Şrift:
Azərbaycan Türkiyədə keçiriləcək hərbi sərgidə yeni silahlarını nümayiş etdirəcək
06.05.2013 [13:20] - Xəbərlər, Hərb
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, səfərdə məqsəd mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "IDEF-2013" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

"IDEF-2013" sərgisində ilk dəfə olaraq 7,62x54 mm-lik "Gürzə" pulemyotu, 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək.

Sərgidə 36 ölkədən 500-dən çox şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində nazir Yavər Camalovun sərgiyə ev sahibliyi edən Türkiyənin dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed