Şrift:
“Türk Dünyasının mədəni inteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili” mövzusunda keçirilən konfransın iştirakçılarının Müraciəti
11.11.2011 [11:53] - Türk dünyası-Turan

“Müasir İnkişaf” İctimai Birliyinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşkilatçılığı

Azərbaycanda Atatürk Mərkəzi və Türk Ocaqlarının Bakı Təmsilçiliyinin mənəvəi dəstəyi, “Trend” İnformasiya Agentliyinin və www.day.az saytının informasiya dəstəyi ilə

“Türk Dünyasının mədəni inteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili”

mövzusunda keçirilən konfransın iştirakçılarının


Müraciəti



Bakı şəhəri 10 noyabr 2011-ci il




Sovet imperiyasının çökməsindən sonra Türk dövlətləri və xalqlarının qarşısında inteqrasiya üçün əlverişli şərait yaranmışdır. Türk Dünyasının öndə gələn insanları, ziyalıları yaranmış bu fürsətdən yararlanaraq birlik istiqamətində ciddi addımlar atdılar. İnteqrasiyada mühüm rol oynayan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (Türk Konseyi), Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRK PA), Türk Dünyasının Mədəniyyət Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Dünyasının Ağsaqqallar Şurasının yaradılması məhz bu gərgin fəaliyyətlərin nəticəsidir. Proses hələ başa çatmayıb. Bundan sonra görülməli olan işlərin sırasında adıçəkilən təşkilatların daha da gücləndirilməsi və Türk Dünyasının mədəni, ictimai, iqtisadi sahədə daha da möhkəm bir şəkildə birləşməsidir.


Türk Dünyasının birliyində, xüsusən mədəni inteqrasiyasında Ortaq Əlifba və Ortaq Ədəbi Dilin mövcudluğu, Ortaq Tarix və Ədəbiyyat kitablarının hazırlanması çox böyük əhəmiyyətə malikdir. XX əsrin əvvəllərində bununla bağlı çox geniş çalışmalar həyata keçirildi, sadəcə olaraq Sovet imperiyasının müstəmləkə siyasəti onun məntiqi ardıcıllıqla başa çatmasına mane oldu. XX əsrin 90-cı illərində, Türk dövlətləri ilk müstəqillik dövrlərində bununla bağlı geniş çalışmalar aparıldı və ciddi nəticələr əldə edildi. Ortaq Əlifba layihəsi hazırlandı və onun tətbiq edilməsi üçün qərarlar qəbul olundu. Təəssüflər olsun ki, onu həyata keçirmək mümkün olmadı. Ötən müddət ərzində bu istiqamətdə müəyyən çalışmalar olsa da konkret nəticə əldə edilmədi. Məhz bu səbəbədən 2010-cu ilin sentyabr ayından etibarən bugünkü tədbirin təşkilatçıları olan qurumlar Ortaq Əlifba, Ortaq Ədəbi Dil, Ortaq Tarix, Ortaq Ədəbiyyat kitabları ilə bağlı dövlət başçılarına Müraciət hazırlayaraq 100-dən çox ictimai təşkilat, siyasi partiya, media təmsilçisinə, millət vəkilinə imza atdırmışdır. Kampaniya daha da genişlənmiş, Azərbaycanda, Türkiyədə, Kiprdə aparıcı təşkilatların nümayəndələri tərəfindən böyük diqqət və rəğbətlə qarşılanmış, dəstəklənmişdir. Nəhayətdə türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi) baş katibi Xəlil Akınçı da bu ideyanı dəstəkləmişdir.


Bugünkü konfransın iştirakçıları olaraq görülən işləri təqdir edir, gələcəkdə də bu işin davam etdirilməsi üçün dəstək verdiyimizi bəyan edərək, yardım etməyə hazır olduğumuzu diqqətə çatdırırıq. Eyni zamanda onun reallaşması üçün aşağıdakı təklifləri və fikirləri müvafiq orqanlara yetirməyi təşkilatçı qurumlardan xahiş edirik:

1. Ortaq Əlifba, Ortaq Ədəbi Dilin yaradılması, Ortaq Tarix və Ortaq Ədəbiyyat kitablarının hazırlanması ilə bağlı ideyanı və bu istiqamətdə 2010-cu ildən bəri həyata keçirilən çalışmaları dəstəkləyirik.

2. Bu işlərin davam etdirilməsini və daha da genişləndirilməsini bəyənir, bunun üçün dəstək olacağımızı bəyan edirik.

3. Konfransın yekun nəticələri ilə bağlı Türk Konseyinin, Türk PA-nın, TÜRKSOY-un, Türk Dünyasının Ağsaqqallar Şurasının, Türk Akademiyasının, Türk dövlətlərinin başçılarının məlumatlandırılmasını, onlardan bu istiqamətdə görülən işlərə dəstək olmalarını xahiş etməyi məqbul sayırıq.
Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed