Şrift:
Səid Araz: Tehran rejimi Güney Azərbaycandakı milli azadlıq hərəkatından qorxur
10.04.2013 [17:40] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Səid Araz: «İranın tarix dərsliklərində Azərbaycanla bağlı yalnız təhrif olunmuş məlumatlara rast gəlmək olar»


Müsahibimiz əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan, hazırda isə ABŞ-da siyasi mühacir həyatı yaşayan soydaşımız Səid Arazdır. Gənclik illərindən milli azadlıq hərəkatına qoşulan Səid Araz dəfələrlə həbs olunub, ağır işgəncələrə, davamlı təqib və təzyiqlərə məruz qalıb. Daha ətraflı özündən öyrənək.
- İlk dəfə neçə yaşınızda həbs olundunuz?
- 16 yaşında. Məktəbdə oxuyurdum, bir neçə sinif yoldaşımla birgə tutulduq.
- Necə oldu ki, həbs edildiniz?
- Güney Azərbaycanda 1945-ci ildə Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Milli Hökumətin yaranmasının ildönümü yaxınlaşırdı. Mənə paylamağımız üçün bildirişlər vermişdilər. Bildirişlər üzərlərində müxtəlif məlumatlar yazılan adi kağızlardır. Mən də sinif yoldaşlarımla aramızda bölüşdürdüm.
- Hər birinizə neçə bildiriş düşdü?
- Əksəriyyətini mən götürdüm, 30-40 bildiriş olardı. Ən yaxşı payladığım yer bazar idi. Adam sıx olanda işim daha asan olurdu, həm də tez paylayırdım. Gizlincə adamların yanından keçəndə yerə atıb qaçırdım. Bildirişlərin hamısını payladım, əlimdə bir-ikisi qalmışdı. Bazardan çıxırdım ki, «Ettelaat»ın iki əməkdaşı məni tutdu. Ancaq mən heç nəyi boynuma almadım və bildişləri bir nəfərin mənə verib qaçdığını dedim. Onlar da inanıb məni həbs etmədilər. Amma bərk qorxmuşdum. İlk dəfəydi ki, «Ettelaat» əməkdaşlarıyla «üzləşmişdim».
- Bildirişlərdə adətən hansı məlumatlar yazılır?
- Məsələn, əgər bildiriş 21 fevral Ümumdünya Ana Dili Günüylə bağlıdırsa, ana dili haqda yazılır. Məsələn, həmin bildirişdə yazılır ki, bizim ana dilimiz türkcədir, dilimizin gözəlliyindən bəhs olunur. Biz də türkcə oxuyub-yazmalıyıq, fars yad dildir, ana dilimizdə məktəblərimiz açılmalıdır və s. Əgər bildiriş 22 may hadisələrilə bağlıdırsa, farsların millətimizi təhqir etməsi, İranda türklərin hər zaman aşağılanması, hüquqlarımızın tapdalanması, öz haqqını tələb edənlərə dövlətin ağır təzyiq göstərməsi və s. yazılırdı.
- İranda türklər necə təhqir olunurlar?
- Farslar millətimizi açıq şəkildə təhqir edirlər. Məsələn, tarixlə bağlı bir verilişdə «tarixçi alim» Azərbaycan türklərini aşağılamağa başlayır. Həmin «tarixçi alim» açıq şəkildə deyir ki, bu torpaqlar farsındır, türklər isə köçəri tayfalar olub. Farsın qapısında nökər işləyiblər, mədəniyyəti farsdan öyrəniblər və s. Farsın çobanı da özünü türkün alimindən üstün bilir. Çünki orada bu cür təbliğat aparılır. İranda tarix dərslərində Azərbaycan tarixi adlı fənn tədris olunmur. Ancaq İranın qondarma və şişirdilmiş tarixini keçirlər. Azərbaycan türklərilə bağlı məlumatlar isə təhrif olunmuş şəkildə məktəblərdə tədris edilir. Biz bununla bağlı da bildirişlər paylayırdıq. Məqsədimiz millətimizi oyatmaq, milli mübarizəyə dəvət etmək idi. Çünki mübarizə aparmaq üçün gərək hədəfini və məqsədini yaxşı öyrənəsən.
- Bəs həbs edilməkdən qorxmurdunuz?
- Hiyə qorxmurdum ki? Amma fikirləşirdim ki, məni tuta bilməzlər. Çünki çox cəld idim. Birinci dəfə «Ettelaat» əməkdaşlarıyla qarşılaşandan sonra daha gündüz saatlarında deyil, ancaq hava qaralanda bildirişləri paylamağa başladım. Evlərin qapılarına atıb qaçırdım. Belə daha asan və təhlükəsiz idi.
- Bəs valideynlərinizin xəbəri vardı?
- Əvvəl anam bilmirdi. Demirdim ki, birdən qarşı çıxar. Amma gecələr evdən çıxandan sonra deməyə məcbur qaldım. Anam biləndə də ciddi etiraz etdi. Ona nə qədər məqsədimizi başa salsam da, uşaq-muşaqla dövləti yıxacaqsınız deyirdi? Hətta bir gecə qapını bağladı, gedə bilmədim. Mən də pəncərədən qaçası oldum. Bir neçə gün evimizə getmədim. Sonra anam məcbur qalıb fəaliyyətimi qəbul etdi. Mənə verilən bildirişləri və yazıları anama da oxumağa verirdim. Günlər keçdikcə anamın yumşaldığını hiss edirdim. Biz həqiqəti yayırdıq. Sonra anam özü mənə dəstək olmağa başladı, bildirişlərə kömək edirdi. Dostlarımızın bizim evdə toplanmasına icazə verirdi. Özü də söhbətlərimizə qatılırdı. Hətta bir dəfə barəsində həbs qərarı çıxarılmış bir milli fəalı bir neçə gün evimizdə də gizlətdi. Amma mənə tapşırırdı ki, həbs olunmamağa çalış. Mən İrandan çıxandan sonra anamı çox incitdilər. İşdən çıxardılar, mənə zəng etdiyi üçün təzyiq göstərirdilər. Ona da sən casussan deyirdilər. Məni geri qaytarmağı tələb edirdilər. Anam mən Türkiyədə olanda yanıma gəldi, ancaq qayıdandan sonra «Ettelaat» əməkdaşları onu həbs edərək sənədlərini əlindən aldılar. Anamı azadlığa buraxandan sonra da tez-tez çağırıb sorğu-sual edirdilər. Bir neçə dəfə gecə saatlarında evimizə basqın edərək mənim və anamın kompüterini, kitablarımızı özlərilə aparmışdılar. Anam sənədlərini geri alan kimi təkrar Türkiyəyə gəldi və bir daha geri qayıtmadı. O da ABŞ-dan siyasi sığınacaq aldı. Çünki Təbrizdə yaşamaq artıq dözülməz idi. Anamın məndən başqa övladı yox idi. İndi yenə bir yerdə yaşayırıq.
- Bəs necə həbs olundunuz?
- Bir gün məktəbə gedirdim. Yolda 3-4 nəfər mənə yaxşınlaşıb qolumdam tutdu. Bildim ki, yenə «Ettelaat» əməkdaşlarıdırlar. Məni «Ettelaat»ın Təbriz şöbəsinə apardılar və orada çoxlu suallar verdilər. Adamı çaşdırmaq üçün bəzən eyni sualı bir neçə nəfər soruşurdu.
- Hansı suaları verirdilər?
- Əvvəl deyirdilər ki, Azərbaycan Respublikasına casusluq edirsən, guya onlardan pul alıb dövləti parçalamaq istəyirəm və s. Heç birini qəbul etmədim. Dedim ki, Azərbaycan Respublikasında heç bir qohumum yaşamır və bir dəfə də ora getməmişəm. Həqiqətən də hələ də Azərbaycan Respublikasında olmamışam. Ən böyük arzum Bakını görməkdir. Mən nə qədər israr etsəm də, inanmırdılar. Axırda dedilər ki, sənin yaşın azdır, İran düşmənlərinin toruna düşübsən, gəl bu yoldan dön. Bakıya marağın varsa, yollayaq get gəz. Sonra da Bakını pisləməyə başladılar. Dedilər ki, orada camaat ruslaşıb, dindən çıxıb, qadınları küçələrdə çılpaq gəzir və s. Məni danlayıb bir neçə saat sonra sərbəst buraxdılar.
- Bəs niyə həbs etmişdilər?
- Sinif yoldaşlarımdan birini bildiriş paylayarkən tutmuşdular. Biz 4 dost idik, həm də bir sinifdə oxuyurduq. Uşağı elə qorxutmuşdular ki, o da mənim adımı çəkmişdi. Onunla yenə də dost qaldım. Məni görəndə xəcalət çəkirdi. Amma biz bilirdik ki, heç kim daşdan deyil. Yaşımız da az idi. Mübarizədə belə işlər olar. Ona görə də növbəti dəfə tutulanda milli hərəkatdakı fəaliyyətimi etiraf etməli oldum. Məni eyni anda bir neçə nəfər döydü, sonra da təkadamlıq kameraya saldılar. Gecə yarısı oyadıb saatlarla sorğu-sual etdilər. 12 gün sonra azad etdilər. Amma tapşırdılar ki, birdə belə işlərlə məşğul olsan, ömürlük zindanda qalacaqsan.
- Həbsxanadan çıxandan sonra hara getdiniz?
- Bizə milli hərəkatla tanış edən milli fəalın dükanına getdim. O da indi xaricdə yaşayır. Çox gözəl insandır. O bizə hüquqlarımızdan danışırdı. O, bildirişləri öz evindəki kompüterində yazıb hazırlayırdı. Elə orada da çap edirdik. Bir otağını bu işlərə ayırmışdı. Sonra onu da həsb etdlər. Zindanda çox əziyyət vermişdilər. Girovla azadlığa çıxanda görüşməyə getmişdim. Bədənində şallaq izləri qalmışdı. Amma deyirdi ki, millət yolunda hər cür əziyyətə qatlaşmaq olar. Əsas odur ki, əqidəmiz sağlam olsun, yolumuzdan dönməyək. Biz onun söhbətlərindən güc alırdıq. Çox səxavətli insan idi. Bizə Qarabağ haqqında da danışardı. Xocalıya aid çoxlu fotoları vardı. Xocalının ildönümündə onun evinə yığışardıq. Bizə erməni təcavüzündən danışanda kövrəlirdi. Deyirdi ki, müharibə başlasa, gərək qardaşlarımızı tək qoymayaq. Mən Qarabağ müharibəsilə bağlı ilk dəfə ondan eşitmişdim. O, Azərbaycanın bayrağına and içərdi. Elə bayrağı sevməyi də ondan öyrənmişdik. Həbsdən çıxandan sonra da biz yenə fəaliyyətimizə davam edirdik. Hamımızın evində Azərbaycanın üçrəngli bayrağı vardı.
- Sonra nə zaman həbs edildiniz?
- May hadisələrinin ildönümüylg bağlı aksiya keçirildi. Biz də qatıldıq. Milli-siyasi şüarlar səsləndirdik. Çoxlarını həbs etdilər, mən də tutuldum. Bizi yenə də «Ettelaat»a apardılar. Təkdamalıq kamerda 3-4 gün saxlayandan sonra gözlərimi bağlayıb dindirməyə başladılar. Heç nəyin üstündə kənardan təpik, yumruq vururdular. Oturduğum stuldan yerə yıxılırdım.
- Nə üçün vururdular?
- Döymək üçün bəhanə edirdilər. Məsələn, məndən adımı soruşdular. Mən də soyadımı da dedim. Vururdular ki, səndən soyadını soruşmadıq. Ya da sual verirdilər ki, neçənci ildə doğulubsan. Cavab verirdim, yenə döyürdülər ki, düzünü de.
- Həbsdə nə qədər qaldınız?
- Məhkəmə 6 ay həbs cəzası verdi. Cəzamı çəkəndən sonra azadlığa çıxdım. Orta məktəbi bitirsəm də, ali təhsil ala bilməmişdim. Bilirdim ki, ali məktəbə qəbul olsam da, oxumağa imkan verməyəcəklər. Ona görə də imtahan verməmişdim. Son iki il ərzində ayrı-ayrı vaxtlarda üç dəfə həbs olundum. Sonuncu dəfə girovla müvəqqəti azadlığa çıxdım. Şərti həbs cəzalarım da vardı. Məhkəməm keçirilməmiş ölkəni tərk etməli oldum. Sənədlərim «Ettelaat»da qaldığı üçün qaçaq yolla Türkiyəyə getdim. Sonra da ABŞ-a köçdüm. İran həbslər və təzyiqlərlə milli hərəkatın qarşısını ala bilməyəcək. Rejim milli hərəkatdan qorxur. Hətta farsların sırasında da demokratikləşmə istəyənlər var. Dünyadakı bütün diktator rejimlər kimi İranın da sonu yaxınlaşır.

Turqut
Bu xəbər oxucular tərəfindən 1437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed