Şrift:
Qobustan rayonu ərazisində bir gündə 7 avtoqəza baş verib, 9 nəfər xəsarət alıb
10.11.2011 [10:29] - Hadisə
Bakı-Şamaxı yolunun 6 kilometrlik hissəsinin buz bağlaması səbəbindən bir gündə 7 yol-nəqliyyat hadisəsi baş verib, 8 nəfər xəsarət alıb.

Hadisələr yolun 85-91-ci kilometrlik hissəsində, Qobustan rayonu ərazisində qeydə alınıb.

İsmayıllı sakini, 1956-cı il təvəllüdlü İsrafilov Aslan Ağaməşədi oğlunun idarə etdiyi 10 SJ 675 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Pirşağı sakini, 1979-cu il təvəllüdlü Əliyev Babək Şəhri oğlunun idarə etdiyi 10 TZ 394 dövlət nömrə nişanlı, “VAZ 2104” markalı minik maşını ilə toqquşub. Hadisə noyabrın 9-da saat 11:00 radələrində qeydə alınıb. Nəticədə hər iki sürücü, eləcə də Babək Əliyevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əliyeva Validə Amil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dünən saat 11:30 radələrində də yolun 91-ci kilometrliyində iki avtomobil toqquşub. Sumqayıt sakini, 1972-ci il təvəllüdlü Piriyev Arif Kərimxan oğlunun idarə etdiyi 10 MX 246 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşın qarşı tərəfdən gələn, Şəki sakini 1982-ci il təvəllüdlü Rəsulov Daşqın Rəsul oğlunun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - Sumqayıt sakini, 1978-ci il təvəllüdlü Şükürov Şahlar Bayram oğlu və Şəki sakini, 1970-ci il təvəllüdlü Salmanova Təranə Camal qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Noyabrın 9-u saat 19:00 radələrində isə Qazax sakininin idarə etdiyi “Mercedes” markalı minik maşınının yoldan çıxaraq aşması nəticəsində sürücünün həyat yoldaşı və qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların adı və soyadı dəqiqləşdirilir.

Digər 4 avtoqəza zamanı xəsarət alan olmayıb. Yol polisi əməkdaşlarının APA-ya verdiyi məlumata görə, qəzalara qar və buzla örtülmüş yolda çovğunun baş verməsi səbəb olub. Güclü küləyin toz şəklində havaya qaldırdığı qar yolu görünməz edib, bu isə avtomobillərin toqquşmasına və aşmasına səbəb olub.

Noyabrın 9-u saat 20:00-dan bu gün səhər saatlarınadək isə Bakı-Şamaxı yolunun 85-91-ci kilometrliyi bağlanıb, nəqliyyatın hərəkəti saat 9.30-dan sonra bərpa edilib.
Bu xəbər oxucular tərəfindən 1618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed