Şrift:
Neftin ucuzlaşması dövlət büdcəsinə necə təsir etdi
13.05.2013 [11:10] - Gündəm, İqtisadiyyat
Son bir ayda dünya bazarında neftin davamlı şəkildə ucuzlaşması baş verməkdədir. May ayında qara qızıl daha 4 faiz ucuzlaşıb. Azərbaycan neftinin satıldığı əsas birjalarda neftin ucuzlaşması müşahidə edilir. Məlumata görə, "Brent" markalı neftin bir barelinin dəyəri 2,42 dollar və ya 2,4% azalaraq 99,95 dollar səviyyəsində müəyyənləşdirilib. Nyu-York əmtəə birjalarında keçirilən elektron ticarət əməliyyatlarının gedişində də neftin ixracına dair iyun müqavilələrinin dəyəri 2,43 dollar və ya 2,6% azalaraq bir barelə görə 91,03 dollar təşkil edib.

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində neftin baza qiyməti bir barel üçün 100 dollar səviyyəsində nəzərdə tutulub. Bu tendensiya neft gəlirlərinə və büdcə ödənişlərinə təsir edə bilərmi?
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev mətbuata verdiyi açıqlamada qeyd edib ki, ölkəmizin illik neft hasilatı təxminən 42 milyon ton təşkil edir ki, bunun da 35 milyon tonu ixrac olunur. Azərbaycan hər il orta hesabla 30 milyard dollar dəyərində xam neft ixrac edir. Azərbaycan neftinin dünya bazarındakı ötən aydakı orta qiyməti bir barel üçün 105,42 dollar təşkil edib, cari ilin ilk 4 ayında Azərbaycan neftinin orta qiyməti bir barel üçün 112,93 dollar olub ki, bu da dövlət büdcəsində nəzərdə tutulan baza həddindən 12,93 dollar və ya 13% artıqdır. Cari ilin aprel ayında dünya bazarında "Brent" markalı neftin bir bareli 101,92 dollara, "Urals" nefti - 101,82 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 104,57 dollara satılıb. Ötən ilin apreli ilə müqayısədə "Brent" markalı neft 14,7%, "Urals" markalı neft 13,4%, "BTC FOB Ceyhan" tipli xam neft isə 14,6% ucuzlaşıb. ARDNŞ ölkədə neftdən gələn gəlirlərin müəyyən olunmuş öhdəlikləri yerinə yetirməyə, eləcə də büdcə gəlirlərini tam qarşılamağa kifayət edəcəyinə əmin edir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinə təsir etməyəcək, bu tendensiya Dövlət Neft Fondunun gəlirlərinə mənfi təsir edə bilər, amma real proqnozlar DNF-in də gəlirlərinin azalmayacağını deməyə əsas verir. Nazir müavini əlavə edib ki, neftin qiymətinin dəyişməsi iqtisadi amillərdən daha çox mövsümi səbəblərlə bağlıdır və bir qədər sonra qiymətlər əvvəlki həddinə qayıdacaq: "Qış mövsümünün başa çatdığı zamanlarda yanacağa və enerjiyə tələbatın aşağı düşməsi ənənəvidir. Buna görə də bir qədər sonra qiymətlərin yenidən əvvəlki həddinə qayıtmasını gözləyirik və yekun qiymət hətta 2013-cü ilin büdcəsində nəzərdə tutulandan da artıq ola bilər".
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed