Şrift:
Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin nümayəndələri Azərbaycana səfər edəcək
10.11.2011 [16:44] - Gündəm
Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin (İşgəncələrə Qarşı Komitəsi) nümayəndələrinin bu ilin sonuna kimi Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu haqda komitənin sədri Lətif Hüseynov məlumat verib.

Komitənin hesabatı barədə danışan L. Hüseynov bildirib ki, sənəddə komitənin bir illik fəaliyyəti dövründə edilən səfərlər və bu səfərlər zamanı daha çox hansı məsələlərə diqqət yetirildiyi əks olunub: “Biz öz hesabatımızda bir il ərzində səfər etdiyimiz ölkələrin siyahısını və bu səfərlər haqda qısa məlumatlar vermişik. Qeyd etməliyəm ki, hesabat dövründə komitə nümayəndələri Azərbaycana səfər etməyib və buna görə də hazırkı hesabatda Azərbaycanla bağlı bir şey yoxdur. Lakin məlum olduğu kimi, komitə 2011-ci il üçün səfərlərin siyahısını hazırlayanda Azərbaycanı da səfər ediləcək ölkələr sırasına daxil etmişdi. İndiyə qədər səfər olmayıb, lakin ilin sonuna qədər komitə təmsilçilərinin Azərbaycana səfəri gözlənilir”.

L. Hüseynov deyib ki, prosedura əsasən səfərdən sonra 6 ay ərzində ölkə üzrə hesabat qəbul olunacaq: “Çox müsbət haldır ki, Azərbaycan tərəfi bu hesabatların dərc edilib ictimaiyyətə açıqlanmasına artıq razılıq verir. Məsələn, 2008-ci ildə Azərbaycan üzrə hazırlanan son hesabat dərc olunmuşdu. Son hesabatdakı tövsiyələrin yerinə yetirilməsi məsələsinə gəldikdə, komitə bu məsələyə yalnız növbəti hesabatında qayıda bilər. Hər səfər həyata keçirilərkən komitə özünün əvvəlki səfəri zamanı verdiyi tövsiyələrin dövlət tərəfindən necə yerinə yetirilməsini yoxlayır, qiymətləndirmə aparır və daha sonra əgər lazımdırsa bu tövsiyələri növbəti hesabatında təkrar edir, yaxud yeni tövsiyələrini verir. Yəni növbəti səfər zamanı komitə tərəfindən Azərbaycan hökumətinə verilmiş tövsiyələrin yerinə yetirilməsi vəziyyəti yoxlanılacaq və komitənin bu səfərlə bağlı məruzəsində həmin o qiymətləndirmə öz əksini tapacaq”.

Qeyd edək ki, L. Hüseynov Strasburqda jurnalistlər üçün brifinq keçirərək qurumun illik hesabatını açıqlayıb.

Xatırladaq ki, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov 2011-ci ilin mart ayında komitənin prezidenti vəzifəsinə seçilib.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed