Şrift:
Molla Nəsrəddin jurnalının 107-ci ildönümü tamam oldu
09.04.2013 [15:01] - Mədəniyyət
Onlar millətin dərdlərini aydın yazmağı bacarırdılar

Aprelin 7-də «Molla Nəsrəddin» jurnalının 107-ci ildönümü tamam oldu. «Molla Nəsrəddin» məcmuəsi obrazlı desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi. Mirzə Cəlilin yaradıcılığında xalq ruhundan, yaradıcılığından bəhrələnmə hədsiz güclü idi. O, uzun illər ərzində zəngin həyat təcrübəsi əldə etmiş, sonradan bunları məharətlə yaradıcılığa gətirmişdi.
Mirzə Cəlil yaradıcılığında insanlara çatdırmaq istədiyi məqamları məharətli şəkildə ifadə edirdi. «Molla Nəsrəddin» jurnalı Mirzə Cəlilin həyata, dünyaya münasibətinin təkmil ifadəsi kimi meydana çıxdı. O, elə bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi. O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatı xüsusən dil etibarilə xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə yumorla xalqın fəlakətlərinin səbəblərini göstərməyə çalışırdı.
Mirzə Cəlil hekayə yaradıcılığında da özünəməxsus idi. Hər bir hekayəsində cildlərlə kitabın deyə bilmədiyini deyə bilirdi. Bu, Mirzə Cəlilin böyüklüyü, az sözlə çox fikir ifadə edə bilməsi demək idi. Ümumiyyətlə, zamanımız elədir ki, hazırda özünəməxsus söz demək tamamilə çətinləşib. Hər halda insanın yaradıcı imkanları genişdir. Baxır kim o imkanları necə aşkara çıxarır. Mizə Cəlil sözün böyük mənasında xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə barışa bilmirdi. «Molla Nəsrəddin»də ilk şeir nümunəsini yazmaqla əslində özü demişkən, Sabirləri axtarırdı. Məhz jurnalın istədiyi şairlər başda Sabir olmaqla meydana çıxdılar. Əslində «Molla Nəsrəddin»çilərin meydana çıxması xəlqi tələbatdan irəli gəlirdi. Xalq yüzillər ərzində məğlubiyyətlərinə, acılı-şirinli günlərinə rəğmən bütün məqamlarda özünün nikbin ruhunu folklorunda ifadə edib. «Molla Nəsrəddin» məcmuəsi xəlqi soraqlardan bəhrələnməklə öz dövründə xalqın inkişafını yaratmaq üçün əlindən gələni edirdi. Bu, o demək idi ki, «Molla Nəsrəddin» jurnalı xəlqi inkişafı yaratmaq inadında qətiyyən qeyri-ciddilik göstərmirdi. O, kütlənin avamlığını daim qamçılayır, avamlığı yaradan amillərlə döyüşürdü.
Habelə «Molla Nəsrəddin» jurnalının karikatura sahəsində başladığı əməllər silsiləsi sonradan Azərbaycanda bu sahədə yenilik kimi uğurla davam etdirildi. Bu mənada Əzim Əzimzadə kimi «Molla Nəsrəddin»çi rəssamımızın ötən yüzilin əvvəllərində meydana çıxması ciddi yaradıcılıq hadisəsi idi. Karikatura janrı son dərəcə gərəkli bir yaradıcılıq növü kimi 100 il əvvəl avamlığın, cəhalətin döyülməsində mühüm rol oynadı. Məhz Mirzə Cəlilin ustalığı sayəsində elə bir jurnal meydana çıxdı ki, o dövr üçün Azərbaycan cəmiyyətində milli problemlərimizin həlli yönündə satirik jurnalın etməli olacağı bütün işləri görmək qüdrətində olan bir nəşr kimi təkcə Azərbaycanda deyil, Şərqdə tanındı. Mirzə Cəlilin İranda «Molla Nəsrəddin» jurnalının bir neçə sayını çıxarması da təqdirəlayiqdir. Bu gün çağdaş nəsil əvvəlki nəsillərin gördüyü uca əməlləri yaradıcılıqla inkişaf etdirməlidir. Sovet dövründə bu jurnalın başı az bəlalar çəkmədi. Sovet ideologiyası jurnalın onun xəttinə tabe olması üçün çalışsa da, mümkün olmadı.
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur «Molla Nəsrəddin» jurnalının yaranması ilə bağlı Mirzə Cəlilin dediyi fikri misal gətirir: «Molla Nəsrəddin»i məni əhatə edən ziyalılarla birlikdə ərsəyə gətirdim, özüm isə ağsaqqal oldum». Maarif Teymur Cəlil Məmmədquluzadənin irsinin toplanmasında, ömrünün ayrı-ayrı məqamlarında xatirə yazılar formasında sabaha çatdırılmasında mühüm xidmətləri olan Əziz Şərifin xidmətlərini yüksək qiymətləndirir: «Əziz Şərif yazırdı ki, Cəlil Məmmədquluzadə mənə ədəb-ərkan, necə yaşamağı öyrətdi. Mirzə Cəlilin əsərlərinin rus oxucularına çatdırılmasında da Əziz Şərifin böyük rolu olub». Mirzə Cəlilin ömrünün, yaradıcılığının ayrı-ayrı dövrlərilə bağlı qiymətli soraqlar Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır: «Cəlil Məmmədquluzadənin ədəbi irsinin ən işıqlı soraqları fondumuzda qayğıkeşliklə qorunur. Əziz Şərif Cəlil Məmmədquluzadə ilə bağlı hələ onun sağlığında topladığı qiymətli sənədləri böyük bir qayğıkeşliklə qoruyaraq arxivimizə təhvil vermişdi. 1933-cü ildə Əziz Şərif Həmidə xanımın məsləhətilə bir siyahı tərtib etmişdi. O siyahıda Cəlil Məmmədquluzadəyə aid olan bütün əşyalar və sənədlər əksini tapıb. Əziz Şərif 1910-cu ildən 1987-ci ilə kimi yazdığı gündəlikləri Cəlil Məmmədquluzadənin ömrünün və yaradıcılığının araşdırılması ilə bağlı qiymətli soraqlarla zəngindir. 45 cildlik gündəliklərdə onun 1932-ci ilə, yəni Cəlil Məmmədquluzadənin vəfatına qədərki dövrdə yazdıqları sözügedən mövzunun araşdırılması baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, həmin gündəliklərdə «Molla Nəsrəddin»çilərin hər biri ilə bağlı maraqlı təəssüratlar var. Əziz Şərif Cəlil Məmmədquluzadənin həm atası Qurbanəli Şərifzadəyə, həm də özünə yazdığı məktubları səliqə ilə qoruyub, bu günə çatdırıb. Jurnalın 1911-ci il komplektində Mirzə Cəlilin yazdığı avtoqrafda deyilir: «Bu kitabı hamıdan çox sevdiyim və candan istədiyim Qurbanəli Şərifzadəyə təqdim edirəm ki, bizlər olmayanda oğlanlarımız xatırlayıb yad etsinlər».
Mirzə Cəlil jurnalın maraqlı alınması üçün hər şeyi yüz ölçüb bir biçmişdi: 2 min tirajla çap olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb qurtarmışdı.
Bu barədə yazıçı özünün «Xatiratım» əsərində hər şeyi təsvir edib: naşir və baş redaktor Cəlil Məmmədquluzadə min bir zəhmətlə aldığı «Qeyrət» mətbəəsində silahdaşı Ömər Faiq Nemanzadə ilə səhərə qədər fəhlə kimi çap maşınını da işlətmişdi. Birinci nömrənin üz qabığında yatmış insanlar təsvir olunmuşdu. Əslində bununla milləti ayıltmaq istəyən Mirzə Cəlil Molla Nəsrəddinin dilindən karikaturanın altından «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» yazmışdı. O dövrdə camaatın böyük əksəriyyətinin savadsız olmasına baxmayaraq, jurnal böyük maraqla qarşılanmışdı, elə ilk sayından oxucu rəğbəti qazanmışdı. Bu səbəbdən də jurnalın ikinci sayı 5 min tirajla çap olundu.
Cahangir Məmmədlinin fikrincə, yüz ildən çox müddətdə təkcə ədəbi ictimaiyyətin deyil, bütövlükdə xalqın qan yaddaşında özünə əbədi yer eləmiş jurnalın mövzu dünyası geniş olub: «Xalqa qarşı imperiya ədalətsizliyi, mövhumat və fanatizm, qadın azadlığı, xalqın maarifləndirilməsi və milli özünüdərk, milli təəssübkeşlik, erməni xislətinin ifşası, milli dil və milli birlik, böyük ədəbiyyat və s. kimi mövzuların hamısı bir amala xidmət edirdi: Azərbaycançılığa».
Uğur
Bu xəbər oxucular tərəfindən 1864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed