Şrift:
9 min nəfərə amnistiya verildi
08.05.2013 [14:14] - Gündəm, Sosial
Milli Məclisin dünənki iclası mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olundu

Zeynəb Xanlarova: «Vaxtilə bəzi insanlar «Azərbaycan xalqını Vəzirovun ətrafında birləşdirin» deyirdilər, amma indi Prezident Administrasiyasında otururlar»

Dünən Milli Məclisin mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş növbəti iclası keçirildi. Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də parlamentin gündəliyinə daxil edilmişdi.
Öncə spiker Oqtay Əsədov mərhum prezidentin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışdı. Mərhum dövlət başçısını tarixi şəxsiyyət, qeyri-adi keyfiyyətlərə malik siyasətçi, vətənini sevən bir insan kimi xarakterizə edən spiker qüdrətli Azərbaycanı məhz Heydər Əliyevin nişanəsi kimi qiymətləndirdi: «Onun xidmətləri sayəsində Azərbaycan əvvəlcə siyasi və iqtisadi cəhətdən möhkəmləndi, sonra müstəqilliyini gücləndirdi. Heydər Əliyevin sayəsində ölkəmiz ötən əsrin 60-cı illərinin sonlarında çox ağır sınaqlardan çıxa bildi. Bu qeyri-adi keyfiyyətlərə malik insanın 1969-cu ildə Azərbaycana rəhbərlik etməsi ölkəmizin dərin tənəzzüldən çıxmasına gətirib çıxardı. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Keçmiş ittifaq respublikalarından mərkəzdən maliyyələşməyən iki respublikadan biri Azərbaycan oldu».
Parlament sədri Heydər Əliyevin ikinci rəhbərliyi dövründə də Azərbaycanın qazandığı nailiyyətlər, hüquqi dövlət, demokratik təsisatlar, torpaqlarını müdafiə etməyi bacaran milli ordunun formalaşmasının ən ümdə məsələ olduğunu xatırlatdı. Spiker həmçinin Heydər Əliyevin parlamentə göstərdiyi diqqət və qayğı haqqında da geniş danışdı. O bildirdi ki, ümummilli liderin imzası ilə parlamentə 1500-ə qədər qanun və layihə, hüquqi sənədləri daxil olub: «Heydər Əliyev siyasətdə mümkün olmayanı bacardı, güclü dövləti qurdu. İnanıram ki, Heydər Əliyevin dühasından güc almış Azərbaycan xalqı daim var olacaq, əbədiyyətə qədər yaşayacaq».
Millət vəkili Fəttah Heydərov isə çıxışında bildirdi ki, Heydər Əliyev bütün həyatını Azərbaycana, Azərbaycan xalqına həsr etmiş şəxsiyyətdir: «Bütün həyatı boyu H.Əliyev yalnız və yalnız Azərbaycan insanının yaxşı yaşaması üçün çalışıb. Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində Heydər Əliyev bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Heydər Əliyev nə qədər ki, Azərbaycana rəhbərlik edib, Azərbaycan inkişaf edib. Gəlin Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. Heydər Əliyev Azərbaycanda olmayanda ölkə torpaqlarının 20 faizini itirib, Xocalı faciəsini yaşamışıq. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf edib, dünya dövlətləri arasında layiqli yer tutub».
Fəttah Heydərov qeyd etdi ki, bu mübarizə Heydər Əliyevin səhhətinə təsirsiz ötüşməyib: «Bu gün Heydər Əliyev yolunu varisi, əziz övladı İlham Əliyev davam etdirir. Ulu öndər ölməzdir, yenə də bizimlədir».
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də çıxış edərək görkəmli dövlət xadiminin gördüyü işlərdən, Azərbaycan xalqına xidmətlərindən danışdı: «Heydər Əliyev Azərbaycanın böhranlı vəziyyətində həmişə xilaskar missiyasını yerinə yetirib. O, bu və ya digər qərarı qəbul etməzdən öncə hər kəsi dinləyib, təklifləri öyrənirdi. Heydər Əliyevin rəyi həmişə həlledici olurdu. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması nəticəsində sonda hər kəs Heydər Əliyevin qərarı ilə razılaşırdı. Ən məsuliyyətli və çətin qərarları özü təkbaşına qəbul edirdi. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümlülüyü yox idi. Təşəbbüskarlığı və mütərəqqi ideyaları dəstəkləyirdi. Əldə olunan uğurlara görə sevinirdi. Heydər Əliyev güclü rəhbər kimi hər kəs tərəfindən qəbul edilirdi. Məhz bu səbəbdən də 1993-cü ildə bir zaman onun əleyhinə səs verən deputatlar da onun qayıdışa səs veriblər. Heydər Əliyevin bir çağırışı kifayət etdi ki, heç bir təşkilatlanma olmadan insanlar meydana çıxıb onu müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd zamanı on minlərlə insan Prezident Administrasiyasının qarşısına axışaraq onu müdafiə etdilər. 1993-cü ildə Heydər Əliyevin qayıdışı millətin şərəf və ləyaqətini xilas etdi. Dövlətçiliyin əsasları qoyuldu, uğurlu sosial-iqtisadi siyasət həyata keçirildi».
Komitə sədri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən göz yaşlarına sahib ola bilmədi. Çıxışının sonunda Arif Rəhimzadə göz yaşlarını tuta bilməyərək sözlərini bir neçə dəfə yarımçıq saxlamalı oldu. Məclis iştirakçıları onu uzun müddət alqışladılar.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da tarixi şəxsiyyətlərin millətin gücünü, əzəmətini göstərdiyini vurğuladı: «Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Bu il Heydər Əliyevin 90 illiyi xalq sevgisi və böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan xalqına xidmət edir».
Daha sonra xalq artisti Zeynəb Xanlarova Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirlərini bölüşdü: «O, elə bir dahidir onun haqında yazılan kitablar, deyilən sözlər onun qarışısında çox sönük görünür. O, Allah tərəfindən yer üzünə göndərilən bir möcüzədir. Xoşbəxt xalqıq ki, Heydər Əliyev bizim payımıza düşüb. Hər kəsə bir istedad verilib. Mənə oxumaq istedad verilib. Danışığımı mənə bağışlamaq olar. Hərdən çox əsəbləşirəm, gülürəm, o insanlara ki, Heydər Əliyevə qarşı çıxırdılar. Vaxtilə bəzi insanlar «Azərbaycan xalqını Vəzirovun ətrafında birləşdirin» deyirdilər. İndi də Heydər Əliyevin çörəyini yeyib, Prezident Administrasiyasında otururlar. Heç kim məndən inciməsin. Mən ürəkdən Heydər Əliyevin ailəsinə bağlı insanam. Nə qədər həyatda yaşayıramsa, o bağlılıq məndə sönməyəcək. «91-lər» mənim evimə toplaşanda Sirus Təbrizli deyirdi ki, bu kişinin çörəyini yeyirlər, amma onların qapısına gedirəm, deyirlər ki, «uzaq eləyin» indi həmin adamlar «Heydər Əliyev, İlham Əliyev» deyirlər. Sonra da deyirlər kişi sözü. Dünən bir cür, bu gün bir cür olmayın. Sevirsinizsə, o vaxt da sevərdiniz».
Oqtay Əsədov Zeynəb xanımın çıxışına müdaxilə edərək «indi ağılları başlarına gəlib» deyə reaksiya verdi.
Zeynəb Xanlarova isə bu replikadan sonra çıxışını davam etdirdi: «Vallah, mən hələ hər şeyi demirəm, amma Prezident Aparatında elə insanlar var ki, təxribatı yaradanlar onlardır. Halbuki, hər şeyi müxalifətin boynuna atırlar. Oqtay müəllim, adamın düşməni olanda bilirsən ki, düşmənin var, düşməndən özünü qoruyursan. Düşmən də var ki, sənin qabağında obraza girir, artistlik edirlər. Necə ki, mənim üçün artistlik deyirlər, həmin adamlar anadangəlmə SSRİ xalq artistdidirlər».
Zeynəb Xanlarova çıxışını prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə bağlı ürək sözlərilə yekunlaşdırdı: «Boğazdan yuxarı nə qədər söz demək olar, qoy, ürəkdən gələn sözləri deyək. İlham müəllimin hakimiyyətə gəlməyi hər kəsi çox sevindirdi. Mehriban xanımı isə Janna Darka oxşadıram. O, Azərbaycanın Dianasıdır, yetim-yesir anasıdır. Yeddi-səkkiz prezident görmüşəm. Heç bir qadın bu qədər insanların içində olmayıb. Məktəblərdir, bağçalardır, hamının əlləri göydədir Allah bu ailəni Azərbaycan xalqından əksik etməsin. İsraildə olan tanışlarımızdan biri deyir ki, Leyla xanım bu qədər işləri necə görür? Deyirəm ki, o böyük siyasətçinin ailəsində yetişib».
Spiker Oqtay Əsədov Zeynəb Xanlarovanın az, ancaq ürəkdən danışdığını bildirməklə münasibətini bildirdi.
Daha sonra yeni Amnistiya aktının qəbul olunması ilə bağlı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən parlamentə təqdim olunmuş qanun layihəsi müzakirəyə çıxarıldı.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva çıxışında Heydər Əliyevin ailə üzvü kimi mərhum prezidentin sadəliyindən, xeyirxahlığından, mərhəmətli olmasından danışdı: «Sadə insanlara qarşı münasibətdə çox sadə davranırdı. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarından ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Amma o, prezident seçiləndən sonra bu adamların əksəriyyətini bağışladı və bir daha öz böyüklüyünü göstərdi. Bu gün müzakirə etdiyimiz amnistiya aktı da əslində bağışlamaq nümunəsidir».
Mehriban Əliyeva amnistiya aktının H.Əliyevin 90 illik yubileyi ərəfəsində qəbulunun böyük rəmzi xarakter daşıdığını da bildirib: «Bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan humanizm ideyaları olub. Diqqətinizə təqdim olunan qərarda 9 min şəxsin amnistiyaya düşəcəyi, onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir. İnanıram ki, azadlığa çıxan insanlar bir daha gələcəkdə belə səhvlərə yol verməyəcəklər, cəmiyyətdə öz yerlərini tutacaqlar».
Amnistiya aktı barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır: «Çünki bu gün insanların düşüncəsində Heydər Əliyev irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Çünki məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi».
Komitə sədrinin sözlərinə görə, sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub: «Artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi- Avropa və Avropa ölkələri ilə bir sıradadır. Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən üçdə biridir».
Səsvermə nəticəsində amnistiya aktı Milli Məclis üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Cavanşir Həsənli
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed