Şrift:
3 may - TÜRKÇÜLÜK GÜNÜ
03.05.2013 [13:26] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan türk milliyətçiliyi millətimizin özünü müdafiə instinkti, milli birliyimizin və ədalətin simvolu və əmin-amanlıq şəraitində yaşamasının zəmanətidir
Min illərdən gələn tarixi, zəngin mədəniyyəti, imperiyaları, hərbi zəfərləri, böyük sərkərdələri, alimləri və bü gün 7 müstəqil dövləti olan Türk milləti. 3 may tarixi avropalılara görə barbar, vəhşi, reallıqda isə ədaləti özünə şüar etmiş, 20-ci əsrin əvvəllərindən etibarən isə onlarca soyqırıma məruz qalmış türk millətinə qarşı olan sevginin məhkəmələrdə hüquqsuz olaraq mühakimə edildiyi günün il dönümüdür. Türkçülüyə - Türk milliyyətçiliyinə inanan şəxslər 100 il əvvəldən gələn Qaspıralı, Akçura, Gökal, Ağaoğlu, Hüseynzadə, Rəsulzadə, Atsız və s. türkçülük ideologiyasını formalaşdıranların yazdıqları böyük ideologiyanın millətimizə daim xoşbəxtlik gətirəcəyinə inanmaqdan bir an belə şübhə etmədilər. 20-ci əsrin əvvəllərində formalaşmağa başlayan Türk milliyyətçiliyi tarixi şəraitin artıq birlik-bərabərliyi zərurət halına gətirdiyi milli birlik konsepsiyasını işləyib hazırlmaq məsulyyətini öz üzərinə götürdü. 1900-cü illərdən başlayaraq Anadolu və Azərbaycan türklərinə qarşı erməni, rus və qərb dövlətlərinin həyata keçirdiyi soyqırımlarda 3 milyondan artıq soydaşımız öldürüldü. Çində kommunist rejim hakimiyyətə gəldikdən bu yana isə 10 milyondan çox uyğur türkü soyqırıma və assimilyasiyaya məruz qaldı. Belə faktlar türk millətinin birlik və bərabərlik içində yaşamasını bu günün reallıqlarında məcburi etdi. Beləcə türk milliyyətçiliyi millət olaraq özünü mühafizə instinkti kimi ortaya çıxdı.

Türk milliyyətçiliyi eyni zamanda 70 illik sovet təbliğatının əksinə şovinimzdən və irqçilikdən uzaq türk millətinin birlik və bərabərliyi, inkişafı, mədəniyyətinin dünyaca tanınması üçün aparılan mübarizədir. Mənsub olduğun milləti sevmək, onun inkişafı uğrunda çalışmaq, var olan dövlətini saxta ideologiyalardan, daxili və xarici düşmənlərdən qorumaq Türk milliyyətçiliyinin prinsiplərindəndir. Türk milliyyətçiliyi türk dövlətləri daxilində yaşayan bütün etnik qrupların hüquqlarına, eləcə də digər bütün millətlərin hüquq, torpaq bütövlüyünə hörmətlə yanaşır.

Ümumi türk milliyyətçiliyinin bir qolu olaraq var olan Azərbaycan türk milliyyətçiliyi də yuxarıda sadaladığımız prinsiplər üzərində qurulub. İlk olaraq Azərbaycan KİV-lərində böyük bir səhv olaraq millətə ad kimi seçilən “azəri” sözünə qarşı çıxırıq. Məlumdur ki, Azərbaycan sözünün kökü heç bir qrammatika kitabında “Azər” olaraq verilmədiyi üçün bu sözün sonuna “i” sonluğunu əlavə edib millətə ad qoymaq olmaz. Etnik olaraq deyiləcəksə, millət "Azərbaycan türkü", vətəndaşlıq termini olaraqsa, "Azərbaycanlı" sözündən istifadə etmək daha doğrudur. Bundan əlavə Azərbaycan türk milliyyətçiliyinin əsas hədəfi dövlətimiz daxilində milli birliyin bərpa edilməsi və qorunmasıdır. Tarixdə bir çox halda Azərbaycan türkünün milli birliyə sahib olmaması başımıza bir çox fəlakətlər gətirdiyi açıqca görülür. Xanlıqlar dövründə Çar Rusiyası, 1920-ci ildə isə Sovet Rusiyası işğalı Azərbaycanda milli birliyin lazımı səviyyədə olmamasının nəticəsidir.

Sözümüzün sonunda millətimiz və xalqımız bilməlidir ki, Azərbaycan türk milliyyətçiliyinin romantika və ya xəyalpərəstlik ilə əlaqəsi yoxdur. Əksinə bu günkü reallığı dərk edərək dövlətimizin gələcəyi, inkişafı, millətimizin isə milli birliyinin daha da gücləndirilməsi üçün bütün gücü ilə mübarizə aparmağı qarşısına əsas məqsəd olaraq qoyub. Azərbaycan türk milliyətçiliyi millətimizin özünü müdafiə instinkti, milli birliyimizin və ədalətin simvolu, Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamasının zəmanətidir. Nihal Atsızın da dediyi kimi “Bizdən qoparılanları geri almaq ədalətin yenidən bərpasi deməkdir”.


EDERKON
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed