Şrift:
“EL”, yoxsa “Yel” hərəkatı?
24.04.2013 [14:02] - Gündəm, Özəl xəbər, DAVAMın yazıları
Partiya funksionerlərinin fikrincə, bu qurum hərəkat deyil

Müsavat Partiyasının funksioneri, İctimai Palatanın (İP) üzvü Hikmət Hacızadə bu günlərdə mətbuata verdiyi açıqlamasında Eldar Namazovun təsis etdiyi “EL” Hərəkatını aşağılayaraq, bu cür qurumları, həmçinin əksər müxalifət təşkilatlarını siyasətdən kənar qüvvə kimi qələmə verib. O, belə birlik və təşkilatların arxasında xalqın dayanmadığını xüsusi qeyd edib.

Bu fikirdə olan təkcə o, deyil.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycanda gedən istənilən təmərküzləşmə prosesinə dəstək verdiyini bildirsə də, həmin təmərküzləşmənin sonunda yaranan hər hansı qurumun ölkəmizin milli maraqlarına, problemlərinə adekvat olmayan davranış nümayiş etdirəcəyi təqdirdə, ona qarşı mübarizə aparacağını vurğulayıb: “Ziyalılar Forumunda, “EL” Hərəkatında və sair təşkilatlarda təmsil olunanlar Qarabağla bağlı ikibaşlı çıxışlar edirlərsə, Söyün Sadıqov kimi insanlar Gürcüstandakı azərbaycanlılarla bağlı sərsəm açıqlamalar verirsə, Ramazan Abdulatifov Dağıstan Respublikasının prezidenti ola-ola Azərbaycanın daxili işlərinə qarışırsa, “Talışın səsi” radiosu ilə bağlı separatçı layihələrin iştirakçıları olurlarsa, bunu milli mənafeyimizə uyğun iş saymaq olmaz. Bu kimi məsələlər irəli sürən adamlar “EL” Hərəkatında və ya başqa qurumlarda olacaqlarsa, bunun adını hərəkat qoymaq mümkün deyil. Azərbaycanın maraqlarından çıxış etmədiyindən belə təşkilatların heç bir uğuru ola bilməz. Üstəlik, belə qurumlar yalnız seçki zamanı, mövsümü olaraq yaranırlarsa və hakimiyyət istəklərini gerçəkləşdirməyə çalışırlarsa, Azərbaycan cəmiyyəti belə davranışları qəbul etməyəcək. Seçkiyə bu prosesin baş verəcəyi andan çox-çox əvvəl hazırlaşarlar və mütəmadi Azərbaycanın siyasi həyatına bağlı olaraq da çıxış edərlər. Bu mövsümü qurumlar özlərini hərəkatı adlandırmalarına baxmayaraq, məncə, onların həmin ada uyğun format alacağı tam şübhə altındadır. Belə birliklərin hər hansı uğur qazanacağına inanmıram”.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, istənilən təşkilat Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərmirsə, ölkənin dövlət sisteminə qarşı təhlükə yaratmırsa, fəaliyyətini qura bilər: “Qanunla qadağan olmayan fəaliyyət istisna olmaqla, hər hansı təşkilat istənilən ictimai-siyasi proseslərdə iştirak edə bilər. Belə qurumların fəaliyyətinin hansı səviyyədə olmasına qiyməti isə seçkilər zamanı xalq verir. İstənilən siyasi təşkilat üçün müxtəlif texnologiyadan istifadə edərək, hansısa bir reklam kampaniyası qurmaq olar. Ancaq, real mənzərə həmin təşkilatın xalq üçün hansı dərəcədə cazibə yaratmasıdır. Bu təşkilatın ictimai-siyasi fəaliyyəti, uğurları xalqı cəzb edə biləcəksə, bunu hər kəs görəcək. Belə bir şey olmasa, bu növbəti fiasko, yalan olacaq, verilən vədlər sabun köpüyü kimi partlayıb yoxa çıxacaq. “EL” Hərəkatı ilə bağlı da qısaca onu demək olar ki, əgər bu birlik hərəkata çevrilsəydi biz bunu həm görər, həm də hiss edərdik”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, “EL” sözün əsl mənasında hərəkat olsa idi, bütün siyasi təşkilatlar kimi onun rəhbərlik etdiyi qurum da bunun səs-küyünü eşidər, “toz-tozanağ”ını uzaqdan da olsa görüb, nəsə fikirləşərdi. O, hazırkı məqamda siyasi səhnədə hər hansı hərəkatın olmadığını söyləyib: “Görmüşük ki, hərəkat meydanlarda, ölkə boyu formalaşan bir hadisə olsun. Bu hadisənin yüz minlərlə iştirakçısı olur, xalqın dəstəyini qazanır. Amma hazırkı məqamda hansısa hərəkatdan danışmaq yersizdir. Çünki, siyasi səhnədə mən belə bir təşkilatlanma, hərəkat görmürəm. Bir neçə ziyalı bir araya gəlib siyasi proseslərdən kənar, sadəcə ziyalılıq missiyasını yerinə yetirəcəklərini bildirdilər. Onlar hakimiyyətə qarşı müxalifətdə durmayacaqları, hamıya eyni gözlə baxacaqları, hətta müxalifət qüvvələrinin koordinasiyasını da həyata keçirəcəkləri barədə bəyanatlar da verdilər. Lakin vaxt keçdikcə, deyilən sözlərlə əməllərin üst-üstə düşmədiyi sezilməyə başladı. Əvvəl “EL” Hərəkatı təsis olundu, ardınca da Milli Şura yaratmağa cəhd edirlər. Bu Milli Şura tarixdə 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı vaxtda formalaşıb. İndiki vaxtda Konstitusion quruluşdan kənar, qeyri-hüquqi müstəvidə baş verən prosesləri dəstəkləmirəm. Təəssüf edirəm ki, bəziləri Azərbaycanın hansısa superdövlətlə olan konfliktindən öz şəxsi mənafeyi naminə istifadə etməyə çalışır”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də “EL”i həqiqi el hərəkatından kənar, siyasi məqsədlər uğrunda mübarizə aparan bir təşkilat kimi qələmə verib. Qeyd edib ki, Eldar Namazovun təsis etdiyi bu qurum həm qanunvericilik, həm də ictimai-siyasi baxımdan öz adını doğrulda bilmir: “Həmin hərəkat yaranan zaman belə bir məlumat yayıldı ki, bu qurumun adı Eldar Namazovun ad-familiyasının baş hərflərindən ibarətdir. Lakin onlar bəyanat yaydılar ki, bu, belə deyil və hərəkat bütün cəmiyyəti, xalqı əhatə etdiyinə görə adını “EL” qoyublar. Qarşılarına məqsəd qoymuşdular ki, gələcək siyasi proseslərdə iştirak etməyəcək, cəmiyyətin bütün qüvvələrinin maraqlarına cavab verəcəklər. Amma son aldığımız məlumat ondan ibarətdir ki, bunlar hər yerdə digər partiyalarda aktiv olan şəxsləri öz hərəkatlarına cəlb etmək niyyətindədirlər. Bütün bunlara baxmayaraq, heç bir halda, heç bir yerdə, xüsusən də Bakıda və regionlarda kütləvi şəkildə “EL” Hərəkatına axın müşahidə edilmir. Yəni, “EL” kütləvi el hərəkatına çevrilmir. Adi bir qrupdur. Hansısa təşkilatı kütləvi hərəkat elan etməklə məsələ bitmir axı. Gərək həmin təşkilatın əhatəsi, sosial bazası ola. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində müəyyən narazılıq olsa da, əhali köməyi daha çox ölkə başçısından, iqtidardan umur, nəinki müxalifətdən və ya hansısa hərəkatdan. Məhz buna görə də “EL” kimi təşkilatlara da meyl eləmirlər. Məsələnin başqa bir tərəfi də var. Azərbaycanda siyasi partiyalar və ictimai birliklər haqqında qanunlar var. “EL” Hərəkatı ictimai birlik kimi fəaliyyət göstərməsinə rəğmən, siyasi partiyalar kimi siyasi bəyanatlar verir. Bu da qanunlara ziddir. Beləliklə, həm qanunvericilik, həm də ictimai-siyasi baxımdan “EL” hərəkatının öz adını doğrultmadığı göz qabağındadır. Eldar Namazov vaxtıilə “YES” Hərəkatı da yaratmışdı. O hərəkatın da kütləviliyi təmin olunmadı. Cəmisi bir-iki nəfər bu hərəkat üzvü parlamentdə mandat əldə edə bildi. Ona görə də güman edirəm ki, “EL” Hərəkatını da “YES”in aqibəti gözləyir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli də Azərbaycanda siyasi partiyalar haqqında qanunu xatırladaraq, hərəkatların siyasi proseslərdə iştirak etməsini qanunsuz sayıb. Onun sözlərinə görə, “EL” Hərəkatı da siyasi fəaliyyətlə məşğul olmaq üçün uğurlu format deyil: “Eldar Namazov həmişə yaratdığı təşkilatların adını hərəkat qoyur. Anlayır ki, bir siyasi partiyanın qeydiyyatdan keçməsi, rəsmi fəaliyyəti üçün mindən artıq imzanın toplanması lazımdır. Onun isə belə bir imkanı yoxdur. Bu cür imkanı olmadığına görə də hər zaman yaratdığı strukturların adını hərəkat qoyur. Həmin hərəkatın qeydiyyatdan keçə bilməyəcəyi və siyasi fəaliyyət göstərə bilməyəcəyi də bəllidir. Bu baxımdan, mənim qənaətimə görə, Eldar Namazovun son təşkilatı da “EL” yox, “Yel” hərəkatı kimi yadda qaldı. Perspektiv bir fəaliyyəti ortalıqda olmadı, ətrafına bir neçə yüz nəfər də olsa toplaya bilmədi. Orada cəmi 2-3 nəfərdən ibarət insan var ki, onlar da ayrı-ayrı strukturlarda fəaliyyət göstərirlər. Yəni “EL” bir neçə insanın toplaşdığı bir strukturdur. Ona görə də hərəkat sözü əslinə qalsa düşüncədə, insanın təsəvvüründə daha ciddi, partiyadan daha geniş bir anlayışdır. Adətən bir neçə siyasi partiyanın, geniş xalq kütlələrinin qoşulduğu strukturlar hərəkata çevrilə bilirlər. İndiki şəraitdə isə “EL” bir neçə adamın fəaliyyət göstərdiyi, siyasi fəaliyyətlə məşğul olan qeyri hökumət təşkilatıdır”.

Rufik İSMAYILOV "Kaspi" qəzeti
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed