Şrift:
Avropada Şuşa komandası
18.04.2013 [11:06] - Müsahibə, Diaspor
Ramin Şükürov: “Avropalılar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı deyillər”

Müsahibimiz Avropada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin icraçı katibi Ramin Şükürovdur.

- Ramin bəy, Azərbaycan Akademik Birliyi Azərbaycan diaspor fəaliyyətində hansı rolu oynayır?

- Azərbaycan Akademik Birliyi Avstriya, Sloveniya və Slovakiyada fəaliyyət göstərərək, Azərbaycan həqiqətlərinin tanıdılmasında, düzgün məlumatlandırmanın həyata keçirilməsində və azərbaycanlı gənclərin birgə sistemli fəaliyyəti yönündə önəmli bir cəmiyyətdir. Azərbaycan Akademik Birliyi Avropada digər gənclər cəmiyyətləri və diaspora təşkilatı ilə sıx əlaqədə olaraq, fəaliyyətin daha effektli olması üçün, yeni platformaların yaradılması ilə önəmli layihələrin həyata keçirilməsi yolunda irəliləyir. Azərbaycan Akademik Birliyi 10 illik tarixə malikdir. Bu 10 il müddətində önəmli layihələr həyata keçirilib. Amma onu deyə bilərəm ki, hazırda cəmiyyətimiz ən pik dövrünü yaşayır. Artıq Avropada fəaliyyət göstərən digər cəmiyyətlərimiz və diaspor təşkilatlarımız arasında önəmli yer tutaraq mərkəz rolunu oynayır.

Azərbaycan Akademik Birliyi ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızın təbliği ilə bağlı yeni təbliğat platformasından istifadə etmişdir. Bu idman platformasıdır. Cəmiyyətimizin nəzdində Xocalı və Şuşa idman komandaları yaradılıb. İşğal olunmuş rayonlarımızın xatirəsinə yaradılmış komandalar üçün bu adlarda xüsusi köynəklər hazırlanıb. Gənclərimiz həftədə iki dəfə bu köynəkləri geyir, digər avropalı həmkarları ilə birgə məşq edərək şüuraltı təbliğat həyata keçirir.

Bundan əlavə, Azərbaycan Akademik Birliyi mart və Xocalı soyqırımı ilə bağlı qeyri-ənənəvi və yeni layihə həyata keçirib. Bu layihə Avstriya cəmiyyətində marağa səbəb olub. Diqqətinizə çatdırmaq istərdim ki, bu layihə müsbət imic formalaşdırmaqla həyata keçirilib.

- Avstriyalılar Dağlıq Qarabağ münaqişəsi haqqında hansı bilgilərə sahibdirlər?



- Düşünürük ki, münaqişə ilə bağlı düzgün məlumatlandırma həyata keçirmədən öncə nə qədər düzgün məlumatlı olduğumuz barədə öz aramızda hazırlıq keçirək. Bu yöndə burdaki səfirliyimizlə birgə fəaliyyət göstəririk. Diplomatlarımızla gənc fəallarımız arasında görüş keçirib, münaqişə ilə bağlı daha ətraflı məlumatlanmağa çalışırıq. Bu, fikrimizcə, doğru addımdır.

- Yəni, sistemli fəaliyyət aparılmasının tərəfdarısınız?



- Bəli. Çünki münaqişə ilə bağlı daim yenilənən və müfəssəl məlumata malik olmaq lazımdır. Digər ölkələrdəki fəallarımıza da məsləhət görürük ki, bu yöndə səfirliklərimizlə birgə çalışsınlar.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatlanma və məlumatlandırma ilə bağlı cəmiyyətimizin təşəbbüsü ilə şəbəkə yaradılıb. Qısa zamanda bu şəbəkə ilə bağlı daha ətraflı məlumat alacaqsınız. Düşünürük ki, avropalılar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı deyil. Amma hər keçən gün məlumatlananların və ölkəmizlə maraqlananların sayı artır.

- Qarşıda Azərbaycanın yaxından tanıdılması üçün hansısa fəaliyyət proqramları gözlənilirmi?



- Yaxın zamanda ölkəmizin daha çox tanıdılması ilə bağlı müsbət imic formalaşdırmaqla daha çox ictimai yöndə fəaliyyət planlaşdırılır. Düşünürük ki, sadəcə, ənənəvi aksiyalar keçirməklə yetinmək olmaz. Bu aksiyalar lazımdır, amma kifayət deyil. Biz avropalılardan münaqişə ilə bağlı ədalətli münasibət göstərmələrini istəyiriksə, onların üzərində bu yöndə məsuliyyət yaratmalıyıq. Bu da ictimai fəaliyyətlə həyata keçirilə bilər. Avropadan nəsə istəyiriksə, kiçik də olsa nəsə verməliyik Avropa insanına.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed