Şrift:
Təhsil naziri Türkiyə Universitetinin nümayəndə heyəti ilə görüşüb
27.04.2013 [14:19] - Xəbərlər
Qazi Universitetinin rektoru Mikayıl Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib

Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər ilk öncə Mikayıl Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, yeni işində uğurlar arzulayıb.

Hazırda 80 min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov ətraflı məlumata və Azərbaycanla əlaqələrin inkişafına verdiyi dəyərə görə S.Böyükbərbərə minnətdarlığını bildirib. Qazi Universitetində idarəçilik, maliyyələşmə və digər məsələlərin tənzimlənməsi qaydalarının maraq doğurduğunu vurğulayan nazir Azərbaycan ali məktəblərinin belə bir nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlığının səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu söyləyib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrinin inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed