Şrift:
Millət vəkili İran ayətullahının açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
19.04.2013 [18:13] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Onlar Ermənistanla bütün istiqamətlər üzrə ciddi əməkdaşlıq edir..."
Fərəc Quliyev: "...yaxşı olar ki, özünün yürütdüyü siyasətə bir nəzər yetirsin"


Məlumat verildiyi kimi, son günlər İranda Azərbaycana qarşı təxribatçı müzakirələrə geniş start verilib. Xüsusən də Türkmənçay müqaviləsinin yenidən gündəmə gətirilməsi və bu xüsusda təxribat xarakterli açıqlamaların davam etməsi cənub qonşumuzun Azərbaycana qarşı məkrli siyasətindən əl çəkmədiyini göstərir. İranlı deputatların sözügedən məsələdə aktiv iştirakı isə məsələnin kifayət qədər mürəkkəb və təhlükəli məqamlarından xəbər verir.

Xatırladaq ki, bir neçə gün öncə Urmiyadan seçilən azərbaycanlı deputat Nadir Qazipur İran parlamentindəki çıxışında Azərbaycan Respublikasına xəbərdarlıq edib: "Mən ölkənin şimal-qərb əyalətlərinin parlamentdəki deputatları adından Azərbaycan Respublikasına xəbərdarlıq edib bildirirəm ki, bu ölkə məntəqə əhalisi və sərhədyanı ərazilərdə yaşayanlara qarşı bəzi rəftarlarını dayandırmasa, Gülüstan və Türkmənçay müqavilələrini parlamentdə gündəmə gətirib müzakirəyə çıxaracağıq".

İran parlamentinin bir qrup deputatı isə Gülüstan sülh müqaviləsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü təhdid edən qanun layihəsi hazırlayacaqlarını bildirib. İran parlamentinin Urmiyadan seçilmiş digər deputatı Seyid Salman Zakir jurnalistlərə açıqlamasında deyib: "Amerika və sionist rejim Azərbaycan hakimiyyətini Qərbin təsiri altına salmaqla onun İranla münasibətlərini zəiflətməyə və iki ölkə arasında dostluq körpüsünü məhv etməyə çalışır. Biz Azərbaycan rəsmilərinə tövsiyə edirik ki, ağıllı siyasət yeritsinlər və özlərinə dost seçərkən diqqətli olsunlar. Çünki dünənə qədər Amerika və İsrailin yanında dayanan Misir, Liviya və Tunis kimi hökumətlər bu gün dağılıb".

Qonşu ölkənin parlamentində aparılan belə məzmunlu müzakirələr Azərbaycanda ciddi əks-səda doğurdu, məsələyə müxtəlif statuslu şəxslər tərəfindən kəskin reaksiyalar verildi.

Sözügedən qalmaqal səngiməmiş İranın ali dini liderinin rəsmi nümayəndəsi Azərbaycanı yenidən hədələməyə başladı. Özü də maraqlıdır ki, bu hədələr hansısa diplomatik tərzdə, üstüörtülü şəkildə ifadə olunmur, açıq mətnlə Azərbaycan dövlətinin diqqətinə çatdırılır. Belə ki, İranın ali dini lideri Ayətullah Xamneyinin rəsmi nümayəndəsi Ayətullah Şəbistəri rəsmi Bakını islam dininə qarşı siyasət yürütməkdə ittiham edib. O, Azərbaycanda məscidlər, dindarlar və hicabla bağlı məsələyə münasibət bildirərkən ənənəvi İran siyasətinin Azərbaycana xəbərdarlıq metodundan istifadə edib: "Bu vəziyyətin davam etməsi Azərbaycan hökumətinin ziyanına olacaq. Mən Bakı rəsmilərinin öz anti-islam siyasətlərinə düzəliş etməsini gözləyirəm" - deyə o vurğulayıb. Ayətullah onu da əlavə edib ki, Azərbaycan xalqının çoxu şiədir və bunu əsas gətirərək deyib: "Azərbaycan bir şiə ölkəsi olsa da, onun rəsmiləri şiələrə təzyiqlər edir və dini təbliğə imkan verilmir".

Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdığını deyib: "Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək".

Belə məzmunlu fikirlərin səsləndirilməsi müstəqil Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilə bilərmi?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, heç bir dövlətin müstəqil Azərbaycan Respublikasının yürütdüyü siyasətə qarışmağa haqqı yoxdur: "İran belə təəssübkeşlik etmək istəyirsə, yaxşı olar ki, özünün yürütdüyü siyasətə bir nəzər yetirsin. Onlar Ermənistanla bütün istiqamətlər üzrə ciddi əməkdaşlıq edir, başqa sözlə desək, həmin dövlətə verilən yeganə nəfəsliyi də İran açıb. Yalnız şiəlik deyil, ümmət təəssübkeşliyindən danışmaq istəyirlərsə, yenə də Azərbaycanda yaşayan müsəlmanlara qarşı döyüşən ermənilərə fərqli münasibət bəsləməlidirlər. Əslində, İran Azərbaycanın İsrail və ABŞ-la münasibətlərinə yersiz olaraq qısqanclıqla yanaşır. Çünki bizim adıçəkilən dövlətlərlə əməkdaşlığımızın İrana heç bir ziyanı ola bilməz. Ancaq İranın Ermənistanla münasibət qurmasının bizə böyük ziyanı var. Azərbaycanın işğal olunmuş ərazilərinin və Ermənistanın silahlandırılmasında İranın birbaşa iştirakı danılmazdır. Bu baxımdan da onların bizə kimlərlə dostluq etməklə bağlı məsləhət verməyə haqqı çatmır. İranın bizi təhdid etməsi də adi qarşılanmalıdır. Çünki bu dövlət bütün dünyanı təhdid edir. İranın sonu gəlib çatıb və həmin dövlət ömrünün son günlərini yaşayır. Bu səbəbdən də radikal bəyanatlar verməyə məcburdur. Mən hesab edirəm ki, iranlı Ayətullah Şəbistərinin verdiyi açıqlama başqa dövlətin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilməlidir. Ancaq belə məzmunlu təhdidləri Azərbaycan tərəfi o qədər də ciddiyə almamalıdır".


Məhəmmədəli QƏRİBLİ Bakı-Xəbər qəzeti.
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed