Şrift:
Mediada mən deyərdim ki, hardasa bir Türkofobiya hiss olunur
22.04.2013 [10:26] - Müsahibə
Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada Vəkillər Kollegiyasının üzvü, vəkil, hüquq məsləhətçisi Hüseyin Türkellə müsahibə:

- Hüseyin bəy, Kanada-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, bu ölkədə Azərbaycanla bağlı məlumatlar hansı səviyyədədir?

- Kanadanın qondarma erməni soyqırımını tanıyan ölkələrdən biri olduğunu, Kanadada yaşayan türk topluluqlarının, o cümlədən Azərbaycan icmasının etirazlarına baxmadan ermənilərin cəfəngiyyatdan ibarət “soyqırım” iddialarının hətta burada orta məktəb dərsliklərinə salınması kimi gerçəkləri nəzərə alsaq, Kanada-Azərbaycan əlaqələrinin yaxşı olduğunu iddia etmək yanlış olardı.

Doğrudur, Kanadada ölkəmizin səfirliyi fəaliyyət göstərir və diplomatik əlaqələrin genişləndirilməsi üçün mənə elə gəlir ki, Azərbaycan rəsmiləri əllərindən gələni edirlər və s. amma məncə, münasibətlər arzuolunan səviyyədə deyil.

Əlbəttə, rəsmi münasibətlərin səviyyəsi haqda dövlət rəsmiləri daha düzgün bilgiyə sahibdirlər.

- Son illər Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti güclənməkdədir. Uzun illər orada yaşayan şəxs kimi bu haqda fikir və təkliflərinizi eşitmək maraqlı olardı...



- Sevinc dolu hisslərlə qeyd etmək istərdim ki, Kandadakı Azərbaycan diasporasının fəliyyəti öncəki illərlə müqayisədə güclənib, amma təəssüf ki, hələ də qaneedici deyil.

Pərakəndəlik hələ də var və çalışmalar daha çox taktiki məsələlər və hadisələrə reaksiya formasında davam etdirilir. Uzun vədəli plan üzrə, güneyli-quzeli bütöv azərbaycanlıları öz çatısı altına alan mütəşəkkil və monolit diasporanın yaranması ilə ilgili bir sıra problemlər var.

Diasporamızın mütəşəkkilləşməsini əngəlləyən ən ciddi maneələrdən biri və məncə birincisi İran rejimi və İranın birbaşa, yaxud dolayısı ilə təsiri altında olan soydaşlarımızdır. İran rejimi müxtəlif metodlarla Azərbaycan diasporasını parçalayır.

İkinci problem diaspora fəallarının lazımsız siyasiləşməsi, mövcud iqtidar-müxalifət mübahisələrinin diasporaya çəkilməsidir.

Demokratikləşmə yolu tutan ölkə kimi Azərbaycanda da iqtidar və müxalifətin olması tamamilə təbiidir. Amma məncə, disporada siyasiləşməkdən çəkinməli və sadəcə milli maraqlar üstün tutulmalıdır.

Üçüncü problem lazımi maddi bazanın olmamasıdır.

Xüsusilə, Azərbaycan diasporunun gənc diaspor olmasına və milli düşüncəli soydaşlarımızın burada yeni olduqlarına görə tam da oturuşmuş olmaması nəzərə alınarsa, bu problem başa düşüləndir. Azərbaycan diaspor təşkilatlarının, dərnəklər və cəmiyyətlərinin bir araya toplaşmaq üçün özünə aid bir mərkəzi - toplaşma yeri yoxdur.

Pərakəndəliyin əsas səbəblərindən biri də özümüzə aid bir qərargahın olmamasıdır.

Bir neçə il əvvəl mətbuat vasitəsi ilə dünyanın böyük şəhərlərində və Azərbaycan icmalarının sıx yaşadığı Amerika və Avropa şəhərlərində Azərbaycan evləri və ya mədəniyyət mərkəzlərinin açılmasını təklif etmişdim.

Hesab edirəm ki, bu kimi proyektləri həyata keçirmək dövlət orqanları üçün çətin olmamalıdır. Sevindirici haldır ki, artıq Avropada bir neçə belə mərkəzlər fəaliyyətə başlayıb.

Hesab edirəm ki, Toronto şəhərində dövlət hesabına bir qərargahın alınmasına, “Azərbaycan Kültür Mərkəzi” və ya “Azərbaycan Evi” adı altında Azərbaycan icmasının istifadəsinə verilməsinə ehtiyac var.

Düzgün idarə olunarsa, belə bir mərkəz Azərbaycan təşkilatlarını milli maraqlarımız ətrafında bir araya gətirməkdə, mövcud pərakəndəliyə son qoymaqda çox böyük rol oynayacaq.

Ayrıca, belə bir mərkəzdə seminarlar, konfranslar və ya dil, tarix, rəqs, musiqi kursları təşkil etmək və övladlarımızın assimilyasiyasının qarşısını almaqla yanaşı, milli mədəniyyətimizi yerli xalq arasında yaymaq yönündə də ciddi işlər görmək olar.

Şimali Amerikada (ABŞ və Kanada) fəaliyyət göstərən dərnəkləri, cəmiyyətləri hansısa federasiya və ya konqresdə birləşdirməyə ehtiyac var.

Son olaraq, Türkiyə, Azərbaycan və başqa türk toplumları, o cümlədən türkmən, uyğur, özbək diaspor təşkilatlarının ortaq çalışması yönündə addımlar atılmasına ehtiyac var.

- Erməni diasporunun fəaliyyəti necədir?



- Erməni diasporunun buradakı fəaliyyəti, təəssüf ki, bizi dərindən rahatsız edəcək səviyyədədir. “Statistics Kanada”nın keçirdiyi rəsmi siyahıya almaya görə, erməni kökənli kanadalıların sayı 2006-cı ildə 50 min nəfər olub, ermənilərin özləri isə saylarının 100 mindən artıq olduğunu iddia edirlər.

Uzun illərdən bəri bu ölkədə kök salıblar. Hakim toplumla ortaq dini görüşləri paylaşdıqlarına və özlərindən güya “soyqırıma” məruz qalmış, əzab-əziyyət çəkmiş bir xalq obrazı yaratdıqlarına görə özəl müamilə görməkdədirlər.

Çoxsaylı dərnəkləri, cəmiyyətləri, lobbi qrupları, xeyriyyə cəmiyyətləri, kilsələri fəaliyyət göstərir.

Onlar QHT-ləri, xeyriyyə cəmiyyətləri və kilsələri vasitəsilə dövlət qurumlarından qrantlar və ianələr formasında maliyyələşirlər.

Parlamentdə maraqlarını qoruyan lobbistlər mövcuddur, hökumətin və parlamentarilərin xarici siyasətinə nisbi təsir imkanları var, amma buna baxmayaraq, bütövlükdə bütün istədiklərini də gerçəkləşdirmək gücünə malik deyillər.

Ermənilər ötən il Türkiyə Cümhuriyyətinin Toronto Baş Konsulluğunun bağlanması tələbi ilə etiraz aksiyaları, hətta aclıq aksiyaları keçirsələr də, istəklərinə nail ola bilmədilər (azərbaycanlılar və Türkiyə diasporu da qarşılıqlı aksiyalarla ermənilərə cəvab verdilər).

Amma Təhsil Nazirliyinə təsir edərək, tarix dərsliklərinə erməni “soyqırımı” ilə bağlı qısa təqdimat saldıra bildilər. Təəssüf ki, bizimkilərin etirazları müəyyən səbəblərə görə nəticə vermədi. Bir sözlə, erməni diasporası güclüdür, amma bacardığı və bacarmadığı işlər var.

- Ölkənin ictimai-siyasi və strateji mərkəzlərinin Dağlıq Qarabağ məsələsinə və Güney Azərbaycana baxışını qənaətbəxş hesab etmək olarmı?



- Qeyd etdiyim kimi, erməni yalanları əlbəttə ki, Kandanın ictimai- siyasi və strateji mərkəzlərindən də yan keçməyib. Təsəvvür edin ki, bunlar az qala bir əsrdir xarici ölkələrdə öz uydurmalarının təbliği ilə məşğuldurlar və həmin siyasi mərkəzlərdə də son onilliyə qədər fərqli mövqe, yəni bizim mövqeyimiz səslənməyib.

Bir neçə ay öncə Beynəlxalq Əlaqələr İnstitutu və Kanada Atlantika Şurasının birgə keçirdiyi və Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlunun məruzə etdiyi bir konfransda bir rəsmi ilə söhbətləşdiyimdə, həmin şəxsin özəlliklə Dağlıq Qarabağla ilgili erməni uydurmalarını təkrarlaması məni çox təəccübləndirdi.

Həmin rəsmi ilə söhbətimiz zamanı Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə parçalandığını, Güney Azərbaycanın farslar tərəfindən işğal edilməsini, ermənilərin Çar İmperiyası və daha sonra Sovetlər Birliyi tərəfindən işğal olunan Quzey Azərbaycan torpaqlarına köçürülməsi faktını, hətta İrəvanın vaxtilə Azərbaycan şəhəri olması və sonralar oradakı demoqrafik vəziyyətin mühacir ermənilərin hesabına dəyişdirilməsi kimi tarixi həqiqətləri bildirdiyimdə, həmin rəsmi bu məsələlərlə bağlı, sadəcə ermənilərin iddiaları ilə tanış olduğunu etiraf etdi.

Bununla demək istəyirəm ki, dünyanın siyasi mərkəzlərində bir sıra gerçəklərin bilinməməsi həm də bizim passivliyimizdən qaynaqlanır.

Dağlıq Qarabağ və Güney Azərbaycan məsələlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalı və strateji mərkəzləri müzakirə mövzusuna çevirmək üçün ciddi addımların atılmasına ehtiyac var.

Məncə, biz artıq bu işi başqa müstəvidə aparmalıyıq. Hansısa piketlə və ya sadəcə özümüzün deyib, özümüzün eşitdiyimiz hansısa tədbirlə çox uzağa gedə biıməyəcəyik. Geniş təbliğatla və nüfüzlu iştirakçıların qatıldığı uluslararası seminarların və konfransların keçirilməsi kimi fəaliyyətlərə əl atmaq lazımdır.

- Ölkə mediasında Azərbaycan haqda yazılara rast gəlinirmi?



- Açığı, Kanada mediasında Azərbaycanla bağlı yazılara rast gəlmək çox çətindir. Ümumiyyətlə, medianı ən çox olaylar və qeyri-adi hadisələr maraqlandırır.

Hər gün dünya mediasında Əfqanıstandakı partlayışlar, Suriyadakı qırğınlar haqda geniş yazılara və verilişlərə rast gəlinir, amma məsələn, İsveçrə haqda ildə bir dəfə də olsun hansısa bir xəbərə rast gəlinmir.

Yəni, mediada hansısa sakit və sabit ölkənin adının tez-tez hallanmaması qayət təbii haldır. Şükürlər olsun ki, Azərbaycanda medianı maraqlandıran və ya bəzi media maqnatlarının arzuladığı olaylar baş vermir.

Ayrıca, Kanada mediası həm də əsasən ölkənin aktiv xarici siyasət yeritdiyi ölkələr üzrə fəaldır. Kanadanın Azərbaycan üzrə fəal xarici siyasəti yoxdur. ABŞ-dan fərqli olaraq, Kanadanın, ümumiyyətlə, fəal xarici siyasəti məhduddur.

Düzdür, Kanada G8 ölkələrindən biridir, dünyada müəyyən iqtisadi çəkiyə malikdir və s. amma Əfqanıstanı istisna etsək, Kanada dünya siyasətində o qədər də fəal deyil.

Ona görə də mediada Azərbaycanla ilgili hansısa yazılara rast gəlmək olmur. Ona görə də ictimaiyyətdə Azərbaycan haqda məhdud bilgi var. Çünki Kanada ictimai rəyi mediadan tam asılıdır.

Ayrıca, mediada mən deyərdim ki, hardasa bir “Türkofobiya” hiss olunur. Misal üçün, hər il Torontoda etnik toplumların festivalları keçirilir.

Yerli qəzetlər və TV kanalları örnək üçün hər il yunanların keçirdikləri festivallardan az qala saatdan bir canlı reportajlar verirlər. Amma eyni bu şəhərin mərkəzində hər il 2-3 günlük türk festivalları da keçirilir, təşkilatçıları da yaxından tanıdığıma görə məlumatım var ki, bütün media orqanları türk tədbirlərinə xüsusi olaraq dəvət edilirlər.

Ancaq hər hansı qəzetdə, hətta bircə sətirlik xəbərə, yaxud da hansısa TV-də 1-2 saniyəlik xəbərə belə rast gəlinmir. Mən bunu biz türklərə qarşı açıq ayrı-seçkilik, hətta “Türkofobiya”nın nümunəsi kimi dəyərləndirirəm.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed