Şrift:
Rəsulzadənin nadir fotoları Azərbaycanda
10.04.2013 [14:06] - Gündəm, Mədəniyyət
Azərbaycan Xalq Cumhuriyyətinin banisi, ulu öndər Məhəmməd Əmin Rəsulzadəyə dair iki nadir foto üzə çıxıb. Həmin fotolar bir neçə gün əvvəl Türkiyədə keçirilən bir auksiondan alınaraq Azərbaycana gətirilib. Fotoları, jurnalist və kolleksioner Rəhimov Ruslan əldə edib. R.Rəhimov bildirib ki, türkiyəli bir kolleksiyoner ona həmin fotoların İstanbulda düzənlənən “Əntiq Foto və açıqcalar” auksionunda satışa çıxarıldığı xəbərini verib: “Auksion günü həmin auksiyonu tərtib edənlərlə telefon əlaqəsi yaradaraq, telefonla auksiona qatılıb fotoları aldım”.

Ruslan Rəhimov fotoları hansı qiymətə aldığı barədə isə yalnız jurnalist maaşına görə şəkillərin ona baha başa gəldiyini bildirdi. Kolleksiyasında Azərbaycan Demokratik Respublikasına aid pul vahidləri və poçt markaları olduğunu da söyləyən Rəhimov əldə etdiyi bu fotoları bir müddət kolleksiyasında saxlayacağını, daha sonra isə dəyərini biləcək bir muzeyə bağışlayacağını və ya Azərbaycanda qalması şərti ilə satacağını bildirdi.

Qeyd edək ki, nadir fotoların ikisi də Rəsulzadənin Türkiyədə mühacirətdə olduğu dövrdə, İstanbulda çəkilib. Fotoların birində Rəsulzadə ilə birlikdə 10 nəfər var. Onların kim olduğu indilik müəyyənləşməsə də sadəcə birinin, (Rəsulzadənin solunda oturan şəxs) Mirzə Bala Məmmədzadə olduğu aşkarlanıb. Bu foto, İstanbul Divanyolunda Turan Fotostudiyosunda çəkilib.

İkinci foto, daha maraqlı və nadir fotodur. Həmin foto, İstanbulda, “Azəri-Türk Gənclər Birliyi”nin keçirdiyi və Cumhuriyətin qurulmasının doqquzuncu il dönümünə həsr edilmiş tədbirdə, 28 May 1927-ci ildə çəkilib.

Fotonun karton çərçivəsində əski yazı ilə yazılmış yazı, bu fotonun məhz Rəsulzadənin şəxsi arxivindən çıxmış olma ehtimalını göstərir. Yazıda bunlar deyilir: “İstiqlal ələmdarı (bayraqdarı), möhtərəm və müəzzəz (əziz) rəisimiz Məhəmməd Əmin Bəyəfəndiyə təqdim”.

Çərçivənin aşağısında isə bunlar yazılıb “İstanbulda Azərbaycan istiqlalının 9-cu il dönümü 28 Mayıs (1927) günü tayid (bayram) münasibəti ilə “Azəri Türk Gənclər Birliyi” nəşriyyatından”.
Fotonun arxa üzünə də əl yazısı ilə bənzər bilgilər yazılıb. Hər iki üzündə də “Azəri Türk Gənclər Birliyi”nin möhürü var. Bu möhürə görə, həmin cəmiyyətin 1926-cı ildə təsis edildiyi görünür.

Rəsulzadənin nadir fotoları Azərbaycanda
Rəsulzadənin nadir fotoları Azərbaycanda
Rəsulzadənin nadir fotoları Azərbaycanda
Bu xəbər oxucular tərəfindən 1617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed