Şrift:
Borçalı xatirələri
19.04.2013 [10:37] - Borçalı
Ulu Türk yurdu Borçalıya “İgidlər oylağı” da deyirlər. Mərd və igid kişilərin çox olduğu bu mahalın başı daima dumanlı olsa da Qarapapaq eli bu sınaqlardan həmişə üzüağ çıxmağı bacarıb. Borçalının sayılıb seçilən ağır kişilərindən biri də İsrafil bəy Acalov olub. İsrafil bəy zəmanəsinin qəhramanı olmaqla yanaşı bölgənin hamisi olub. Borçalının Peterburqda təshil almış ilk hüquqşunası olan İsrafil bəy ilk Borçalılı olaraq Tiflisdə məhkəmə sahibi, Zaqafqaziya seyminin deputatı olub. Yerli camaatın ümid yerinə çevrilən İsrafil bəy 1918-ci ildə Borçalını erməni soyqrımından qurtarmaqla yanaşı mənfur daşnaklara böyük zərbə endirib. Məhz İsrafil bəyin sayəsində Azərbaycan türklərinin yaşadığı yeganə bölgə olan Borçalıda ermənilər yerli camaata qarşı soyqrım edə bilməyiblər, əksinə, özləri qurbana çevriliblər.
İsrafil bəy haqqında bir necə dəfə yazı yazdığımdan qəhrəmanımızı xəyalımda canlandırır, onun yaşadığı yerləri öz gözlərimlə görmək istəyirdim. Bu ilin Novruz bayramında ata yurdum Abdallıya baş çəkdikdən sonra İsrafil bəyin yaşadığı Ağalıq kəndinə getmək qərarına gəldim. Rayon mərkəzindən 8 km aralıda olan Ağalıq kəndi dağlar qoynunda, meşələr əhatəsində çox əlverişli və səfalı bir yerdə yerləşir.
Soraqlaşıb İsrafil bəyin adını daşıyan nəvəsi Ağalıq kənd orta məktəbinin direktoru İsrafil Acalovun evini tapdım. İsrafil bəyin evinə, yurd yerinə yaxınlaşdıqda çox qəribə hisslər keçirdim. Evin dəmir qapısını açıb ev yiyəsini səslədim. Evin ikinci mərtəbəsindən təxminən 70 yaşlarında batman yerişli, pəhləvan cüssəli və mərd baxışlı bir kişi səsimə səs verib aşağı həyətə endi. Kişinin simasına baxdıqda bir anlığa sanki İsrafil bəyi gördüyümü sandım. Sonradan öyrəndim ki, İsrafil bəyə çox oxşayan İsrafil müəllimə el arasında elə “İsrafil bəy” deyirlər. Məni olduqca xoş qarşılayıb evə dəvət edən İsrafil müəllim ilə uzun uzadı söhbətləşdik.

- İsrafil müəllim, İsrafil bəy haqqında oxucularımıza nələri deyərdiniz, onu necə xarakterizə edərdiniz?

- Bilirəm ki, qəzetinizdə babam İsrafil bəy haqqında yazı gedib. Buna görə qəzetinizin rəhbərliyinə və şəxsən sizə öz dərin təşəkkürümü bildirirəm. İsrafil bəy çox savadlı-təhsilli insan olub. O, Peterburqda hüquq təhsilinə yiyələndikdən sonra Tiflisdə ilk öncə vəkil, daha sonra isə məhkəmə sahibi (sədri) vəzifəsində çalışmaqla yanaşı Zaqafqaziya seyminin deputatı olub.

- Ancaq bildiyimə görə İsrafil bəy Tiflisdə işləyib çalışsa da, öz ata yurdu Borçalıya çox bağlı olub

- Düz buyurursuz, bəy işlərilə əlaqədər vaxtını daha çox Tiflisdə keçirsə də həftə sonları mütləq kəndə gələrdi. Bu gördüyünüz ev (yaşadıqları evi gəstərir) bəyin istirahət məkanı olub. Bəyin ailəsi daha çox bu kənddə yaşayıb. Xatırladım ki, bu Ağalıq adlanan kənd əslində bəyin şəxsi mülkü olub. Biz əslində 1 km aralıda olan Kəpənəkçi kəndindənik. Babam bu yeri uzun sürən məhkəmələrdən sonra özününkü edə bilib. Sovetlər zamanı isə bura başqa insanlar köçüb gəlməyə başladı və beləcə Ağalıq kəndi yarandı.

- İsrafil bəyin bu evlə bu kəndlə bağlı hansı maraqlı xatirələri var?

- Xatirələr çoxdur. Bəy daima kasıblara əl tutması ilə yadda qalıb. Tiflisdə hüquq sistemində çalışdığından daima öz millətinə yardım edirdi. Bəy, hər dəfə kəndə gələndə yüzlərlə problemi olan soydaşımız onun yanına gəlib yardım alırdılar. Bəy çox sadə adam idi, daima öz işçilərilə, sadə kənd adamları ilə bir süfrə arxasında oturardı.
Bir əhvalat danışım, bəyin oğlunun xeyir işində bəy ziyafətə təşrif buyuran adlı-sanlı qonaqları , bəyləri öz doğma kəndinin sadə adamları ilə bir masa arxasında əyləşdirir. Bundan narahat olan bəzi Borçalı bəyləri İsrafil ağaya öz iradlarını bildirərək sadə kənd adamları ilə oturmaq istəmədiklərini deyirlər. Belə olan halda İsrafil bəy, ziyafətdə olan kənd sakinlərinin onun əzizləri olduğunu bildirərək bəylərə məclisi tərk etmək göstərişini verir.

- Bəs İsrafil bəyin hökümətlə mühansibəti necə idi?

- Bəy hökümətə sadiq adam idi. Öz işini layiqincə yerinə yetirirdi. Elə buna görə də Tiflis qubernatoru tərəfindən “Qızıl xaç” ordeni ilə təltif olunmuşdu. Hökümət tərəfdən bəy kareta və xüsusi cangüdənlərlə təhciz edilmişdi.

- Qəhrəmanımızın bölgədəki qaçaqlara dəstək olması nə dərəcədə doğrudur?

- Mən belə deməzdim. Bildiyniz kimi o dövrlər çox qarmaqarışıq bir dövr idi. Hər yan erməni və gürcü quldurları ilə dolu idi. Borçalıda bəzi qaçaqlar var idi ki, haqq üçün dağlara meşələrə çəkilmişdilər. Bəy də çox millətçi və uzaq görən bir insan olduğundan bölgənin namuslu, igid, xalqın dərdini çəkən qaçaqları ilə, o cümlədən, Emin ağa, Cöyrə oğlu Qara, Qaçaq Məmməd, Qacaq Dünyamalı və d. igidlərlə əlaqəsini kəsməmişdi. Adını çəkdiyim və çəkmədiyim qaçaqlar olmasaydı, bölgədə digər millətlərin ağalığı hökm sürə bilərdi. Belə də İsrafil bəy bölgənin nəzarətini və təhlükəsizliyini öz diqqəti altında saxlayırdı. Bu gördüyünüz tikilidə (əli ilə göstərir) bəy daima silah saxlayar, diqqəti heç vaxt əldən vermirdi.

- Və nəhayət, 1918-ci il Borçalıda erməni-Azərbaycan qarşıdurması...

- Bildiyiniz kimi, 1918-ci ildə ermənilər Azərbaycan türklərinin yaşadığı hər yerdə dinc, silahsız müsəlman əhalimizə qarşı kütləvi soyqrımlar törətməyə başlayırlar. Hər yerdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Təbrizdə, Salmasda, Xoyda, Göyçədə, Amasyada, Zəngəzurda, Naxçıvanda, Axısqada, Dərbənddə və s. bölgələrdə yaşayan azərbaycanlılara qarşı kütləvi qığınlar gedirdi. Mənfur daşnakların bu dəfəki hədəfi Borçalı idi. Yuxarıda qeyd etdiyim qırğınlarda bilavasitə iştirak etmiş general Nazarbekyan 700 daşnakla ermənistandan meşə yolu ilə Borçalıya gəlib, burada qətllər törətmək qərarına gəlir. Bundan xəbər tutan İsrafil ağa özünün güvəndiyi Borçalı igidlərini başına yığır. Yuxarıda adını çəkdiyim Borçalı qaçaqlarının da dəstəyini alan İsrafil bəy əli qanlı daşnakları Bolnisi yaxınlığındakı çayın kənarında pusquya salaraq hamısını məhv edir. Azərbaycanda minlərlə günahsız qocanın-uşağın və qadının qanını tökmüş Nazarbekyanın isə başını şəxsən bu çatışmada bəy özü kəsir. Həmin dərənin adı indinin özündə belə xalq arasında “Qanlı dərə” adlnır.

- Ancaq təssüf ki, bəy bir müddət sonra sui-qəsdə qurban gedir. Bu haqda nə deyə bilərsiz?

- Elədir. Bu savaşdan bir müddət sonra İsrafil bəy heç nə olmayıbmış kimi yenidən Tilflisə öz işinin başına dönür. Yaxın dostları ona bunun çox təhlükəli olduğunu bildirsələr də bəy onlara qulaq asmır. Hətta Borçalıda olan, bəyin yaxın münasibətdə olduğu Nuru Paşa və Yaqub Şevki Paşa bəyi Osmanlıya dəvət edərək ona yüksək vəzifə vəd edirlər. Ancaq İsrafil bəy Borçalıda - Vətəndə qalmağı, paytaxt Tiflisdə öz işində qalmağı daha üstün tutur. Bəyi daima hədəfdə saxlayan daşnaklar bir gecə bəyin evinə soxularaq onu yatan yerdə tapanca ilə yaralayırlar. Yaralı vəziyyətdə xəstaxanaya yerləşdirilən bəyin həyatını həkimlər xilas edə bilir. Bəyin qohumları bəyi doğma kəndə gətirmək istəyəndə bəy buna qarşı çıxaraq ermənilərdən qorxmadığını və Tiflisdə xəsəxanada qalacağını bildirir. Bir müddət sonra elə həmin xəstaxanada boşluqdan istifadə edən daşnaklar, ikinci dəfə bəyə qarşı sui qəsd edərək bu dəfə bəyi qətlə yetriə bilirlər. Bəyin Borçalıdakı dəfn mərasiminə bütün el oba yığışır.Bu qətl bütün eli sarsıdır.Ancaq qətldən 40 gün sonra bəyin Osmanlıda olan bacısı oğlu Məmməd Tiflisə gedərək bəyə sui-qəsd hazırlayan daşnakı taparaq məhv edir.
Aradan illər keçsə belə, İsrafil bəyin öz xalqı üçün etdiyi unudulmur, onun adı dillər əzbərinə çevrilib.

- İsrafil müəllim bu xoş söhbət və xoş qarşılama üçün Sizə təşəkkür edir, Sizə möhkəm can sağlığı arzulayırıq. Allahdan İsrafil bəyə rəhmət diləyir, o dünyasının cənnət olmasını Allahdan arzu edirik!

- Çox sağ olun, Anar müəllim. Mən də sizə və sizin qəzetinizə öz adımdan və soyum adından dərin təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayıram.

Anar Məsimov
Bu xəbər oxucular tərəfindən 3906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed