Şrift:
Torpağın erroziyaya uğramaması üçün nə etmək lazımdır?
13.05.2013 [11:17] - Xəbərlər, Sosial
Bir müddət öncə Kənd Təsərrüfatı nazirinin müavini Bəhram Əliyev jurnalistlərə açıqlamasında deyib ki, respublikada torpaqların erroziyasının aradan qaldırılması üçün görülən işlər qənaətbəxş deyil.
Onun sözlərinə görə, Azərbaycanın 2,8% ərazisi erroziyaya uğrayıb ki, bu da 3 mln. 610 min hektar sahə deməkdir. Həmçinin 1 milyon hektardan artıq torpaq şoranlaşıb.
Nazir müavini vurğulayıb ki, bu gün torpaqlar əkinçilik üçün yararlı vəziyyətə gətirilməli və ərzaq təhlükəsizliyində mühüm rol oynamalıdır: "Düşünürəm ki, bu gün çox aktual məsələlərdən biri də torpaq problemidir. Əgər torpaqlar münbit hala gətirilərsə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı daha da arta bilər. Amma, təəssüf ki, erroziyaya uğramış torpaqlar artıq öz münbitliyini itiribdir. Ukrayna və Rusiyaya baxsaq, torpağın qumus qatında məhsuldar bitkilər əkilir və yetərincə məhsul istehsal etmək olur. Azərbaycanda da məhsuldarlığın artırılması üçün torpaqların qumus qatını artırmalı, erroziyadan uzaqlaşdırmalıyıq. Bu məsələ tək kənd təsərrüfatının problemi deyil. Torpaqların dövriyyəyə gətirilməsi üçün meliorasiya işləri düzgün qurulmalı və xəritələşmə problemi həll edilməlidir.
Erroziyanın yaranması, onun aradan qaldırılması yollarını öyrənmək məqsədilə suallarımız aqronom Namiq Həsənova müraciət etdik.
N.Həsənovun sözlərinə görə, torpaq erroziyası mürəkkəb bir proses olub onun əmələ gəlməsi və inkişafına təbii-tarixi amillər, eləcə də insanların bir sıra düzgün olmayan təsərrüfat fəaliyyəti halları böyük təsir göstərir: “ Yamaclarda bitki örtüyünün məhv edilməsi, əkin sahələrində erroziyaya qarşı mübarizə tədbirlərinin aparılmaması, torpağın üzü aşağı şumlanması, mal-qaranın sistemsiz otarılması, suvarma texnikasına düzgün riayət olunmaması su axınının əmələ gəlməsinə, bu prosesin şiddətli getməsinə səbəb olur. Hazırda respublikamızın ərazisində bir-birindən fərqlənən su və külək erroziyası geniş müşahidə edilir. Bununla yanaşı, şiddətli parçalanmış və erroziyaya uğramış çay hövzələrində sürüşmə hadisələrinə, sel axınlarına tez-tez rast gəlinir. Külək erroziyasının da kənd təsərrüfatına vurduğu zərər böyükdür. Belə ki, əkin sahələrində səpilmiş toxumları külək sovurub məhv edir, torpağı qurudur və əkinəyararlı sahələr münbitliyini itirir, bitkilərin məhsuldarlığı azalır.
Qlobal istiləşmə də davam edən torpaq deqradasiyasına öz "töhfəsini" verir. Son 15-20 il ərzində yağıntıların azalması, havaların daha isti keçməsi də torpağın münbitliyinə mənfi təsir göstərir.
Yamaclarda torpaqların su-fiziki xassəllərini yaxşılaşdırmaq və bununla da yağış sularının tamamilə torpağa hopmasını təmin etmək üçün bitki örtüyü olmayan sahələrdə mədəni bitkilər əkmək, mineral və üzvi gübrələrdən geniş istifadə etmək lazımdır. Çoxillik otlar və başdan-başa səpilən bitkilər torpağı erroziyadan daha yaxşı qoruyur”.
Problemin aradan qaldırılmasına gəlincə N.Həsənov qeyd etdi ki, ağır texnikalardan minimum istifadə etmək, yanacaq və sürtgü materiallarına qənaət etmək, əkinə çəkilən xərcləri azaltmaq, suvarmaya sərf olunan suyun miqdarını minimuma endirmək, əmək sərfini azaltmaq, bitki qalıqlarını doğrayaraq sahədə saxlamaqla torpaqda yaşayan mikroorqanizmlərin və kiçik canlıların fəaliyyətlərini yaxşılaşdırmaqla torpağın münbitləşməsinə şərait yaratmaqdır. Bitki qalıqları parçalanaraq azot mənbəyi yaradır.
Digər bir məqsədimiz şoranlaşmış və erroziyaya uğramış torpaqlarda duzadavamlı ağaclar əkməklə biomüxtəlifliyi, çoxillik bitki örtüyünü bərpa etməkdir.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed