Şrift:
Ailə – millətin özünütəsdiqidir
15.05.2013 [11:38] - Gündəm, DAVAMın yazıları
Ailə bəşəriyyətin ən böyük tapıntısıdır. Hər il mayın 15-i dünyada Beynəlxalq Alə Günü kimi qeyd olunur. Birgəyaşamın bu ilahi, bənzərsiz biçimi insanlar tərəfindən hələ də ciddi səviyyədə dərk olunmur. Bu səbəbdəndir ki, ailə janrı son onillərdə ardıcıl basqılara məruz qalmaqdadır. Dünyanın oynaq, yeyin, daim insanı özündən ayıran əhvalı ailəçiliyə amansız zərbələrini vurmaqdadır. Təsirlər elə ustalıqla edilir ki, insanlar bu həmlənin nəinki könüllü qurbanları, hətta iştirakçıları, dayağı da olurlar.
Ailə – insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, yəni insanilik imkanlarının, kişiliyinin, qadınlığının aşkarlanma, təsdiq ünvanıdır.
Ailə – iki nəfərin sarsılmaz mənəvi-ruhani birliyidir, əxlaqın təsdiqi, doğmalığın, pünhanlığın ucalıq səviyyəsində dərkidir.
Türk üçün ailəçilik həmişə dəyərli, uca olub. Azərbaycan ailəçiliyi zamanlardan, dini tələblərdən uca ulusal səviyyəsində biçimini nə yaxşı ki, bu gün də qorumaqda, yaşatmaqdadır. Baxmayaraq ki, ardıcıl olaraq milli ailəçilik biçiminə qarşı basqılar davam edir.
***
Nədən çağdaş dünyanın başlıca hədəflərindən biri ailədir? Çünki insanın həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyini tapır.
Güclü ailəçilik millətin və dövlətçiliyin təsdiqi, əbədi yaşarılığı olur əslində. Ailə hər şeydən öncə millətin özünütəsdiqinin başlanğıcı sayıla bilər.
İnsan özünü anlamağa başladığı çağdan ailənin ömründə əvəzsizliyini anlayıb. Ailəçilik onu yırtıcı təbiətindən çıxaran inadın, inamın nəticəsi oldu. Ancaq minillər boyunca insan toplumda özünü tapa bilmədi: daxilindəki şər duyğular – qorxu, ağalıq, nökərlik, varidatçılıq, hərislik, xudbinlik, hərcayilik, ədalətsizlik, həsəd, şəhvətpərəstlik v.s. ölmədi, əksinə, tüğyan elədi. İnsan cəmiyyətdən qaçıb ailəyə sığınmağa məcbur oldu: o, cəmiyyətdə görmədiyi doğmalığı ailədə tapdı. Ancaq insan gördü ki, bunun özü də insanilik ölçüsü baxımından azdır. Dinlər, fəlsəfi baxışlar, çoxsaylı ideologiyalr insana çıxış yolu göstərmək iddiasında bulundular, ancaq bacarmadılar.
***
Azərbaycan-Türk insanı ailəçiliyini xilas etmək üçün ulusal dəyərlərinə güvəndi. Türk dinin ən asıb-kəsən çağlarında belə kütləvi şəkildə çoxarvadlığa getmədi. “Dədə Qorqud Dastanları”nda qadın “Başım baxtı, evim taxtı” - deyə öyülür. Türkün mənəvi özəllikləri onun ailəçiliyini minillərin o tayından indiyə kimi pis-yaxşı qoruyub. Ancaq ailəçiliyin, bütövlükdə ömrün, milli keyfiyyətin xilası, inkişafı üçün təkcə buna güvənmək azdır: olanları artırmaq, ucaltmaq gərək.
Tarixən ölkəmizdə ailə ənənələri möhkəm, davamlı olub. Ancaq son onillərdə soydaşlarımızın ailə həyatında ciddi problemlər müşahidə edilməkdədir. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanlarda reaksiya doğurur. Bunun zərbəsi isə ilk olaraq ailələrə, orada böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər yaradır. Zamanın bütün dəyişkənliyinə davam gətirmək, ailəni qorumaq, milliliyin tələblərinə əməl etmək son dərəcə çətin məsələdir. Gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara təsir edə bilməsin. Sosial-iqtisadi dəyişikliklər, bəlalar, fırtınalar toplumun özəyi olan ailələrdə müxtəlif əhvallar yaradır. Yüksək təminatlı ailələrin də problemləri var: belələrinin problemləri iqtisadi yox, daha çox mənəvi məsələlərlə bağlıdır. Yeni yaranan ailələrin anlaşa bilməməsi, xarakterlərində bir çox hallarda uyğunsuzluq ailəçiliyə ruhən hazır olmadıqlarının göstəricisidir.
Bu gün evlənənlərə dəbdəbəli cehiz verilməsi bəlası valideynlərin öz boğazlarına keçirdikləri ilgəkdir. Dəbdəbəli toylar edilir, ailələr borca girməli olur, nəticədə bu yükün böyük ağırlığı insanları ardıcıl sarsıdır. Bu, qanadları kövrək olan gənc ailələrin problemlərini daha da artırır, ailədə qovğaların, qalmaqalların, dedi-qoduların, sonda boşanmaların da yaranmasının özülünü qoyur.
***
Əsl ailəçilik insanın cəmiyyətçilikdən fərqlənməsinin sübutudur. Əgər ailə olmasaydı, o zaman insanın indiki səviyyəsi də olmayacaqdı. Birmənalı şəkildə demək olar, bu gün Qərbdə ailəsizlik fəlakəti mövcuddur. Qərb ümumiyyətlə, həyatın bir çox sahələrində öz iflasını gördüyü dərəcədə bunu xilas kimi Şərqə təqdim edir.
Azərbaycan ailəçiliyinin özülü, ənənələri nə qədər gözəl, qədim olsa da, həmişə daha çox bədiiyyata, yəni sözə güc vermişik. Tariximizin bütün çağlarında Azərbaycan ailəsinin problemləri də az olmayıb. Tarixən türk ailəçiliyinin özünəməxsusluğuna çox zərbə dəyib. Bütün çətinliklərə baxmayaraq, xəlqi bənzərsizliyimizin sübutlarından biri kimi Azərbaycan ailəçiliyi var olmalıdır.
***
Meydanda olan keyfiyyətlərimiz isə azdır. Bu, o deməkdir ki, təkcə ailəçiliyimizə deyil, ümumən yaşamımıza nəfəs verən möhtəşəm dünyabaxış gərəkdir. Çıxış yolu İnam Atanın (Asif Atanın) dünyabaxışıdır. İnam Ata hesab edir ki, ailə həyatdan artıq, yüksək olmalıdır: “Ailədə ötəri, keçici, sonlu həyati duyğular, fikirlərlə yaşamaq olmaz. Ailə özü keçici, hamımız ölümlü olsaq da, ata da, ana da, evlad da gec-tez həyatı tərk etsə də, əbədiliyə çatmasa da, fikirlər, ideyalar, prinsiplər əbədi, ülvi, müqəddəs olmalıdır. Həyat səviyyəsində ailə – ailəsizlikdir. Ata ailədə ciddi doğmalıq yaratmalıdır: ciddiyyət və doğmalıq, məsul doğmalıq. Ata evdəkilərin ağası deyil, onların doğması və başçısıdır. Doğma olduğun dərəcədə başçılığa haqqın var. Ana ailədə zəriflik, incəlik, doğmalığın özümləşməsi rəmzidir”.
Mütləqə İnam Ocağının Evlənmə Kuralları var. Ocaq qaydasına görə, evlənməyin məqsədi müqəddəsliyin sabaha çatdırılmasıdır.
Evlənənlər İnam Evində – Mütləqə İnam Ocağının Bayrağının qarşısında bir-birinə sədaqət andı içirlər. Evlənənlərə Ocaq adından beşik bağışlanır.
Mütləqə İnam Ocağı ulusal ruhumuzun sabah yaradan ənənəsi kimi çoxlu Beşikbaşı Mərasimi düzənləyib.
Mütləqə İnam Ocağından uğurlama almaq ailəni mənən, Ocaq tələbində böyütmək anlamındadır. Mütləqə İnam Ocağının “Evlənmə Kuralları” İnam Atanın Müqəddəs «Ruhani Hökmlər» Əsərindəki ailə ilə bağlı fikirləri əsasında biçimlənib.
Ailəçiliyin məqsədi – İnsanlığın yaşadılmasıdır.

Atamız var olsun!
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed