Şrift:
İranda prezident seçkilərinə iki ay qalır
23.04.2013 [13:25] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
İranda XI prezident seçkilərində namizədlərin rəsmi qeydiyyatı üçün bir aydan da az vaxt qalır. Ölkənin yeddinci prezidentinin seçiləcəyi seçkilərin iyunun 14-də keçirilməsi planlaşdırılır. Hazırkı prezident Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz. Hələlik 17 siyasi xadim qarşıdakı seçkilərdə iştirak etmək arzusunu bildirib. Bu 17 namizədin əksəriyyətinin bu və ya digər dərəcədə keçmiş (Məhəmməd Xatəmi, Əliəkbər Haşimi Rəfsəncani) və ya indiki prezidentlə (Mahmud Əhmədinejad) əlaqəsi var. Digər namizədlər isə deputatlar, İranın Məsləhət Şurasının üzvləri və keçmiş hərbi komandanlardır. Siyahıya iki koalisiyadan olan namizədlər daxildir. Bunlardan biri Qulaməli Həddad Adil, Məhəmmədbağır Qalibaf və Əli Əkbər Vilayətinin daxil olduğu «2+1″, digəri isə Mənuçöhr Möttəki, Mustafa Purməhəmmədi, Məhəmmədrza Bahünər, Yəhya əl-İshaq və Məhəmmədhəsən Əbuturabifərddən ibarət «Beşlik» seçki koalisiyalarıdır. Yerdə qalan digər 9 müstəqil namizədin isə xeyli ortaq cəhətləri var. Belə ki, onların əksəriyyəti 20 ilə yaxındır ölkənin siyasi və iqtisadi strukturlarında birgə çalışır, xüsusilə İranın cari problemlərilə bağlı ümumi baxışları üst-üstə düşür. Lakin hələlik İranın Konstitusiyaya Həzarət Şurası (Şuraye Hegahban) namizədləri rəsmi şəkildə təsdiqləməyib. Hazırda qarşıdakı prezident seçkilərində iştirak etmək istəyən namizədlər Qulaməli Həddad Adil (İran parlamentinin keçmiş spikeri), Əli Əkbər Vilayəti (İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri), Məhəmməd Bağır Qalibaf (İran Hüquq-Mühafizə Qüvvələrinin keçmiş komandanı və Tehranın hazırkı meri, Əlirza Zəkani (millət vəkili), Mənuçöhr Möttəki (keçmiş xarici işlər naziri (Əhmədinejad hökumətində)), Məhəmmədrza Bahünər (parlamentin vitse-spikeri), Yəhya əl-İshaq (İran Ticarət Palatasının rəhbəri), Möhsün Rzayi (SEPAH-ın keçmiş komandanı, İran Məsləhət Şurasının katibi), Əli Fəllahian («Ettelaat»ın sabiq rəhbəri (Rəfsəncani hökumətində)), Məhəmməd Səidikiya (Xatəmi, Rəfsəncani və Əhmədinejadın prezidentliyi dövründə Nazirlər Kabinetində təmsilçi), Həsən Ruhani (İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi), Mustafa Purməhəmmədi (Baş Müfəttişlik Təşkilatının rəisi, keçmiş daxili işlər naziri (Əhmədinejad hökumətində)), Məhəmmədrza Arif (Xatəminin birinci müavini olub), Məhəmməd Şəriətmədari (sabiq ticarət naziri (Məhəmməd Xatəminin dövründə)), Mustafa Kəvakibian (İran Demokratik Partiyasının baş katibi), Məhəmmədhəsən Əbuturabifərd (İran parlamentinin I vitse-spikeri) və Həsən Sübhanidir (keçmiş deputat). İran kütləvi informasiya vasitələri İsfəndiyar Rəhim Məşaiyə də ölkə prezidenti Mahmud Əhmədinejadın potensial varisi kimi baxır. Bundan başqa, Əhmədinejadın mümkün varisləri siyahısına xarici işlər naziri Əli Əkbər Salehi, Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili, sabiq energetika naziri Pərviz Fəttah, keçmiş səhiyyə naziri Kamran Bağıri Lənkərani və sabiq deputat Həsən Sübhani də daxildir. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi qarşıdakı seçkilərdə iştirak edəcəyini hələlik elan etməyib, lakin tərəfdarları onu seçkilərdə iştirak etməyə çağırırlar.

Rəfsancaninin övladları Həsən Ruhaniyə dəstək verib

İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edib. İranın bəzi kütləvi informasiya vasitələri bu islahatçı şəxsin namizədliyinin ölkənin iki tanınmış və nüfuzlu siyasi xadimi, eks-prezidentlər Əliəkbər Haşimi Rəfsancani və Məhəmməd Xatəmi tərəfindən dəstəkləndiyini yazıblar. Belə ki, Həsən Ruhaninin namizədliyini irəli sürməsini elan etdiyi tədbirdə sabiq dövlət başçısı Rəfsancaninin övladları Yasir və Fatimə Haşimilər iştirak ediblər. Bununla da onlar Həsən Ruhaniyə dəstək verdiklərini nümayiş etdiriblər.

İranda yeni seçki koalisiyası yaradılıb

İranda daha bir seçki koalisiyası yaradılıb. 5 mühafizəkar prezidentliyə namizədin yaratdığı koalisiya «Beşlik» adlanır. Koalisiyaya İran prezidentliyinə namizədlər — hazırkı vitse-spikerlər Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, həmçinin İran Ticarət Palatasının sədri Yəhya əl-İshaq, keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki və sabiq daxili işlər naziri Mustafa Purməhəmmədi daxildir. Koalisiya bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində ya bir neçə namizədlə iştirak edəcək, ya da marafona vahid namizədlə qatılacaq.
Qeyd edək ki, dörd ay əvvəl İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, ayətullah Xamneyinin qudası, parlamentin sabiq spikeri Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf «2+1″ seçki koalisiyasını yaradıblar.

«»Yolunu azanların» namizədliyi qeydə alınmayacaq»

İranın Konstitusiyaya Nəzarət Şurasının («Şuraye Nagahban») üzvü Məhəmməd Mömin bu il iyunun 14-də ölkədə keçiriləcək növbəti prezident seçkilərindən danışıb. O bildirib ki, seçki marafonuna qatılmaq istəyənlərin arasında hansısa «yolunu azmış» şəxs olsa, Konstitusiyaya Nəzarət Şurası həmin adamın namizədliyini qeydə almayacaq və həmin prezidentliyə namizəd diskvalifikasiya olunacaq.
Qeyd edək ki, İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə yaxın saytlar və rəsmilər prezident Mahmud Əhmədinejadı qudası İsfəndiyar Rəhim Məşayini özündən sonra prezident vəzifəsinə gətirməyə cəhddə günahlandırırlar.

Rəfsəncani və Xatəmi qorxusu

«Əgər İranın keçmiş prezidentləri Əliəkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi bu il iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə qatılsalar, digər qruplar da seçki marafonuna qoşulmaq üçün məsələyə yenidən baxacaqlar». Bunu İran parlamentinin vitse-spikeri, prezidentliyə namizəd Məhəmmədrza Bahünər bildirib. Onun sözlərinə görə, Rəfsəncani seçki prosesinə daxil olarsa, onlar da seçkilərə qatılmaq üçün məsələyə yenidən baxaraq qərar verəcəklər: «Ancaq bu da imam və onun ardıcılları kimi tanınan qrupların Rəfsəncaninin xeyrinə namizədliyini geri götürəcəyi mənasına gəlməməlidir. Sadəcə, biz hansı formada namizədimizi irəli sürəcəyimiz məsələsinə yenidən baxacağıq». Məhəmmədrza Bahünər deyib ki, Rəfsəncaninin seçki marafonuna qoşulması onların seçkilərlə bağlı apardığı işlərə yenidən baxmasına və şəraitə uyğun qərar verməsinə səbəb olacaq: «Bu isə o deməkdir ki, biz ya bir neçə namizəd irəli sürəcəyik, ya da seçkiyə vahid namizədlə qatılacağıq». Vitse-spiker vurğulayıb ki, bəzi islahatçılar Xatəminin seçki marafonuna qoşulmasını istəyir: «Ancaq onların arasında başqa bir islahatçı simanın da seçkilərə qatılmasını istəyən qüvvələr var. İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyi bütün siyasi qrupların seçkilərə qatılmasının tərəfdarı olsa da, bəziləri dağıdıcı tendensiya kimi islahatçıların bu marafona qoşulmasını istəmirlər. Ancaq mən hesab edirəm ki, islahatçıların əksəriyyəti seçkilərə qatılmaq istəyirlər».
İran prezidentliyinə potensial üç mühafizəkar namizəd bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində Əliəkbər Haşimi Rəfsəncaninin iştirak etmək ehtimalını qiymətləndiriblər. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudası, parlamentin keçmiş spikeri, «2+1″ seçki koalisiyasının üzvü Qulaməli Həddad Adil bildirib ki, Rəfsəncaninin yaşında olsaydı, prezident seçkilərinə qatılmazdı.
İran parlamentinin sədr müavini, «Beşlik» seçki koalisiyasının üzvü Məhəmmədrza Bahünər deyib ki, Rəfsəncaninin prezident seçkilərində iştirak etməsi «ən böyük siyasi səhv» olardı». Onun sözlərinə görə, Rəfsəncaninin İran prezidentliyinə namizəd olması məsləhət deyil.
İranın keçmiş daxili işlər naziri, «Beşlik» seçki koalisiyasının üzvü Mustafa Purməhəmmədi vurğulayıb ki, Rəfsəncani prezidentliyə namizədliyini irəli sürsə də, öz namizədliyini geri götürməyəcək: «Seçkilər azaddır və hər kəs bu marafonda iştirak edə bilər. Rəfsəncani dəfələrlə prezident seçkilərinə qatılmayacağını söyləyib».
Qeyd edək ki, İranın tanınmış konservativ siyasətçilərindən biri olan Haşimi Rəfsəncani parlamentin spikeri, ölkə prezidenti, Üləmalar Məclisinin (Ekspertlər Şurası) sədri vəzifələrində çalışıb, hazırda İran Məsləhət Şurasının rəhbəridir. Son günlər kuluarlarda onun İran prezidentliyinə namizədliyini irəli sürəcəyilə bağlı fikirlər səsləndirilməkdədir. Ancaq Rəfsəncaninin özü bununla bağlı hələlik heç bir açıqlama verməyib.

Məhəmmədrza Xatəmi: «Xatəmi ən yaxşı seçimdir»

İranın keçmiş prezidenti (1997-2005) Məhəmməd Xatəminin qardaşı, islahatçı Müşarikət Cəbhəsi Partiyasının üzvü Məhəmmədrza Xatəmi qarşıdan gələn prezident seçkisindən danışıb. O deyib ki, ölkənin yeganə nicat yolu Məhəmməd Xatəminin iştirakıyla prezident seçkisini azad şəkildə keçirməkdən ibarətdir: «Məhəmməd Xatəminin səlahiyyətinin rədd edilməsi asan iş deyil. Bu hadisə baş versə, hakimiyyət xalqın etimadını itirəcək. Biz riskə getməli və ölkə süqut ərəfəsində olan bir vaxtda bu sərmayəmizdən (Xatəmi) istifadə etməliyik. Əgər bu sərmayədən istifadə etməsək və onu gələcək üçün qoruyub saxlasaq, ola bilər sabah heç ölkədən əsər-əlamət qalmayacaq və mövcud faciələr elə bir yerə gətirib çıxaracaq ki, bəlkə ölkəni yenidən qurmağa da ümid qalmayacaq. Belə olan halda isə bu sərmayəmizdən istifadə edə bilməyəcəyik. Hesab edirəm ki, Məhəmməd Xatəmi ən yaxşı seçimdir. O, seçkiyə qatılsa, şübhəsiz rəqib namizədi yüksək səs çoxluğuyla məğlub edəcək. 2009-cu ilin prezident seçkisindəki saxtakarlıqlardan sonra ölkəyə hakim kəsilən dəhşət və repressiya şəraiti islahatçıların hər hansı konstruktiv fəaliyyətini məhdudlaşdırıb. Güman edirəm ki, islahatçılar öz gücünü nümayiş etdirməyincə Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi də azadlığa buraxılmayacaq. Seçkiyə qatılmağın müsbət nəticələrindən biri ölkənin indiki siyasi atmosferinin dəyişməsinə nail olmaqdan keçir. Əgər bu seçkidə islahatçılar ictimai bazaya malik olduqlarını nümayiş etdirə bilsələr, ölkədə bu dəyişiklik özü-özünə baş verəcək. Təsəvvür edirəm ki, cənablar ya islahatçıların tələblərinə müsbət cavab verməli, ya da hakimiyyətlərinin istibdad və diktatorluğa söykəndiyini etiraf etməli olacaqlar».

Turqut
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed