Şrift:
Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi illik hesabatını açıqlayıb
10.11.2011 [16:39] - Gündəm
Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin (İşgəncələrə Qarşı Komitə) 2011-ci il üçün illik hesabatı açıqlanıb.

APA-nın Avropa bürosunun məlumatına görə, komitə hesabatında üzv dövlətlərdən saxlanılan şəxslərin cəmiyyətdən təcrid edilməsini minimum səviyyəyə endirməyə çağırıb. Hesabatda bu kimi tədbirlərin müstəsna hallarda tətbiq edilməsi və mümkün qədər qısa zaman üçün istifadə olunmasının vacibliyi qeyd olunur.

Bir çox ölkələrdə istintaq sirrinin yayılmaması üçün məhkəmələr müvəqqəti həbs edilmiş şəxsin bir müddət təcridolunma kamerasında saxlanılmasına qərar verə bilərlər. Lakin komitə hesab edir ki, məhkəmələrin çıxardığı bu tip qərarlarda təcridolunma müddəti cəza elementi kimi göstərilməməlidir. Eyni zamanda, təqsirləndirilən şəxslərin kamera tipli otaqda tək saxlanılması intizam qaydası kimi də istifadə edilə bilər. Avropada tendensiya bu müddətin mümkün qədər azaldılmasına doğru getməkdədir və komitə hesab edir ki, təcridolunma yalnız intizam qaydası məqsədi daşımalı və bu cəzanın mümkün maksimal müddəti 14 gündən çox olmamalıdır.

Bundan başqa, komitə hesabatında üzv dövlətləri törətdikləri cinayətlərin növündən və dərəcəsindən asılı olmayaraq hər bir şəxsin azadlıqdan məhrum edildiyi andan vəkilə müraciət etmək hüququnu təmin etməyə çağırır. Komitə saxlanılan şəxsin özünün seçdiyi vəkillə təmin olunmasında istisna hal kimi bir müddət ləngimənin vacibliyini qəbul etsə də, ümumiyyətlə, vəkillə təmin olunmanın rədd edilməsinin qəbul edilməzliyini vurğulayır.

Qeyd edək ki, komitənin sayca 21-ci hesabatı 2010-cu ilin avqust ayından 2011-ci ilin iyul ayına kimi olan dövrü əhatə edir. Komitənin nümayəndələri Azərbaycana indiyədək 5 dəfə səfər ediblər və 5 hesabat hazırlayıblar. Bu hesabatlardan yalnız 2002-ci və 2008-ci illərdə edilən səfərlər əsasında hazırlanmış hesabatlar ictimaiyyətə açıqlanıb.

Xatırladaq ki, hazırda komitəyə Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov sədrlik edir.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed