Şrift:
Millətin mövculuğu problemi
19.04.2013 [10:26] - Türk dünyası-Turan, DAVAMın yazıları
Hər bir etnosun və ya müasir elmi terminlə desək, etnikliyin mövcudluğu onun öz zamanına uyğunlaşması qabiliyyəti ilə ölçülür. Amma dövran, öz dəyərlərini qoruyub saxlamaq istəyən etnosun qarşısında bir çox hallarda forma seçimi, seçim variantları qoyur.
300 il öncə Şimali Amerikanı məskunlaşdıran və orada dövlət yaradan anqlo-saksonlara çətin ki, tolerant və liberal demək olardı. Yerli aborigenlər olan hinduları yer üzündən silən ilk ingilis kolonistləri və onların varisləri sırf milli xristian ruhunda tərbiyə olunur və özgələrə dözümsüz münasibətdə idilər. Amma dövranın onlara verdiyi seçimdə onlar assimilyatorçu tolerantlığı qəbul etdilər. Bu yolun nəticəsi kimi müasir ABŞ-ı göstərə bilərik. Artıq “multikültural”, çoxmilli və çoxdinli cəmiyyət formalaşmışdır. Assimilyasiya tam qələbə çala bilmədi; bir tərəfdən qan təmizliyini saxlamaq istəyən anqlo-saksonlar, digər tərəfdən, ABŞ siyasi sisteminə işləmiş milli və dini qüvvələr...
Milli tariximizə nəzər saldıqda, ilk növbədə millətimizin keçdiyi toplum formalarını ayırd etməliyik. Burada əsas meyar Azərbaycan coğrafiyasında milli özünüdərk amilinə əsaslanan toplum tipidir.
İçoğuz mərhələsi
E.ə. III minillikdən etibarən Azərbaycanın yerli oturaq türk və qeyri-türk əhalisi ilə qaynayıb-qarışmağa başlamış köçəri türk elləri ilk dəfə olaraq 3000 il öncə böyük bir İçoğuz xaqanlığı adlı imperiya qururlar və tarixdən bu “işquz”, “skif” imperiyası kimi tanınır. İlk dəfə idi ki, Quzey və Güney Azərbaycan türklüyü vahid dövlət qurumu altında birləşirdi. Amma bu çox çəkmədi. Oturaq türklüklə gəlmə köçəri türklük arasında ziddiyyətlər bu imperiyaya son qoydu və onun yerində Arazdan cənuba Mada, Arazdan yuxarı isə bir neçə içoğuz dövləti yarandı.
Alban mərhələsi
Sonrakı dövrdə Arazdan şimala doğru Azərbaycan ərazisində içoğuz elləri birləşdi və Alban dövləti yarandı. Xristianlığın şərq qolunu qəbul edən Alban türklüyü faktiki ayrıca bir xristian türk etnosu kimi formalaşmağa başladı ki, biz burada artıq primitiv milli-dövlət formasından danışa bilərik. İlk dəfə idi ki, dünya türklüyünün tarixində türkdilli dini əsasda türk toplumu formalaşırdı. Milli dini mərkəz kimi çıxış edən Alban kilsəsi milli kimliyin, dövlət ideyasının daşıyıcısı rolunu oynayırdı.
İslam mərhələsi
Amma ərəb istilaları və Azərbaycan türklüyünün İslam dünyasına qatılması tamam ayrı bir alternativi ortaya qoydu. Sonrakı tarixdə yerli oturaq müsəlman türklərlə şimaldan və cənubdan gələn köçəri müsəlman türklər etnogenezimizin növbəti mərhələsinə (Sacilərdən başlamış Səfəvilərədək) təkan verdilər. İslama pənah gətirməyən türklər isə, hay (“erməni”) və yunan kilsəsinə üz tutaraq öz etnik kimliklərini itirdilər.
Artıq islam dövründən rus işğallarına qədər dövrdə Azərbaycan türklüyünün güclü milli kimlik sistemindən, məncə, danışmaq olmaz. Çünki, böyük bir zaman kəsiyində (10-cu əsrdən 19 əsrə qədər) “müsəlman”, “şiə” və “sünni” anlayışları milli özünüdərki bütünlükə əvəz etmişdi. Bu mərhələdə etnik mənsubiyyət daha çox fraqmentar, sistemsiz, pərakəndə və müvəqqəti formada özünü göstərirdi.
Rus işğalları Quzey Azərbaycan türklüyü içində özünüdərkin dövranın tələbatına uyğunlaşdırması üçün yeni ehtiyacı doğurdu. Sözsüz ki, rus, erməni, gürcü və Qərb millətçiliyinin təsiri də burada az rol oynamadı.
Azərbaycan Xalq Cümhuriyyəti mərhələsi
Görəsən, 1918-ci ildə qurulmuş Cümhuriyyət qalsa idi, bizdə milli özünüdərk və dövranın tələblərinə cavabımız necə olacaqdı? Ehtimal etmək olar ki, Azərbaycan indikindən də güclü islam ənənələrinə malik, amma Qərblə sıx əlaqədə olan bir dövlət olacaqdı. Təqribən, modern ərəb respublikaları formalı bir toplum mövcud ola bilərdi. Bir tərəfdən güclü islamçılıq, ikinci tərəfdən, məhdud modernizmə yönəli millətçilik.
İndi belə fikirlər var ki, “azərbaycanlı” etnonimi sovet dövrünün məhsuludur. Bununla razılaşmaq olmaz. Amerikalı azərbaycanşünas T.Svyataçovski M.Ə.Rəsulzadənin siyasi fikir dünyasını araşdırarkən burada “islamçılıq-türkçülük-azərbaycançılıq” xəttinin barizliyini qeyd etmişdi. Yəni, Xalq Cümhuriyyətinin yaradıcıları bir tərəfdən, dövlətini formalaşdıran toplumun ideoloji əsası kimi türkçülüyü götürürdülərsə, ikinci tərəfdən onlar “vətəndaş millətçiliyi” tezisi kimi “azərbaycançılığı” ortaya qoyurdular. Sonuncu tezis milli və dini mənsubiyyətindən asılı olmayaraq dövlətdə vətəndaş həmrəyliyini, ortaq dəyərlər sistemini vurğulayırdı.
Amma bu yolla biz gedə bilmədik. İkinci rus işğalı bizi ayrı yola çəkdi.
Sovet azərbaycanlısı mərhələsi
Rus-kommunist imperiyası Azərbaycan mütəfəkkirlərinin azərbaycançılığından istifadə etdi; amma “türk” özünüdərkinə qarşı. İslam dininin zorla məhv edilməsilə yanaşı, “sovet azərbaycançılığı” şablonu Azərbaycan türklərinin ürəyindən və beynindən türklük anlayışını vurub çıxarmalı idi. Siyasətin son məqsədi - ruslaşma idi. Repressiyalar ilə dəstəklənən bu siyasət öz ağır nəticəsini verdi. Millətin manqurtlaşdırılmasının nəticələri göz qarşısındadır: buraya milli özünüdərkin və milli mənafe dərkinin azlığını, bundan doğan eqoizmi göstərə bilərik. Torpaqlarımızın işğallarından tutmuş, korrupsiyaya qədər bəlalarımızın kökündə məhz rusların Sovet imperiyası dövründə apardığı siyasətin nəticəsi durur.
Yeni mərhələ
İndiki dövrdə millətimizin qarşısında bir çox yolların qapısı açılıb. Hamısı öz seçimimizdən asılıdır. Biz “qərbləşmə” yolu ilə gedə bilərik. Bu gün Türkiyəyə nə qədər “neoislamizm” yoluna qədəm qoyduğunu desək də, orada oturuşmuş dünyəvi Qərb azadlıqları da vardır. Hətta, elələri var ki, burada onu deməyə də üzümüz gəlmir,.. mentalitetə görə...
Biz İran yolunu da seçə bilərik: islamçılıq və dini pərdə altında gizlənmiş aparıcı etnosun millətçiliyi. Onsuz da sosioloqlar Azərbaycan toplumunun getdikcə mühafizəkarlaşdığını, dini hisslərin gücləndiyini bildirirlər.
Hər halda seçim xalqındır. Amma seçiləcək yoldan asılı olmayaraq millətçiliyin önəminə şübhə ola bilməz. Çünki ailədə, məktəbdə və toplumda millətçilik tərbiyəsi nə qədər güclü olarsa, Millət və Dövlət də bir o qədər güclü və uzunömürlü olar.

Pərviz Elay
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed