Şrift:
Fərəc Quliyev: "Ayrılan vəsait kommunal xərcləri ödəmək, aparatı saxlamağa belə yetmir"
12.04.2013 [15:18] - Gündəm, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
"Hakimiyyət mexanizm tapmalıdır"

Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir

- Fərəc bəy, qarşıdan prezident seçkiləri gəlir. Seçki öncəsi siyasi situasiyanı necə dəyərləndirirsiniz?

- Bizim ölkənin siyasi nəbzi təbii ki, Qarabağla vurur. Hər hansı bir sahədə irəliləyişlər olsun, problemlər olmasına baxmayaraq, Qarabağ probleminin həll olunmamış qalması təbii ki, siyasi proseslərə ciddi təsir göstərir. Çünki 20 faiz torpağımızın işğal altında olması, o deməkdir ki, biz potensialımızın 20 faizindən doğru-düzgün istifadə edə bilmirik. Yeraltı-yerustu sərvətlərimizdən yetərincə yararlanmırıq. Eyni zamanda 1 milyondan artıq soyadışımızın qaçqın və məcburi köçkün olması ölkə üçün böyük yükdür. Ancaq bütün bunlara baxmayaraq, bizim potensialımız imkan verir ki, indikindən daha yaxşı vəziyyətdə davranaq. Ən azından elə eləmək olar ki, münasibətlər sistemində bir dönüş yaransın. Bu dönüş barışığa söykənən, sabitliyə gətirib çıxaran səviyyəsində olmalıdır. Belə bir dönüşün olması siyasi münasibətlərin razborka səviyyəsinə deyil, masa arxasında, parlament səviyyəsində, bir-birini təhqir etmədən, bir-birinə hədə-qorxu gəlmədən ümumilkdə cəmiyyətin inkişafına töhfə verə bilər. Bu barışığın oturuşması üçün hakimiyyətdən də daha çox şey asılıdır. Hakimiyyət mexanizm tapmalıdır. Mən məsuliyyəti tək hakimiyyətin üzərinə qoymuram. Ancaq bu addımlar onlar tərəfindən atılmalıdır və cəmiyyətin hər bir hissəsi, siyasiləşmiş və siyasiləşməmiş hissəsi də məsuliyyətin onunda üzərində olduğunun fərqində olmalıdır. Çünki, ölkənin ümumilli məsələlərində "mənim", "sənin" yoxdur. Bu dövlət bir hakimiyyətə məxsus deyil. Dövlət özü bütövlükdə bizim məhsulumuzdur. Biz də dövlətin balalarıyıq. Bu dövlət babanın xidmətində bütün hər kəs durmalıdır. Bu prizmadan baxanda Azərbaycan adlı gəminin vəziyyəti o qədər də normal deyil. Kənardan vuran dalğalar Azərbaycan adlı gəminin normal hərəkətinə maneə yaradır. İstəyirik qonşularnan sıfır problemi olsun, ancaq baxırsan ki, Ermənistan bizimlə müharibə aparır, İran hər an bizi təhdid edir. Belə bir vəziyyətdə bu gəminin sakinləri olaraq hər birimiz gəminin batmaması üçün vahid mövqedən çıxış etməliyik. Mən o mənada ölkənin çox da normal olduğunu düşünmürəm. Aztəminatlı ailələrə kifayət qədər vəsaitin ayrılmasında çatışmazlıqlar, israfçılıq var. Ordu quruculuğumuzda çox böyük inkişaf olmasına baxmayaraq, bu sahədə də müəyyən problemlər var. Orduya sahib çıxmağı təkcə dövlətin üstünə yükləmək olmaz.

- MDHP-da seçkilərə hazırlıq işləri hansı səviyyədədir?

- Siyasi fəaliyyətimizdə prezident seçkilərində iştirakı vacib hesab edirik. Yarışı qarşı tərəfi təhqir etmək, onu hörmətdən salmaq, onu ucuzlaşdırmaq kimi baxmırıq. Azərbaycanda prezidentliyə namizəd olacaq hər bir şəxs qiymətli insanlardırlar. Bizim seçkilərə baxışımız fərqlidir. Çalışırıq ki, siyasi mübarizəni masa arxasına keçirək. Biz artıq dövlətimizi qurmuşuq. Sadəcə dövlətin inkişafı ilə bağlı ağıl, platforma komanda yarışması olmalıdır. Bunun fonunda onu deyə bilərəm ki, seçkilərə hazırlıq işləri gedir. Hazırlığımız indidən başlamayıb. Biz fəaliyyətimiz dövründə seçkiyə hədəflənirdik.

- Partiya seçkilərdə öz namizədi ilə iştirak edəcək?

- Bizdə ümumi rəy ondan ibarətdir ki, partiyanın özünün namizədi olsun. Bu mən də ola bilərəm, ya başqası da. Böyük ehtimalla mənim namizədliyim irəli sürüləcək. Başqa müraciətlər də var. Bütün hallarda düşünürük ki, seçkidə öz namizədimizlə iştirak edək.

- ATA Bloku ilə əməkdaşlığa dair razılığa gəldiniz. Maraqlıdır niyə məhz Ata Bloku?

- Biz istənilən təşkilatla siyasi mühitin demokratikləşməsi, seçkilərin səffaf, demokratik keçməsi, seçki mühitinin normal olması, bütün bu məsələlərlə bağlı hər kəslə əməkdaşlıq etməyə hazırıq. Əslində bu əməkdaşlıqla bağlı müqavilə bağlanmır. Cəmiyyətdə hər kəs buna əl qoymalıdır. Biz Blok siyasətinə qarışmırıq. Heç bir blokun tərkibində deyilik və olmayacayıq. Məsələ burasındadır ki, bloka daxil olanda öhdəliklərin olur və yaxud da sənin müttəfiqinin etdiyi səhvlərin daşıyıcısı olursan. Bu təhdidləri üzərimizə götürməməkdən ötrü müstəqil fəaliyyət göstərməyə meylliyik. Onu da nəzərinizə çatdırım ki, bizim partiya başqa partiyalardan fərqlənir. Bizim strukturda departament sturukturu var. Qərbi Azərbaycan, Bakı Kəndləri, Güyen Azərbaycan, Borçalı, Qarabağ, Dərbənd departamentlərimiz var. Biz Azərbaycanın bütün problemləri ilə bağlı Adekvat İnstitutlaşmışıq. Bizim partiya Blok şəkilində bir qurumdur. Belə deyək ki, cəmiyyətin bütün eloktoratlarını öz ətrafında toplayıb. Ancaq buna baxmayarq, biz Ata Bloku ilə əməkdaşlıq edəcəyik. Orda 22 partiya təmsil olunur. Onlardan 9-u qeydiyyatdan keçib. Dərin inteqrasiya üçün ortaya iradəmizi qoyduq.

- Parlamentdə olan partiyaların birliyinin yaradılacağı yönündə fikirlər var. Sizə bu yöndə hər hansı təkliflər olub?

- Hələlik belə bir birliyin yaradılması hiss olunur. Mən düşünürəm ki, ən azından bir düşüncə ətrafında birləşməyə çox böyük ehtiyac var. Milli Məclisdə çox böyük, bacarıqlı insanlar var. Bəzi məsələlərdə heç bir anlaşma olmadan belə birgə fəaliyyət göstərmək olar. Məsələn, onu deyim ki, mən millət vəkili seçildiyim ilk gündən Milli Məclisdə Qarabağ məsələsi ilə bağlı Qarabağ Daimi Komitəsinin yaradılmasını təklif etmişəm. Hətta bir dəfə irad tutdum ki, mən özüm AVRONEST-in üzvü kimi müxtəlif ölkələrdə Qarabağla bağlı çıxış etdiyim halda Milli Məclisdə Qarabağ dinləmələri edə bilmirik. Bu anormal bir məsələdir. Bu tipli məsələlərdə partiyaların birgə təşəbbüslə çıxış etməsi vacibdir. Bu əməkdaşlıqlar fayda gətirə bilər.

- Siyasi təşkilatlara, o cümlədən sizə maliyyə yardımı ayrılıb. Maraqlıdır, həmin vəsait sizin seçki hazırlığınıza nə kimi təsir göstərir?

- Siyasi politranın normal, ayaq üstə durması üçün siyasi partiyalara maliyyə ayrılması normaldır. Ancaq ayrılan vəsait olduqca azdır. Cəmi 2,5 milyon manat vəsait ayrılıb. Bunun da yarıdan çoxunu hakim partiya götürüb. Adi bir kənd yolu üçün 6, 7, 10 milyon pul ayrılır. Mən may ayından siyasi partiyalara ayrılan vəsaitin artırılması üçün təkliflərimi verəcəm. Bizim partiya üçün deyim ki, ayrılan məbləğı aylara böləndə 8 min manat vəsait düşür. Bu komunal xərcləri ödəmək, aparatı saxlamağa belə yetmir.

- Nədənsə maliyyə yardımı alan və almayan siyasi təşkilatlar da bundan narazıdır...

- Əslində siyasi palitranın doğru-düzgün yön alması üçün mojaritar və proporsional sistemin birgə tətbiqi çox vacibdir. Onda siyasi güclər bəlli olar. Ondan sonra da bir maliyyələşmə mexanizmi olar. Ancaq elə partiyalar var ki, qrantlar yolu ilə külli miqdarda vəsait alırlar. Elə partiyalar da var ki, yalnız xalqa güvənir. Maliyyə qaynağı da öz resurslarıdır. Biz də sonuncu kateqoriyaya aid olan siyasi təşkilatlardanıq. Ancaq çətinliklər çəkirik. Mən düşünürəm ki, dövlət siyasətlə məşğul olan təşkilatlara özü sahib çıxmalıdır ki, siyasi təşkilatlar kənardan pul almasınlar.

- "El" Hərəkatı yaradıldı. Bu hərəkata sizin münasibətiniz necədir?

- Mən ümumiyyətlə təşkilatlanmanın tərəfdarıyam. Millət təşkilatlanmalıdır. Ancaq biri var ki, bu birliklər millətinə, dövlətinə sahib çıxmaq üçün yaradılır. Biri də var ki, bu birliklər mövsümi olaraq, xüsusən kiminsə maraqlarına xidmət edir. Əgər "El" Hərəkatı sabah Azərbaycan xalqının xidmətində duracaqsa alqışlanacaq. Yox, əgər əks tərəfdə dayanacaqsa həm lənətlənəcək, həm də qarşında millətçi qüvvələri, o cümlədən bizi görəcək.
Onu da qeyd edim ki, bu mövsümi təşkilatların uğur qazanacağına inanmıram. Mən dediyim kimi milli maraqlara xidmət edəcəklərsə onlara uğur arzu edirəm. Ancaq ümumilikdə mən "El" Hərəkatının ciddi uğur qazanacağına inanmıram.

- Necə özəy təşkilatınız var?

- Bütün rayonlarda özəklərimiz var. Ancaq rayon təşkilatı kimi fəaliyyət göstərmələrində maliyyə imkanlarımiz məhdudluğundan bir sıra problemlərimiz olur. Ümumilikdə 48 rayon təşkilatlarımız var. Təşkilatlanma işlərimiz hazırda da davam edir.

- 48 rayon təşkilatı səviyyəsində seçkidə qalib gəlməyi planlaşdırırsınız?

- Bizim sosial potensialımız əsasən hərəkatçı dostlarımzıdır. Biz heç də düşünmürük ki, hakimiyyətə gələndə mütləq total kadr dəyişikliyi getməlidir. Bu yöndə yanaşmamız fərqlidir. Biz düşünürük ki, Depolitizasiya - siyasətsizləşdirmə siyasəti aparılmalıdır. Bacarıqlı kadrlar yerində qalmalı, onlar siyasətə qarışmamalıdırlar. Biz siyasi hakimiyyətə gəlməyi yalnız düşüncəmizi hakimiyyətə gətirmək kimi baxırıq.

Ədil Ədilzadə "Ədalət" qəzeti.
Bu xəbər oxucular tərəfindən 1378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed