Şrift:
Xaçmazda gərginlik davam edir; tutulanlar, işdən çıxarılanlar var
10.05.2013 [13:52] - Gündəm, Hadisə
Xaçmaz rayonunda gecə həbsləri başlayıb.Rayondakı müxalifət fəalları polis tərəfindən həbs olunub və hazırda həbslər davam edir. İndiyədək 10 nəfərin həbs olundugu bildirilir. Həbs olunanlar arasında Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrah da var. O, mülki geyimlilər tərəfindən evindən çıxarılaraq rayon polis şöbəsinə aparılıb.

Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq, hərbçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə o, təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışmasına səbəb olub. Xudatda bir neçə saatlıq fasilə ilə iki dəfə aksiya keçirilib. Gecə yarısı aksiya iştirakçılarını Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sakitləşdirib. O, sakinlərə söz verib ki, günahkarlar cəzalarını alacaqlar. Amma bundan sonra həbs olunanlar müxalifətçilər olublar.

Tutulanlardan Ələddin Mirzəyev və avtoqəzanın şahidlərindən olan digər vətəndaş Xaçmaz rayon polis şöbəsinə gətirilib. Onların məhkəməyə aparılacağı gözlənilir. Bu saata bölgədə sakitlikdir, hər hansı kütləvi aksiya müşahidə olunmur.

Reportyorlarımızın verdiyi xəbərə görə,saat 9 radələrində, rayon məhkəməsinin kollektivi işə gələr-gəlməz Müsavat Partiyasının Xaçmaz raon təşkilatının sədri Heybət Əmrah və rayon təşkilatının keçmiş sədri Ramazan Əliyevin qardaşı Fikrət Əliyev rayon məhkəməsinə gətiriliblər. Onların barəsində inzibati cəza tədbiri seçiləcəyi güman olunur (Lap aşağıdakı şəkildə Heybət Əmrahın və Fikrət Əliyevin polis maşınında məhkəməyə necə aparıldığı əks olunub. “V” (“Viktory”)işarəsi göstərən şəxs Heybət Əmrahdır).



Heybət Əmrah məhkəməyə daxil olarkən dedi ki, ötən gecə saat 3-ün yarısı onu evdən aparıblar: “Məni Xudat polisinə gətirdilər və hadisə vaxtı orada olub-olmadığımı soruşdular. Söylədim ki, hadisə yerində olmamışam. İzahat yazdırdılar”. F.Əliyev isə hadisə baş verərkən mağazadan evə getdiyini bildirdi: “Mən təsadüfən hadisənin şahidi olmuşam. Buna görə məni həbs etmək düzgün deyil”.
Aldığımız son məlumata görə, mayın 9-u axşam saatlarında sərhəd qoşunlarının komandanı Elçin Quliyevlə yanaşı daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Sumqayıt hərbi prokuroru, çevik polis alayının rəhbərliyi və digər yüksək çinli dövlət məmurları Xudata gəliblər. Eyni zamanda Bakıdan çevik polis alayının qüvvələri də Xudata gətirilib. Hələlik onların gücündən istifadə olunmur.



“Xudatda baş verən adi bir nəqliyyat hadisəsidir. Sadəcə, bəzi destruktiv qüvvələr bu hadisədən istifadə edərək, yalan məlumat yaymaq, süni gərginlik yaratmaq istəyiblər”. Bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib.


General bildirib ki, bu gün günorta saatlarında Xudat şəhərində Xudat Sərhəd Dəstəsinin rəisi, polkovnik Rövşən Səfərova məxsus avtomobil başqa bir maşınla toqquşub, hadisə nəticəsində xəsarət alan olmayıb: “Qəza baş verən anda sürücülər qaydanı kimin pozması ilə bağlı bir az mübahisə ediblər. Bu hər bir yol-nəqliyyat hadisəsində yaşanan ənənəvi haldır. Sonra da bir-birilə anlaşıb, barışıblar. Məsələ bununla da bitib. Sadəcə, qəza hadisəsini yaxınlıqdakı çayxanadan izləyən bir neçə müxalifətçi gərginlik yaratmağa, adi yol-nəqliyyat hadisəsindən istifadə etməyə çalışıblar. Lakin tərəflər onlara əhəmiyyət verməyiblər. Bu antimilli şəxslərin rayonda gərginlik yaratmaq cəhdləri baş tutmayıb”.



DSX rəisi bildirib ki, o, özü də Xudata gəlib, hadisəni yerində araşdırıb: “ Qeyd elədiyim kimi hadisə ilə bağlı heç bir şikayətçi yoxdur. Burada yerli əhali ilə də görüşdüm, qəzadakı digər tərəfi də dəvət edib, dinlədim. Onun da heç bir narazılığı yoxdur. Yəni rayonda hansısa gərginlik yoxdur, etiraz aksiyası da keçirilməyib”.



Xatırladaq ki, bu gün hadisə ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov da APA-ya danışıb. O bildirib ki, mətbuatda Xudatda etiraz aksiyası olması ilə bağlı yazılanlar həqiqəti əks etmir: “Rayonda heç bir aksiya keçirilməyib”.

Ən son məlumata görə, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin əmri ilə hadisənin səbəbkarı Rövşən Səfərov tutduğu vəzifədən kənarlaşdırılıb.


Əməkdaşlarımızın Xaçmaz məhkəməsindən verdikləri xəbərə görə, bu gün səhər ertədən məhkəməyə gətirilən müxalifət fəalları Heybət Əmraha və Fikrət Əliyevə 10 sutkalıq həbz cəzası verilib.


Məhkəmədən çıxarılıb müvəqqəti təcridxanaya aparılarkən Heybət Əmrah “Yeni Müsavat”ın reportyorlarının sualına cavab olaraq bildirib ki, həbsinin motivlərindən xəbərsizdir: “Vallah, niyə həbs edildiyimi bilmirəm. Hadisə baş verən vaxt evimdə olmuşam”.

Qeyd edək ki, həbs olunanlar hadisələri qızışdırmaqda ittiham olunublar.

Elçin Quliyev isə heç bir hadisənin, insidentin, aksiyanın baş vermədiyini deyib.

Belə çıxır ki, H.Əmrah və F.Əlieyv baş verməmiş hadisəni, olmamış insidenti, keçirilməmiş aksiyası qızışdırıblar.

Versiyalardan birinə görə isə, H.Əmrahın “günahı” baş vermiş hadisə barədə sosial şəbəkədə xəbər paylaşması olub. Bu isə hakimiyyət adamlarının xoşuna gəlməyib.

10 sutka həbs cəzası alaraq məhkəmədən çıxan F.Əliyev də polis maşınına mindirilərkən reportyorlarımıza deyib ki, ona heç bir günahı olmadan həbs veriblər və üzünə adam durdurublar: “Guya aksiyada iştirak etmişəm”.



Son xəbərə görə, daha iki nəfərə – Ələddin Rzayev və Nüsrət Qarayevə də 10 sutkalıq inzibati həbs cəzası verilib. Onlar sıravi vətəndaşlardır.



Həbs olunanlara cəzanı Xaçmaz rayon məhkəməsinin sədri Əlövsət Paşayev kəsib.
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed