Şrift:
Türklüyün yaşanması – İnsanlığın xilasıdır
02.05.2013 [11:26] - Gündəm, Türk dünyası-Turan
Hər il mayın 3-ü Türklük Günü kimi qeyd edilsə də, hələ türkün özünəməxsus özəllikləri ömürləşməyib. Dünyanın indiki ruhsuz halı türklərin də yaşamına öz dərin təsirini göstərməkdədir. Dünya dəhşətli dərəcədə eyniləşir. Bu ilk olaraq türklüyümüzə zərbə vurur. Sayını unutduğumuz tədbirlərdə türklüklə bağlı danışılanlar sözdən işə çevrilmir.
***
Türklüyümüz – mahiyyətimiz, bənzərsizliyimizdir. Bu gün dünyada Türk Ruhunun var olmasına böyük gərək duyulur. İndi dünya mahiyyətindən ayrıldığı üçün türk də özünə yadlaşır. Türksüz dünyanı mahiyyətcə yox saymaq olar. Bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin yaradıcısı Türk ona olan bütün qeyri-müəyyən yanaşmalara baxmayaraq, halını, özümlüyünü qorumalıdır. Hər il Azərbaycanda, eləcə də Türk Dünyasında keçirilən müxtəlif tədbirlərdə türklə, türkçülüyün sorunları ilə bağlı müəyyən işlər təhlil və müzakirə obyektinə çevrilsə də, bunların kökündə duran nədənlər diqqətlə araşdırılmır.
***
Türk xalqı niyə istədiyi kimi var ola, mahiyyətini təsdiq edə bilmir? İnam Ata (Asif Ata) bunun nədənlərini aydınca göstərir: “Türk öz Peyğəmbərini vermədi, verəndə də onun arxasınca getmədi. Türkün ikinci xətası onda oldu ki, Türk Türkü sevmədi. Türkün üçüncü xətası idrakının gücündən çox qılıncının gücünə güvənməsi oldu”.
Türk xaraktercə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, öldürməyi sevməməyi, anadangəlmə döyüşkənliyi, inancıllığı, yurdsevərliyi ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, bu cəhətlər başqa millətdə də var. Ancaq Türkün başlıca xarakterik cəhətləri yalnız ona məxsusdur və sözün gerçək anlamında bir qurtarıcı kimi dünyaya təqdim olunmalıdır.
Bu, ayrıca bir söhbətin mövzusudur ki, möhtəşəm fikir, ruh quruculuğuna, ideyaçılığa, idraki və bədii gücə qadir olan Türk habelə böyük dövlətçilik gələnəyi yaratdı. Təbii ki, dövlətçiliyimiz yaranmasaydı, başqa özəlliklərimizi qorumaq da mümkün olmayacaqdı. Türk dövlətçilik gələnəyini minillər boyunca qorudu, bu gün də yaşatmaqdadır. De gəl, tarixin çeşidli çağlarında Türk özündən ayrıldı, zaman-zaman başqalarına yaradı. Türklük mahiyyəti onu özündən ayrılan məqamlarda daxilinə üz tutmağa, özündən güc almağa çağırdı.
İnam Ata Türk Birliyini belə görür: “Türkün mənəvi-ruhani birliyi: İnamçılıq – Mütləqə İnam əsasında birlik. Ədəbiyyat, sənət, elm, musiqi birliyi: mənəvi-idraki-ümumi türk mahiyyəti;
Hərbi ittifaq: Ayrı-ayrı müstəqil dövlətlərin hərbi ittifaqı;
Qərbçiliyə qarşı birgə döyüş. Qərbçiliyin aradan qalxması”.
***
Türk həyata yaradıcı baxır, insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Onu qoruyur, yaşadır və sabaha çatdırır. Bu gün Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi hal onun içində bir güc kimi yaşamaqdadır. Türkün təbiətə yanaşması onun dağı, daşı, göyü, çayı, meşəni, təbiətdəki varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində ilahi özəlliklərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi son dərəcə insana doğma təsir bağışlayır. Türk təbiətdə, onun yaratdıqlarında özünü görüb, gördüyünü öyüb. Bütün bunlar əski Türklərin inanc dünyasında Tanrıya tapınma kultunu yaradıb.
***
Türk Tanrısına olduqca doğma idi. Bu doğmalıq onun canına, qanına hopmuşdu. Türkün "köçəriliyi" ideyası zaman-zaman onu sevməyənlərin uydurduğu həqarətli yanaşmadır. Böyük yaşam sistemi, dünyabaxış yaradan bir millət bizi sevməyənlərin dediyi anlamda necə köçəri ola bilərdi? Türk yalnız öz elində köç edib. Çoxlu zəfər yürüşləri Türkü dünyanın müxtəlif bölgələrində böyük ruhunu ifadə etməyə imkan verib.
***
Türk getdiyi yerlərdə zorçu yox, ruhçu (insançı) olub. Əski və orta yüzillərdə bənzərsiz idraki imkanını üzə çıxarmaqdan daha çox qılınca üz tutan, özünəməxsus dövlətçilik ənənəsi yaradan Türkləri anlamaq olur. Ancaq hər halda Türkün böyük potensiyasını zaman-zaman qılınca sərf etməsilə də razılaşmaq olmaz. Əgər qılıncdan yapışmaq, sonucda Türklərin Birliyinə, Türk Ruhunun dünyanı xilas kimi saracağına gətirib çıxarsaydı, yenə dərd yarı idi. De gəl ki, Türklər böyük dövlətçilik gələnəyi yaratdığı dərəcədə bir-birini sevmədilər.
Sözün əsl mənasında Türk öz böyüklüyünü dəyərləndirə bilmədi. Türkü sevməyənlər onun içindəki didişmələrdən bacarıqla yararlandılar. İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətayi ilə Sultan Səlim arasındakı döyüş mahiyyətcə Türklərin tarixdə buraxdığı ən böyük yanlışlardan idi. Türklər bir ola bilsəydilər, onda dünyanın indiki durumu başqalaşardı. Türk özünün dünyabaxışını, ilahi inanclar sistemini qoruya, artıra, bunların özülündə yenisini yarada bilmədi. Bu, dünyaya daha çox Türkü öyrənib ona zərbə vurmaq üçün tutalğa verdi.
***
Bir millət olaraq dərdlərimiz çoxdur. Amma hər halda dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra çaşmaq, sarsılmaq olmaz. Gerçək durumumuz bizə onu deyir ki, zəngin dövlətçilik gələnəyimizi dəyərləndirməli, keçmişimizlə, olmuşlarla yanaşı, həm də ömrümüzdə yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.
Bu gün Türklərin qarşısında duran ən qaçılmaz iş onların bir-birini anlamamasıdır. Türk Türkün dərdinə yanmalıdır. Özgəçiliyə yarayan Türkün sabahı yoxdur. Görəsən, haçanacan Türk dünyası Qarabağ məsələsinə saymaz yanaşacaq? Azərbaycanın Qarabağ, Güney dərdi mahiyyətcə Türk dünyasının köklü problemidir.
Türkün ruhunda ideologiya yaratmaq gələnəyi ayrıca yer tutur. Bu anlamda 20-ci yüzilin başlanğıcında Azərbaycanda Əlibəy Hüseynzadənin, habelə Türkiyədə Ziya Göyalpın ideya yaratmaq yönündə işləri ayrıca diqqət çəkir. Bu, həmin dönəm idi ki, dünya Türkün hər mənada ölümünə çalışırdı. Belə bir çağda Türkçülük ideologiyasının ortaya çıxması mahiyyətcə türklüyün yeni bir səviyyədə təqdimi demək oldu. Bu insanlar gördülər ki, əgər türkçülük ayrıca bir ideologiyaya çevrilməsə, onda türkün sabahı üçün böyük əngəl yaranacaq. Bu anlamda türkçülüyün yaşarı bir ideya səviyyəsində meydana çıxması gündən-günə gərginləşən dünyada ideoloji mübarizənin yaranmasında önəmli rol oynadı.
Az sonra uzun illərdən bəri ideoloji yöndə vuruşunu dövlət qurmaqla gerçəkləşdirən Məhəmməd Əmin Rəsulzadə və yörəsindəki ləyaqətli aydınlar dövlətçilik tariximizdə hünərli bir səhifə yazdılar. Bu dövrdə Türkiyə başına gələn çoxlu fəlakətlərdən qurtuldu, hünərlər göstərdi. Özəlliklə 1930-cu illərdə Azərbaycanda türkçülüyə qarşı amansız basqılar oldu. Azərbaycanın say-seçmə aydınları repressiyalara uğradılar.
***
Bu gün bütün umacaqlarımıza baxmayaraq, hər halda türk xalqları arasında müəyyən münasibətlər yaranıb. Çağdaş dönəmdə mənəvi sahədə türk xalqları arasında birliyin yaradılmasına daha çox gərək var. Elmi-mədəni iş birliyi bu mənəvi bağlılığın gündən-günə bərkiməsinə çalışmalıdır. Hər halda ümumtürk əlifbası, ümumtürk ədəbi dili yönündə daha ciddi düşünməyin vaxtıdır.
Türk xalqlarının adət-ənənələrinin öyrənilməsi, yaşadılması gərəkdir. Əgər bu yöndə cəhdlərimizi davam etdirməsək, indi tez-tez işlədilən "Türk Dünyası" anlayışı konkretlikdən daha çox ümumi, anlaşılmaz bir hala düşər. Ötən yüzilin 90-cı illərindən "21-ci yüzil Türk yüzilidir"-deyə danışılır. Ancaq görəsən, dünyada, eləcə də öz aramızda, içimizdə Türk insançılığının, xilasçılığının var olması üçün nə edirik?
Bu gün coğrafi Turançılıqdan daha çox Mənəvi Turançılıq ideyasının özül prinsip kimi yaşadılmasına gərək var. İndi türklərin bir-birinə özgələşməsi onların yeni fəlakətlərini yaradır. Milli ruha yiyə durmaq, xalqların yaratdıqlarına sayğı ilə yanaşmaq dünyaya, həyata, insana, təbiətə daim uca Türk Ruhu ilə baxmaq hər gün Türklük Gününün yaşanması deməkdir.
Türk xalqı tarixən olduğu kimi indi də başqa xalqlara qarşı insansevərlik göstərir. Əslində türkün insansevərliyi dünyanın milli tolerantlıq qəlibindən ötə, bənzərsiz bir olaydır, bəşəriliyi tam mənasıyla təsdiq edir. Ancaq dünyada "Türkdən qorxmaq” ideyasının olduğu kimsəyə gizli deyil.
Bizi gözləyən fəlakətlərdən üstün olmalıyıq.
***
Bu gün Türk özünə və dünyaya İnam Atanın Mütləqə İnam Dünyabaxışını təqdim edir. Türkün və dünyanın xilası bundadır!
Atamız var olsun!
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed