Şrift:
“Bakı-Tiflis-Qars dəmiryolu xətti 2013-cü ildə hazır olacaq”
10.11.2011 [16:31] - Xəbərlər
Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu Azərbaycan və Gürcüstan üçün vacib və böyük əhəmiyyətə malikdir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili bildirib.

Onun sözlərinə görə, hazırda tikinti işləri dəmiryol xəttinin Marabda-Kartsaxi sahəsində aparılır: “Bu böyük layihə Asiyanı Gürcüstandan və Türkiyədən keçməklə Avropa ilə birləşdirəcək. Bu dəmiryolu Azərbaycan və Gürcüstan üçün çox böyük strateji əhəmiyyətli yoldur”.

Nazir tikinti işlərinin daha 2 il davam edəcəyini söyləyib: “İndi havaların əlverişsiz keçməsinə baxmayaraq, işlər 24 saat - gecə və gündüz davam edir. Azərbaycan şirkətləri tikintidə keyfiyyətlə çalışırlar. Böyük kommunikasiya işləri həyata keçirilir. Türkiyə ilə sərhəddə yeni dəmiryol xətti tikilir. İşin böyük həcmi görülüb. Fikirləşirəm ki, ən böyük sahələrin tikintisini gələn il uğurla başa çatdıracaq, BTQ dəmiryol xəttini isə 2013-cü ildə təhvil verəcəyik”.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed