə toplantısında iqtisadi əməkdaşlıq üzərində dayanılmış, iqtisadi əməkdaşlığın əsas məqsədinin Türk Şurasına üzv ölkələri arasında malların, sərmayənin, xidmətlərin və texnologiyanın sərbəst dövriyyəini reallaşdırmaq olduğu ifadə edilmişdir. 2012-ci ildə Bişkekdəki zirvə toplantısında isə Astanada Türk Akademiyası və Bakıda Türk Mədəniyyət Mirası Vəqfinin qurulması ilə razılaşmalar əldə olundu. Türk Birliyinin bir qisimi hazırlıq mərhələsində, bir hissəsi isə həyata keçməyə başlayan diqqət çəkici bir sıra layihələri var. Bişkek Zirvə toplantısında gömrüklərdən ayrı olaraq işləyəcəyi qərara alınan nəqliyyat dəhlizlərinin infrostrukturlarının yaxşılaşdırılması mövzusunda mütəxəssislərin 3 — cü yığıncağı keçirildi. Xəzər Dənizindəki nəqliyyat şəbəkəsinin yaxşılaşdırılması üçün Qazaxıstan ilə Azərbaycanın xüsusi ikili fəaliyyət göstərməsi və Bakı-Tiflis-Qars xətti vasitəsi ilə Çin mallarının Avropaya daşınması mövzusuna diqqət göstərilməsində ortaq hərəkət etmək qərarı alındı. Gömrüklərdə gözləmə müddətinin minimuma endirilməsi və gömrük keçid məntəqələrinin modernləşdirilməsi ilə bağlı layihələrə başlandı. Üzv ölkələrin diasporlarının birlikdə hərəkət etməsi ilə əlaqədar işlər rəhbər məmurlar səviyyəsində davam etdirilməkdədir. 2011 — ci ildə keçirilən zirvə toplantısında qurulan Türk Dünyası İşadamları Şurası, üzv ölkələri təmsil edən iş dünyasının əsas quruluşlarının iştirakı ilə qurulub. Türk Dünyası İşadamları Şurasının bu ilin iyun ayında İstanbulda toplanması planlaşdırılır. Üzv ölkələrdən üç universitetin qatıldığı universitetlərarası birlik qurulması işləri artıq tamamlanma mərhələsindədir və yaxın vaxtlarda «Erasmus»a bənzəyən bir sistem meydana gətirilməsi düşünülür. Türk tarixinin XIII əsrə kimi olan qismi ilə Türk Ədəbiyyatı kitablarının ortaq yazılması və tədris planına daxil edilməsi də Birliyin gündəmində olan məsələlərdəndir. Ortaq terminologiya meydana gətirmək üçün çalışacaq Terminologiya Komitəsi ilk yığıncağını artıq reallaşdırdı. TEPAV — in dəstəklədiyi İnkişaf Fondu, Ortaq Hakimlik Mexanizminin Yaradılması, Mülkiyyət hüququ əldə etmək rejimlərinin uyğunlaşdırılması və sadələşdirilməsi, Elmi Araşdırmalar Fondunun yaradılması isə təqdir ediləcək digər əhəmiyyətli layihələrdəndir.
Türk Birliyinin, quruluşu daha əvvələ kimi gedib çıxan və üzvləri arasında Türk dövlətlərinin xaricində başqa dövlətlərə bağlı muxtar respublikaların da olduğu Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) ilə Türk Dili Danışan Ölkələr Parlamentar Assambleyası (TÜRKPA) üçün əsas çəkirdək sayıla biləcəyini qeyd etmək lazımdır.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed